“30
il sonra yenidən Nizaminin yubileyinə gəlmək mənim üçün çox xoşdur”
Müsahibimiz tanınmış
latviyalı şair, tərcüməçi, linqvist,
türkoloq, Latviya Elmlər Akademiyasının fəxri
akademiki Uldis Berzinşdir.
Gəncədə
Şeyx Nizaminin yubiley günləri yaddaşlarda həm də
günəşli gündüzləri və ulduzlu
axşamları ilə qaldı. Axşamların birində
açıq havada verilən ziyafətdə Latviyadan olan qonaq,
məşhur şair və türkoloq Uldis Berzinş tez-tez səmaya
baxırdı. Şərq səması onu heyrətləndirmişdi.
Ay bədirlənmiş, səma başdan-başa
qırmızı çiçək
açmışdı...
O, Avropa ölkəsi olan Latviyada
dünyaya gəlsə də, uşaqlıqdan Şərqin
cazibəsinə düşüb. Şərq dillərini, mədəniyyətini,
ədəbiyyatını dərindən öyrənməyi
qarşısına məqsəd qoyub və onu bu yoldan
heç nə döndərə bilməyib. Şərq dilləri
üzrə mütəxəssis kimi məşhurlaşıb.
“Kitabi-Dədə Qorqud”u, Sədinin
“Gülüstan”ını, Rəsul Rzanın şeirlərini
latış oxucularına təqdim edən Uldis Berzinş
Qurani-Kərimi də ilk dəfə ərəb dilindən
latış dilinə tərcümə edib. Nizami Gəncəvinin
870 illik yubileyində iştirak etmək üçün
Riqadan Gəncəyəcən yol gələn
qonağımız böyük məmnuniyyətlə qəzetimizə
müsahibə verdi.
- Azərbaycana, türk
dünyasına bağlı bir insan kimi sizi ölkəmizin
elmi, ədəbi ictimaiyyəti kifayət qədər
tanıyır. Özünüzü oxucularımıza necə
təqdim edərdiniz?
- 1944-cü ildə Riqada anadan
olmuşam. Uşaqlıqdan şeir yazıram. Latviya
Universitetində latış filologiyası fakültəsində
oxuyarkən qərara gəldim ki, ərəb dilini öyrənim.
Hiss edirdim ki, ölkəmizdə
bu dili bilən
insana ehtiyac var. Üçüncü kursda
oxuyarkən hərbi xidmətə getdim. Ordu sıralarında Qafqazdan və Orta Asiyadan
olan əsgər yoldaşlarım vardı,
çalışırdım, onların dilini öyrənim. Ordudan qayıdandan
sonra türk dili ilə bağlı
biliklərimi yoxlayıb
məni Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin
ikinci kursuna qəbul etdilər.
Uldis Berzinş sonralar Daşkənd Dövlət
Universitetində özbək,
Reykyavik Universitetində
island dilini, həmçinin
Latviya, Rusiya, Slovakiya, Çexiya, Özbəkistan, İsveç,
İslandiya, Niderland, İsrail universitetlərində
tərcüməçiliyin sirlərini, o cümlədən
dini mətnlərin tərcüməsini öyrənir.
- Türk dilini öyrənəndən
sonra ilk Şərq ölkəsi olaraq haraya səfər etdiniz?
- Məni
Azərbaycana göndərdilər.
Azərbaycan Dövlət Universitetində
bir neçə ay təcrübə keçdim.
- Azərbaycanla
əlaqələrinizi davam
etdirdinizmi?
- Sonra şairlər, ədəbiyyat
adamları ilə əlaqələrim olurdu.
Mənim Azərbaycanda
yaxşı dostlarım
var: gənclik dostum Anar, Ramiz
Rövşən, Əkrəm
Əylisli...
- Böyük türk eposu olan “Kitabi-Dədə Qorqud”u ilk dəfə latış dilinə tərcümə etdiniz. Kitab necə qarşılandı?
- “Kitabi-Dədə
Qorqud”un tərcüməsinə 1969-cu ildə
türkologiya fakültəsinin
tələbəsi olarkən
başlamışam. “Duxa qoca oğlu
Dəli Domrul” boyunu tərcümə edib jurnalda çap
etdirmişəm. Sonralar bu
əsəri Latviyada tamaşaya qoydular. “Dəli Domrul”
tamaşaçıların çox xoşuna gəldi. Dastanın tam mətninin tərcüməsi
1989-cu ildə hazır
olsa da, əsər 1993-cü ildə
çap olundu.
- Hansı dilləri bilirsiniz?
- Polyak, rus, qədim island, türk, Azərbaycan, türkmən,
fars, qədim yəhudi, ərəb dillərində tərcümələr
edirəm, ivrit, tatar, çuvaş dillərini də bilirəm. Ərəb dilini bilsəm
də, danışa bilmirəm (gülür), daha doğrusu, pis danışıram.
Danışanda ərəbcədən ingiliscəyə keçirəm.
- Ancaq siz böyük bir işə imza ataraq ilk dəfə müqəddəs
Quranı latış
dilinə tərcümə
etdiniz.
- Doğrudur. Quran ərəb dilində
nazil olub. Onu tərcümə etmək
üçün bu dili bilmək əsas şərtdir.
Mən bu müqəddəs kitabı tərcümə
edərkən lüğətlərdən,
başqa mənbə və qaynaqlardan istifadə etdim. Vaxtilə mən “Tövrat”ın əsas bölmələrindən
olan “Əhdi-ətiq”i
də ibrani dilindən tərcümə
etmişdim. Sədi Şirazinin
“Gülüstan”ını farscadan
latış dilinə
çevirmişəm. Bu əsərdə Qurandan nümunələr
qırmızı xətt
kimi keçir. Bilirdim ki, mən bunu
etməliyəm, çünki
bu işi edəcək başqa biri yoxdur.
