Səbail rayonunda doqquz ayın uğurları

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn məsələlər Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada ətraflı müzakirə olunmuşdur.

 

İclasda məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hesabat dövründə görülən işlərdən danışaraq bildirmişdir ki, 2012-ci ilin doqquz ayı ərzində rayonda 18463,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyatda 443,2 milyon manatlıq, rabitədə 660,9 milyon manatlıq xidmətlər göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2182,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,6 % artıqdır.

İlin əvvəlindən əhaliyə 289,6 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir, bu da ötən illə müqayisədə 47,7 % çoxdur. Səbail rayonunda çalışan işçilərin sayı 98891 nəfər, orta aylıq əmək haqqı isə 935,7 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 3,7 % yüksəkdir. 2012-ci ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1801 yeni yeri açılmışdır ki, bunların hamısı daimidir. Ümumiyyətlə, 2009-cu ilin yanvarından 2012-ci ilin sentyabr ayınadək rayonda 7311 daimi yeri açılmışdır.

Natiq daha sonra bildirmişdir ki, ilin əvvəlindən rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin üçüncü rübündə Prezident İlham Əliyevin iştirakı ilə əsaslı təmirdən sonra Səadət Sarayının, yeni tikilmiş beşulduzlu "Four Seasons Hotel Baku" mehmanxanasının, Badamdar qəsəbəsində 329 saylı tam orta məktəbin və uşaq bağçasının açılış mərasimləri keçirilmişdir. Ölkə başçısı Bayıldakı 49 saylı "İntellekt" məktəb-liseyin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olmuşdur.

Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, MTN-nin hospitalının və Oksford məktəbi üçün tədris korpusunun, "Azadlıq" meydanında yeraltı və "Fəvvarələr" meydanında yerüstü qarajların, Badamdar qəsəbəsində su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi aparılır. Dövlət Filarmoniyasında təmir, Səməd Vurğunun ev-muzeyininBadamdar qəsəbəsində "Könül" körpələr evinin əsaslı təmiri başa çatdırılmışdır. Dövlət Musiqili Komediya Teatrının, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın, 1200 şagird yerlik Müasir İstedadlar Məktəbinin inşası davam etdirilir. Mərkəzdə və Bayıl dairəsində yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, Bayıl dairəsindən Əhəd Yaqubov küçəsi istiqamətində yeni yolun çəkilişi, Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Bibiheybət qəsəbəsində mədəniyyət evi və kitabxananın əsaslı təmiri, "Qız qalası"nda bərpa və konservasiya da uğurla həyata keçirilir.

"Abad həyət" layihəsi əasında Badamdar qəsəbəsində 2 həyət əsaslı təmir olunmuş, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbi, 7 və 49 saylı orta məktəblər üçün yeni korpuslar istifadəyə verilmişdir. 50 və 203 saylı orta məktəblərin binalarında əsaslı təmir başa çatmışdır. 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi davam edir. 44 saylı uşaq bağçasında, 1 saylı şəhər poliklinikasında və 3 saylı vərəm əleyhinə dispanserdə, Bibiheybət mədəniyyət evində əsaslı təmir işləri aparılır. Səbail RİH-in və Bakı şəhər Prokurorluğunun binalarının və F.Əmirov küçəsi - 1 və 2 ünvanlardakı 16 mərtəbəli yaşayış binalarının fasadlarının təmir-yenidənqurulmasına başlanmışdır. 9 ay ərzində rayondakı respublikayerli əhəmiyyətli yollara 267,1 min kvadratmetr asfalt çəkilmişdir.

Hesabat dövründə Səbail rayonunun təsərrüfat xidmətlərinin fəaliyyəti, sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, mənzil fondunun qorunması və meydana çıxan problemlərin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər də nəzərdən keçirilmiş, qeyd edilmişdir ki, narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 10638 olmuşdur.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2012.- 16 oktyabr.- S. 6.