“Şair!” sözü
eşidəndə...
sayğıya dur ki, Məmməd Arazın ruhuna toxuna bilər...
Bəllidir ki,
hər belə yazı-pozu hər hansı “qəhrəman”ın
həyatı, yaradıcılığı, ədəbiyyatdakı
yeri, habelə doğum
yurdu, şəxsi təbiəti haqda qısa bir “təbiət
təsviri”, “sənətkarlıq təfsiri” ilə
başlayır. Mən də bu ənənəyə
sadiq olmaq istədim, ancaq budəfəki qəhrəmanım özünün bir xarakterial-avtobioqrafik şeirilə “yenə
qılınc çəkib durdu qəsdimə”:
Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin
Şöhrətini yaşadan az yaşayır.
Bu gileydən könlüm yaman xallanır,
Çox ünvanda qaçaq tərif yallanır,
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlıdayaz yaşayır.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut - harda dağlar dumansa.
Gözünü
sıx - hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır...
Ümumiyyətcə,
söz (hər söz yox a, zər söz!) adamı haqda söz demək çətindir, onda qala öz yığcam
nəzmlərilə hər
şeyi, hər mətləbi ən geniş nəsrlərdən
də gözəl ifadə etmiş Məmməd Araz ola! Məsələn,
yazının bu mənzilində bir-iki kəlmə babat söz deməkçün
adam (...nolar
şair olmayanda) istəyir ki, onun “Altı qızdan biri Pəri”sinin ilham rəfiqəsini köməyə
çağırsın, görürsən
yox, alınmayacaq. Nədən ki, bir vaxt
o özü o pərini
elə çağırıb
ki, daha o nazənin mələk heç kəsin sözünə mayil olub, öz ilhamvericilik
görəvinə qail
olmayacaq. O onu belə səsləmişdi:
Bu axşam...
Özümdə
yoxam bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş
başam...
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını
gər...
Yaxud, ədəbilik və əbədilik, şair və dünya haqda bir söz
demək istəyirsən,
yaddaşında bir köz qorlanır:
Bu get-gəllər
bazarına dəvədi
dünya,
Bu ömür-gün
naxışına həvədi
dünya,
Əbədiyə
qəh-qəh çəkər
əbədi dünya,
Dünya sənin, dünya mənim,
dünya
heç kimin!
Bəs nə etməli?
Bəlkə bir bədii
kələk işlədib,
özünü incimiş
kimi qələmə verib, o mələyi yola gətirəsən?
Xeyr, qadam, o özü deməyibmi ki:
İti bazarında atından baha, -
Mən belə dünyanın
nəyindən küsüm?!
...Deyirəm, bəlkə onun atəş-vətəndaşlığından
söhbət açım?
Yox.
Nə və necə deyim ki, “Vətən
daşı olmayandan -
Olmaz ölkə vətəndaşı!” deyiminə
yançısın?
Milli ziyalılıqdan necə? Yenə istixarə: mənim yazacağım onun Xudu Məmmədova ithafının yanında bir məna kəsb
edəcəkmi:
Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir
içiboş şöhrət
yükünə,
Ömür karvanının sənət
yükünə
Bir-iki qeyrətli söz yükləməsək -
Sən kimə gərəksən,
mən kimə gərək...
Hara, nəyə
əl atırsan, təsirlənib-təntiyirsən...
Yenə onun öz bədii
palıdlarına söykənə-söykənə,
gör neyləyirsən,
qələm...
Dünya sənin...
...sən dünyanın - Məmməd
Araz! Hər duyğunu hamıdan öncə və hər kəsdən incə duyan, hər mətləbi hər biləndən yaxşı bilən, saymaqda mahir fələyin hesabından
yayınmışları belə
öz istedad fəhmi gücünə tapıb xalqın ayıqlıq hesab-kitabına,
mənəvi bankına
sayan Məmməd Araz...
Hər şeyi belə duya-duya, bilə-bilə, saya-saya - hələ ömrünün sonuna neçə illər qalmışdan “Bu da belə bir ömürdü
- yaşadım...” deyə
bu dünyasına «xitam» verən, alın yazısına qələm qoşan Məmməd Araz!..
Və məlum şeirindəki
“...heç kimin!” hökmünü çıxmaqla,
“dünya” ismini Məmməd Araz mübtədasıyla əvəzləmək
istər könül...
Məmməd Araz mənim...
O zamanmı bitdi bizim dilimizin
“sənin”-“mənim” damarı da,
O zamanmı bitdi bizim dilimizin
“haralısan”
qabarı da?!
Bu qədər
Azərbaycançı, türk-turançı,
din-imançı misralardan
sonra, indi gəl izahat-iltizam ver görüm, necə yəni “mənim Məmməd Arazım”?! Hər şeydən agah olmayan tənha bir oxucu da
varsa, deyim də: Məmməd Araz nə qədər
ümumxalq, ümumvətən
şairi olsa da, hər kəsin
ayrıca bir Məmməd Arazı var...