Uldis Berzinş “İncil”i
də latış dilinə tərcümə
edib. 15 ilə
tərcümə etdiyi
Quranı isə
2009-cu ildə tamamlayıb
və kitab 2011-ci ildə nəşr olunub.
- Maraqlıdır,
Quran sizi İslam dininə nə qədər yaxınlaşdırdı?
- Xristian olsam da, özümü
dindar saymıram. Uşaq vaxtı məni kilsəyə nənəm
aparardı, indi getmirəm. İslam mədəniyyətini çox sevirəm. Yenə deyirəm, sitayiş nöqteyi-nəzərindən dindar
deyiləm. İstanbulda bir
neçə ay kitabxanalarda
çalışdım. Cümə günləri məscidə
gedirdim, ibadət etmək üçün yox, ibadətə gələnlərə tamaşa
etmək üçün.
Onların nə hiss etdiklərini, nə duyduqlarını bilmək
istəyirdim.
Berzinş “İncil”in tərcüməsi
məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən
beynəlxalq seminarda, Quranın tərcüməsi
məsələlərinə dair Lund Universitetində təşkil olunan forumda iştirak edib. 2002-ci ildən
Latviya Universitetində
türk dilini tədris edir.
- Tərcüməçi
kimi Nizami Gəncəvinin yaradıcılığına
müraciət etmisinizmi?
- Nizaminin yaradıcılığını rus dilində oxumuşam, amma tərcümə etməmişəm.
Düşənbədə tacik dilində çap olunan “Xəmsə”ni də oxumuşam. Nizaminin əsərləri
ərəb, fars
dilində məndə
yoxdur. Amma axtarıb tapacağam.
Uldis Berzinş türk
poeziyasını, o cümlədən
Yunis Əmrəni çox sevdiyini, onun bir çox
şeirlərini əzbərdən
bildiyini deyir.
- Sonuncu dəfə üç il əvvəl
Azərbaycanda olmusunuz.
Ölkəmizə daha tez-tez gəlmək istəmirsiniz?
- Təbii ki, istəyirəm. Azərbaycan dilindən latış dilinə ilk tərcümə
etdiyim kitab Rəsul Rzanın şeirlər kitabı olub. Orada Rəsul Rzanın
“Rənglər” silsiləsi
də var. İndi mən bu kitabı
yenidən, daha mükəmməl tərcümə
etmişəm. Mənim dostum
da bu kitabı
İsveç dilinə
çevirib. İndi onu
çap etdirmək istəyirik. Mənə Azərbaycan
filoloqu Arif Acaloğlu kömək etdi, indi İstanbulda
yaşayır. Kitaba ön
sözü də o yazmışdı. İndi də
ön sözü o yazacaq.
Uldis Berzinşin ilk şeirlər
toplusu 1980-ci ildə işıq üzü görüb. Sonrakı illərdə
11 kitabı nəşr
olunub. Şeirləri alman, İsveç,
eston, Litva, çex, ingilis, island, bolqar, Azərbaycan və Ukrayna dillərinə tərcümə
olunub.
Eyni zamanda XX əsr
Azərbaycan, türk,
polyak, rus və başqa xalqların poeziyasından
nümunələri latış
dilinə tərcümə
edir.
Hazırda qədim ispan eposu olan “Mənim
Sidem haqqında mahnı”nı latış dilinə tərcümə edir. ABŞ, İsveç universitetlərində poetik
və dini mətnlərin tərcümə
problemləri haqqında
mühazirələr oxuyur.
Latviya Elmlər Akademiyasının
fəxri akademikidir.
Uldis Berzinş orijinal
poeziyasına və tərcümələrinə görə
bir çox mükafatlara layiq görülüb. Bu təltiflər arasında
Zinaida Lazda mükafatı, “Üç
ulduz” ordeni, Baltik Assambleyası mükafatı, Spidola,
Aleksandra Çaka mükafatları
var.
- Nizaminin 870 illik yubileyində iştirak etdiniz. Təəssüratlarınızı bizimlə bölüşərsiniz?
- 30 il
bundan əvvəl Nizami Gəncəvinin 840 illik yubileyinə gəlmişdim. O vaxt mənim üçün çox xoş oldu ki, Nizaminin
yaradıcılığını Azərbaycan dilində eşitdim. 30 il
keçdi, yenə dahi şairin yubileyinə gəldik. XX əsrdə Nizamini
Səməd Vurğun,
Abdulla Şaiq və başqaları Azərbaycan
dilinə çox gözəl tərcümə
ediblər. Amma mən
belə düşünürəm
ki, Nizami anası, övladları, yaxınları ilə Azərbaycan dilində danışsa da, ilham pərisi ilə farsca danışırdı. Onun əsərlərinin
orijinalı, əsl mətni də yaşamalı və məktəblərdə öyrədilməlidir.
Nizami Gəncəvinin 870 illik yubileyində mənim üçün ən böyük sürpriz isə Latviyanın sabiq prezidenti Vaira Vike-Freibergaya ilə Gəncədə görüşməyimiz oldu.
Ona Gəncə Dövlət Universitetinin fəxri doktoru adını verdilər. Çox şad, çox
məsud oldum.
- Müsahibəyə
görə çox sağ olun.
Sizi hər zaman Azərbaycanda görmək
istəyirik.
- Təşəkkür
edirəm.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 15.