Nərimanov rayonunda cari ilin doqquz
ayına yekun vurulmuşdur
Dünən Nərimanov Rayon İcra
Hakimiyyəti başçısı yanında şuranın
növbəti iclası keçirildi. Tədbirdə ölkə
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında irəli sürülmüş vəzifələrdən
geniş bəhs edildi, hesabat dövründə Nərimanov
rayonunun sosial-iqtisadi inkişaf istiqamətləri və
qarşıda duran vəzifələr geniş təhlil olundu.
Tədbir
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesindəki
büstü önünə gül dəstələri qoyaraq
onun əziz xatirəsini ehtiramla yad etdilər. İdarə,
müəssisə və təşkilatların, eləcə də
hüquq-mühafizə orqanları rəhbərlərinin və
rayon fəallarının iştirak etdikləri tədbiri
giriş sözü ilə rayon icra hakimiyyətinin
başçısı Abdin Fərzəliyev açaraq
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasından irəli gələn vəzifələrin ölkənin
bütün şəhər və rayonlarında geniş
müzakirə edildiyini diqqətə çatdırdı.
Hesabat məruzəsi
ilə çıxış edən A. Fərzəliyev oktyabr
ayının 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında dövlət başçısı
İlham Əliyevin ölkənin sosial-iqtisadi
inkişafının bütün sahələrində əldə
edilmiş nailiyyətlərlə bağlı söylədiyi
fikirlərin bəzi məqamlarına toxundu. Nazirlər
Kabinetinin iclasında müzakirə edilən hər bir məsələnin
Bakı şəhərinin aparıcı rayonlarından biri
olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı
üçün də müstəsna əhəmiyyət kəsb
etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi
inkişafı istiqamətində cari ilin doqquz ayı ərzində
görülmüş işlərə yönəltdi.
Qeyd olundu
ki, 2012-ci ilin doqquz ayının yekunlarına görə, rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində
xidmətlər də daxil olmaqla 1 milyard 373,5 milyon manatlıq
məhsul istehsal olunmuş, istehlakçılara 1 milyard 384,9
milyon manatlıq sənaye məhsulu göndərilmişdir. Sənaye
müəssisələrində işləyənlərin
sayı 9227 nəfər təşkil etmiş və onların
orta nominal əmək haqları 10,3 faiz artaraq 410,3 manata
çatmışdır. Ötən müddətdə rayonda
yeni müəssisələrin yaradılması və
mövcud müəssisələrin fəaliyyətinin bərpa
edilməsi nəticəsində 1992 daimi iş yeri
yaradılmışdır. Hesabat dövründə rayon
üzrə bütün mənbələr hesabına əsas
kapitala 89,8 manat ümumi investisiya qoyulmuşdur ki, bu da ötən
ilin müvafiq dövrünə nisbətən 3,1 dəfə
çoxdur. Rayonun inşaat sektorunda da yüksək göstəricilər
əldə edildiyini bildirən natiq qeyd etdi ki, cari ilin doqquz
ayında tikinti təşkilatları tərəfindən yerinə
yetirilmiş podrat işlərinin həcmi 342,2 milyon manat təşkil
etmiş, bu sahədə 74,1 faiz artım müşahidə
olunmuşdur.
İqtisadiyyatın
başqa sahələrində olduğu kimi, əhalinin həyat
səviyyəsini xarakterizə edən əsas göstəricilərdən
biri olan pullu xidmətlərin həcmi də bu müddət ərzində
xeyli artaraq 201,3 milyon manat təşkil etmişdir. İlin
ötən dövrü ərzində rayonda ticarət sahəsi
də xeyli inkişaf etmiş, ticarət üzrə pərakəndə
əmtəə dövriyyəsinin həcmi 673,5 milyon manat
olmaqla 16,1 faiz artmışdır. Bu dövrdə əhaliyə
39,8 milyon manatlıq ictimai iaşə xidməti göstərilmiş,
bu sahədə isə 61,1 faizlik artım qeydə
alınmışdır.
