Azərbaycan-İran münasibətləri dostluq və qardaşlıq məcrasındadır

 

Ölkələrimiz arasında əlaqələrə kölgə salmaq istəyənlərin bəd niyyətləri heç zaman baş tutmayacaq

 

Öz dövlət müstəqilliyinin 21-ci ildönümünü qeyd edən Azərbaycan Respublikasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri də dünya ölkələri ilə, xüsusən, yaxın qonşuları ilə münasibətlərdə qazandığı inam və etimaddır. Rəsmi Baki Rusiya Federasiyası, İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, Gürcüstan , Qazaxıstan və Türkmənistanla əməkdaşlığın genişləndirilməsi üçün daha böyük səylər ortaya qoyur.

 

Bu isə Heydər Əliyev xarici siyasət kursunun ən mühüm tərkib hissələrindəndir. Ulu öndər gənc müstəqil Azərbaycan dövlətinin öz yaxın qonşuları ilə daha dərindən əməkdaşlığına xüsusi önəm verirdi". Mən bildirmək istəyirəm ki, dövlətimizin siyasəti, şəxsən Prezident kimi mənim siyasətim İran İslam Respublikası ilə əlaqələrimizi bütün sahələrdə günişləndirmək, inkişaf etdirmək məqsədi daşıyır. Həm iqtisadi əlaqələri, həm humanitar, elm, mədəniyyət və bütün başqa sahələrdə əlaqələri inkişaf etdirmək istəyirik və etdirəcəyik"-deyən ulu öndər bu istəyinə, sözün həqiqi mənasında, nail ola bilmişdi. Məhz onun ciddi-cəhdləri nəticəsində Azərbaycan- İran münasibətləri dostluq və tərəfdaşlıq çərçivəsindən çıxaraq qardaşlıq münasibətləri səviyyəsinə yüksəlmişdi.

Azərbaycan və İran xalqlarının bəxtinə yazılan əsas məqamlardan biri də Prezident İlham Əliyevin və Prezident Mahmud Əhmədinejadın ölkələrimiz arasında yaradılmış səmimi dostluq münasibətlərini daha da inkişaf etdirmək istiqamətində atdıqları qətiyyətli və səmərəli addımlardır. Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxaq təşkilatların tribunasından dönə-dönə vurğulamışdır ki, Azərbaycanın xarici siyasətinin əsasını heç bir ölkənin daxili işlərinə qarışmamaq və kiminsə özünün daxili işlərinə qarışılmasına imkan verməməkdən ibarətdir. İranda uranın zənginləşdirilməsi məsələsi beynəlxalq aləmdə geniş müzakirə mövzusuna çevrilərkən Azərbaycan rəsmilərinin bu məsələdə nümayiş etdirdiyi mövqe İranı həmişə qane etmişdir. Eləcə də İrana qarşı sanksiyaların tətbiqi məsələsi gündəliyə gətirilərkən, xüsusən, Tehrana siyasi təzyiqləri hərbi müdaxilə müstəvisinə gətirmək çağırışı səslənəndə Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etmişdir ki, Azərbaycan öz ərazisindən və ya öz hava məkanından hansısa qonşusunun vurulmasına imkan verməyəcək.

Azərbaycan rəhbərliyinin bu mövqeyi Tehranda hamıya məlumdur və bütün siyasətçilər tərəfindən yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, bu il may ayının 25-də Azərbaycanın Respublika Günü ərəfəsində dövlət başçımız İlham Əliyevə təbrik məktubu göndərən İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejad əmin olduğunu bildirirdi ki, Tehranla Bakının birgə həyata keçirdiyi siyasi -diplomatik işbirliyi təkcə ölkələrimizin daha da qüdrətlənməsində deyil, eləcə də regionda və dünyada sülhün bərqərar olunmasında, xeyirin şər üzərində qələbəsinin təmin edilməsində xüsusi rol oynayacaqdır. Əlbəttə, son 20-22 ildə şər qüvvələrin törətdiyi terror, təxribat və separatizmdən böyük əziyyət çəkən, çoxsaylı itgilər verən Azərbaycanın şərə qarşı aparılan istənilən mübarizəni alqışlaması və dəstəkləməsi tamamilə təbii bir mövqedir.

Azərbaycan - İran münasibətləri barədə söz açarkən bu ilin əvvəlindən etibarən başlanan, Bakıda keçirilən "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində isə öz pik nöqtəsinə çatan qarşılıqlı ittihamar barədə də söz açmamaq mümkün deyil. Xüsusən, ona görə ki, bəzi xarici qüvvələrin maraq dairəsində olan elə məsələlər var idi ki, onları həm İrandakı, həm də Azərbaycandakı bəzi insanlar gah bilərəkdən, gah da küyə gedərək körükləyirdilər. Məsələ istər-istəməz böyüyür və tərəflərin nota mübadilıəsi təkrarlanırdı.

Dövlətlərarası münasibətlərə hansısa bir xələl gətirə biləcək gücdə olmayan həmin məsələləri hər iki tərəfdə daha çox kütləvi informasiya vasitələri şişirdirdilər. Bunu nəzərə alan Azərbaycan dövləti Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə yaradılmış xüsusi nümayəndə heyətini Tehrana göndərdi. Azərbaycan rəsmilərinin İranda apardığı danışıqlar və əldə olunan razılaşmalar nəinki qarşılqlı ittiamlara son qoydu, eyni zamanda qısa bir fasilədən sonra İrandan Azərbaycana rəsmi səfərlərə start verildi.

Azərbaycan - İran münasibətlərində qərəzli şəkildə yaradılmış məlum soyuqluğun aradan qaldırılmasından sonra ekspertlər iki xüsusi məqamın üzərində dayanırdılar. Birinci məqam ulu öndər Heydər Əliyevin hələ 16 il əvvəl söylədiyi bir ifadənin gündəliyə gətirilməsi idi. Ümummilli lider demişdi: "Azərbaycanla İran arasında həll olunmayacaq bir məsələ yoxdur, müzakirəyə ehtiyacı olan məsələlər vardır". İkinci məqam isə ondan ibarətdir ki, ekspertlərin fikrincə, Bakı ilə Tehran arasındakı süni soyuqluğun aradan qaldırılmasının əsas səbəbi Prezident İlham Əliyevlə Prezident Mahmud Əhmədinejadın arasında olan səmimi dostluq və mehriban qardaşlıq münasibətləridir.

Məhz həmin dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir ki, bu gün dövlət başçıları yenə də eyni masa arxasındadırlar və islam ölkələrinin əməkdaşlığına yeni töhfələr vermək əzmindədirlər.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 16 oktyabr.- S. 5.