Xatirələrdə
yaşayan sənətkar
“Mən yaradıcılıq
dövrümdə milli musiqimizin
saflığını daim qorumağa çalışmışam”
Musiqi mədəniyyəti
tariximizdə özünəməxsus yeri
olan, zəngin
yaradıcılığı ilə geniş
xalq məhəbbəti qazanan,
yaddaşlarda əbədiləşən
görkəmli sənətkarlardan biri də
tanınmış bəstəkar, Xalq artisti Ramiz Mustafayevdir.
Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərco şəhərində anadan olub. Bir il sonra ailəsi Bakıya köçüb. Yeniyetmə vaxtlarından incəsənətə maraq göstərib. Onu da qeyd edək ki, o, bəstəkarlıq sənətinə aktyorluqdan gəlib. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə qəbul olunub. Gənc Tamaşaçılar Teatrında, Akademik Dram Teatrında aktyor kimi çalışıb. Ancaq bir müddət sonra aktyorluq peşəsini davam etdirmək fikrindən daşınır və 1948-ci ildə sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verir. Xalq artisti, professor Bülbülün sinfində ifaçılıq sənətinin sirlərinə vaqif olur. Eyni zamanda bəstəkarlığa meyl göstərir. Konservatoriyanın bəstəkarlıq fakültəsində, professor Boris Zeydmanın sinfində təhsilini davam etdirir (1952-1957) və bəstəkar ixtisasına yiyələnir.
Qəlbində çağlayan böyük sənət eşqi onu maraqlı yaradıcılığa sövq edir. Qısa zaman kəsiyində “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarını yazır. Çox keçmir (1968) Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsinə irəli çəkilir. Görkəmli bəstəkar, dirijor, pedaqoq kimi R.Mustafayevin yaradıcı əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1987) adlarına layiq görülür, müstəqillik dövründə isə "Şöhrət" ordeni (2001) ilə təltif olunur.
Onun son dövr yaradıcılığı xalqımızın tarixi, Qarabağ mövzusu ilə daha çox bağlı olub: “Salatın” oratoriyası (1990), “Bu qan yerdə qalan deyil” vokal-simfonik poeması (1991), “Haqq sənlədir, Azərbaycan!” kantatası (1992), “Nədən yarandı” vokal-simfonik poeması (1993) bu qəbildəndir. Bundan əlavə, “Füzuli” vokal-simfonik poeması (1993), “Məhəmməd və Leyla” oratoriyası (2000), “Məsmə xanım dayımdır” operettası (2001), 45 uşaq mahnı məcmuəsi (2001) yazıb. Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Zəlimxan Yaqub və başqa şairlərin sözlərinə mahnı və romanslar bəstələyib. Ümumiyyətlə, əlli illik yaradıcılıq dövründə müxtəlif janrlarda dəyərli əsərlər yaradıb: 4 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, səkkiz simfoniya və 300-dən çox mahnı, romans, müxtəlif səpgili instrumental əsərlər yazıb.
Görkəmli sənətkar ömrünün ixtiyar çağında, 2008-ci il aprelin 10-da dünyasını dəyişib.
Bu yaxınlarda Əməkdar incəsənət xadimi Zemfira Qafarovanın görkəmli sənətkarın yaradıcılığı ilə bağlı “Ramiz Mustafayev” adlı kitabı işıq üzü görüb.
Kitabda diqqətçəkən məqamlardan biri bəstəkarın sənət etirafıdır: “Mən yaradıcılıq fəaliyyətim dövründə milli musiqimizin saflığını daim qorumağa çalışmışam”.
Nəşrdə sənətkar haqqında müxtəlif illərdə dərc olunan məqalələr, maraqlı xatirələr yer alıb. SSRİ Xalq artisti Lütfiyar İmanovun 1968-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunan “Axırı yaxşı olar” məqaləsində bəstəkarın opera və operettalarından söz açılır. Görkəmli müğənni R.Mustafayevin “Axırı yaxşı olar” musiqili komediyasını, “Vaqif” operasını sənətkarlıq baxımından yüksək dəyərləndirir.
Respublikanın Xalq artisti, professor Tofiq Bakıxanov “Unudulmaz sənətkar və dost” başlıqlı məqaləsində onunla birgə keçdiyi sənət yollarına nəzər salır. Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev isə “Xatirəsi mənim üçün əziz olan sənətkar” məqaləsində bəstəkarın cəsarətindən, yaradıcılığına hopmuş milli-mənəvi dəyərlərdən söz açır. Sənət aləminə gətirdiyi nailiyyətlərdən bəhs edir. Bütün bu dəyərli fikirlər Ramiz Mustafayevin bəstəkar, pedaqoq kimi fəaliyyətinə, zəngin yaradıcılığına yüksək qiymət olmaqla yanaşı, onun sənətkar adının hər zaman xatirələrdə yaşayacağını göstərir.
Savalan Fərəcov
Mədəniyyət.- 2012.- 17
oktyabr.- S. 14.