A.Fərzəliyev
ölkə Prezidenti İlham Əliyevin Bakı şəhərinin
və ətraf qəsəbələrin sosial-iqtisadi
inkişafına dair təsdiq etdiyi müvafiq proqramların,
imzaladığı sərəncamların, verdiyi
tapşırıqların Nərimanov rayonunun da tərəqqisinə
təkan verdiyini vurğuladı. Ölkə Prezidentinin bu ilin
doqquz ayında səkkiz dəfə Nərimanov rayonunda
müxtəlif obyektlərin açılış və təməlqoyma
mərasimlərində iştirak etməsinin sakinlər tərəfindən
razılıqla qarşılandığını bildirən
natiq hazırda rayonda dövlət
başçısının tapşırığı və
bilavasitə nəzarəti altında iri infrastruktur layihələrin
icrasının uğurla davam etdirildiyini diqqətə
çatdırdı. Məruzəçi Azərbaycanın
simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin
artıq bir sıra mötəbər tədbirlərin
keçirildiyi məkana çevrildiyini qeyd etdi, rayon ərazisində
aparılan digər abadlıq-quruculuq işlərinin icra vəziyyəti
ilə bağlı ətraflı məlumat verdi. Qeyd olundu ki,
bu ilin doqquz ayında Xətai və Azadlıq prospektləri,
Akademik Həsən Əliyev, Əliyar Əliyev və Əhməd
Rəcəbli küçələrinin yenidən qurulması
başa çatdırılmış, Gənclik meydanında
yeraltı yol ötürücülərinin və yeraltı
avtomobil dayanacağının inşası, metronun "Gənclik"
stansiyasının ətrafında yerləşən
binaların fasadlarının milli memarlıq üslubunda yenidən
qurulması, Vaqif prospektinin genişləndirilməsi, Ziya
Bünyadov prospektinin yenidən qurulması, eləcə də
paytaxtın baş planına uyğun digər layihələrin
həyata keçirilməsi işləri uğurla davam
etdirilmişdir. Bundan əlavə, şəhərimizin
ümumi görkəminə xələl gətirən
Koroğlu Rəhimov və Ə. Əbdürrəhimov
küçələrində istismar müddətini
keçmiş, yararsız vəziyyətə
düşmüş yaşayış binalarının, qeyri-
yaşayış obyektlərinin sökülərək
başqa ərazilərə köçürülməsi
istiqamətində müfvafiq tədbirlər həyata
keçirilmişdir. Artıq hər biri 48 mənzildən ibarət
3 yaşayış binası sakinlərin istifadəsinə
verilmişdir.
A.Fərzəliyev
qeyd etdi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı" çərçivəsində
Nərimanov rayonu üzrə 2012-ci il üçün nəzərdə
tutulmuş 31 tədbirdən 15-nin icrası uğurla başa
çatdırılmış, 12-si isə hazırda icra mərhələsindədir.
Yalnız bir tədbirin icrası məlum səbəblər
üzündən gələn ilə keçirilmişdir.
Bütövlükdə isə Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin, demək olar ki, hamısı
rayonun elektrik enerjisi, qaz, istilik və içməli su təminatının
yaxşılaşdırılması ilə
bağlıdır.
Başçı,
həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal
obyektlərinin istismarı vəziyyətinin
yaxşılaşdırılması sahəsində 2012-ci ilin
9 ayı ərzində görülmüş işləri
konkret faktlarla əsaslandıraraq növbəti
payız-qış mövsümünə hazırlıqla
bağlı görülmüş işləri diqqətə
çatdırdı. Qeyd olundu ki, ötən müddətdə
Nərimanov Rayon Enerji Təchizatı və Satışı
İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda
yeni transformator məntəqələri
quraşdırılmış, hava xətləri əsaslı
təmir edilmiş, köhnə sayğaclar elektron tipli
sayğaclarla əvəz olunmuşdur. Yanvar-sentyabr ayları ərzində
rayon su kəməri istehsalat zonası tərəfindən
müxtəlif ünvanlarda 11596 paqonometr uzunluğunda metal və
plastmas borular dəyişdirilmiş, 151 ədəd nasos və
127 ədəd mühərrik təmir olunmuş, 19 ədəd
su anbarı yuyulmuşdur. Nərimanov Rayon Qaz İstismar
İdarəsi tərəfindən isə yeni magistral qaz kəmərləri
çəkilmiş, qaz tənzimləyici şkaf və
qurğular təftiş edilmiş, yeniləri
quraşdırılmışdır.
Məruzəçi
rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən
söhbət açdı, əldə olunmuş uğurlardan
bəhs etdi. Qeyd olundu ki, hazırda Nərimanov rayonunun 22 orta məktəbində
22214 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi
ilə 2292 müəllim məşğul olur. "2011-
2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" çərçivəsində Nərimanov
rayonunda yerləşən bir sıra məktəblərdə
və məktəbəqədər uşaq tərbiyə
müəssisələrində əsaslı təmir işləri
aparılmışdır. Ölkə Prezidentinin müvafiq sərəncamına
əsasən 2011-2012-ci tədris ilində rayonun 36, 45 və
178 nömrəli tam orta məktəbləri "Ən
yaxşı ümumi təhsil müəssisəsi"
seçilmiş, rayon məktəblərinin 13 müəllimi
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi adını qazanmışdır. Bundan əlavə, bu
il Nərimanov rayonu üzrə 1748 nəfər məzunun 935 nəfəri
ölkənin ayrı-ayrı ali təhsil müəssisələrinə
qəbul olunmuş, onların 42 nəfəri 600-dən
artıq, 9-u isə 650-dən yuxarı bal
toplamışdır. Qəbul imtahanlarında göstərdikləri
nəticəyə görə Prezident taqaüdünə layiq
görülənlərin isə 3 nəfəri Nərumanov
rayonu məktəblərinin məzunlarıdır. Natiq, həmçinin
rayonun səhiyyə sahəsində əldə edilmiş
nailiyyətlərdən bəhs etdi, ölkə Prezidentinin sərəncamı
ilə iki nəfər qabaqcıl tibb işçisinin təltif
olunduğunu bildirdi.
Cari ilin
doqquz ayında rayon əhalisinin sosial müdafiəsinin
gücləndirilməsi, onların həyat səviyyəsinin
yaxşılaşdırılması, yoxsulluğun
azaldılması istiqamətində dövlət
başçısının müvafiq fərman, sərəncam
və tapşırıqları rəhbər tutularaq rayonun
xidmət sahələri və idarələri tərəfindən
ardıcıl tədbirlər həyata keçirildiyi diqqətə
çatdırıldı. 2012-ci ilin doqquz ayında rayon
üzrə 19 səyyar qəbul və görüşün
keçirildiyini bildirən məruzəçi sakinləri
narahat edən məsələlərin yerindəcə
araşdırılıb müvafiq tədbirlərin
görüldüyünü söylədi. Qeyd olundu ki,
görüş və qəbullar zamanı edilmiş 140
müraciətin 131-i müsbət həllini tapmış, 9-u
isə nəzarətə götürülmüşdür.
Məruzə
ətrafında çıxış edən digər natiqlər
də cari ilin ötən doqquz ayda rayonun sosial-iqtisadi
inkişafı sahəsində uğurlu göstəricilərin
əldə olunmasını son illər dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən geniş
miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər.
Ölkəmizin davamlı inkişafının təmin
olunması istiqamətində səylərini bundan sonra da davam
etdirəcəklərini bildirdilər.
Şura
iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha
da abadlaşdırılması, quruculuq işlərinin davam
etdirilməsi, sakinlərin daha rahat və firavan
yaşamaları, çalışmaları və istirahətlərinin
təşkili üçün qarşıda çox
mühüm və ciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin
yerinə yetirilməsi, dövlət başçısı cənab
İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam
etdirilməsi, Nərimanov rayonunun sosial-iqtisadi
inkişafının daha da sürətləndirilməsi
üçün bütün lazımi tədbirlər həyata
keçiriləcək. Şura iclasında qarşıda duran
vəzifələrdən söhbət açıldı,
onların həlli ilə bağlı əlaqədar təşkilatların
rəhbərlərinə konkret tapşırıqlar verildi.
Tədbirin
sonunda rayonun təhsil və səhiyyə sahələrində
xüsusi xidmətləri olan şəxslər, eləcə də
qəbul imtahanlarında yüksək nəticələr
qazanmış məzunlar mükafatlandırıldılar.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 17 oktyabr.- S. 6.