Mən onu 60-cı illərin
sonunda - doğulduğum
Arazboyu rayonda bünövrəsi qoyulan
“Plotina” (“Arazstroy”) tikintisi ərəfəsində
oxuduğum “Araz axır” kitabından tanımağa başlamışam.
Bolşeviklərdən qaçaq düşüb
Arazın o tayına keçənlərini ağlayan
nənələrimizin göz
yaşları ilə bu poemadakı bir çox misraların üst-üstə
düşdüyü məqamlardan
tanımışam. Əzələləri
beyinlərindən daha
işlək olan biz tay-tuşlar Araz çayı üstdə salınmış Sovet-İran
işıqlarına baxıb
ümidlənən o nənələrə
o kitabdan oxuyanda ki; “Eh, işıqlar da ayrılığa öyrəşəcək, Yükünü
çək, dəvə
qardaş, yükünü
çək...” - o arvadların
yanaqlarından Araza tökülən sısqa
arxlar kimi göz yaşları süzülürdü...
Bir müddət keçmiş
hamının payına
düşən paytaxtımıza
gəldim və oxuduğum kitab-kitab sözündən sonra onun özüylə də tanış
oldum. Bir tələbə və əqidə dostumla hər Novruz bayramında o vaxtın “məşhur” kağız
torbalarından birini mer-meyvəylə doldurub, alovlu şairimizi ziyarətə gedir, onun şeirlərilə nəfəs aldığımızı
bildirir, bu kimi təbii təriflərdən həyəcanlanıb
titrəyən əllərinə,
düşüncələrinə, milli azadlıq arzu-təşnəliyinə sığal
çəkməyə çalışırdıq.
Bu gedişlərimizin birində
soruşduq ki, niyə “Yer üzünün Qarabağ
düzü”, “Kür Salyana qovuşur” kimi publisistik yazılarına ara
verib? Bizə bir dəftərçə
göstərdi. Dedi,
“Baxın, bu səpkidə 50 mövzu gözaltılamışdım, heyf ki, xəstəlik...”
Dedik, Məmməd müəllim, niyə təəssüflənirsiniz, görünür,
“ali” xəstəliklər
də özünə
ali canlar
arzulayır də. Ki, həmin ali can sahibi haçansa deməsin “heyf, ey kababla keçirəcəyim
gələcək günlər!”,
“səd heyf, eyş-işrətli dövranlarım!”
Qoy biri də desin “heyf, ey toxunmadığım
mövzular!”, “yaza bilməyəcəyim şeirlər!..”
Məmməd Araz sənin...
Bu “sən” ki var, o qədərsən
ki! Minlərlə, milyonlarlasan... İndi mən fağır
hansınızı ona
daha bir köynək, lap yuxa göynək yovudum, hansınızın Məmməd
Arazınızdan söhbət
açım? Səninmi,
- Aydın Qurbanlı,
səninmi, Nadir Diridağlı,
Əlipənah Bayramlı,
İsrafil Qurban, Ənnağı Hacılı,
Tahir Aydınoğlu, Ülviyyə Familqızı
və rəhmətlik
Kamil Heydəroğlu ilə Mirzə Dəmirli?!.
Qoy elə sənin Məmməd Arazından bəhs edim, Mirzə Dəmirli! Qoy bu xatırlatmadan ruhun da bir
şadlıq məclisi
düzənləsin. Necə
ki, onun “Məndən ötdü...”
şeiri “Azərbaycan”
jurnalında çap olunan günün (1970) sabahısı şadlığından
yataqxanada yekə bir qazan asıb,
Vətənə, millətə
dəxli olan tələbələri başına
yığdın. O şeiri
bəlağətlə oxuyub,
o tay-bu tay
Azərbaycanın artıq
bu poetik möhürlə birləşdiyini
elan etdin. Sonra o taylı tələbə yoldaşımız Rəhim
Huşiməndinin “Mirzə,
əgər Azərbaycan
reallıqda da birləşsə, neylərsən”
sualına hər ikimiz heyrətamiz bir sinxron-xorla “nağıllarda suyun qabağını kəsməməsi
üçün hər
gün bir gözəl istəyən
əjdahanın bir günlük övnəsi
kimi - özümüzü
Araza atıb qurban gedərik!” - dedik.
Məmməd Araz hər kəsin...
“Hər kəs”in daha çox olması da bəlli, təkcəmiz Məmməd
Araz! Yaman çoxdular. Sənin bugünədək çap
olunmuş 25 kitabının
5 min 5 yüz səhifəsindəki
hərf-işarələrdən də artıqdılar.
Onların yolu dağa-daşa
düşəndə çox
vədə sənin dilinlə danışırlar:
Danış görək,
a daş qardaş!” deyirlər. “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat...” deyirlər. Sonra da “Ölüm sevinməsin qoy...” (S.Vurğun), “Azadlığı
istəmirəm qram-qram”
(X.Rza), “O daş altda Məmməd Araz yaşayır” kimi misralardan ruhlana-ruhlana Fəxri xiyabana - sizləri ziyarətə gedib görürlər ki, oradakı məzar daşlarının birinin
üstündə belə
yazılıb: “Bu daş
altda Məmməd Araz yaşayır...”
Və Məmməd Araz Arazın...
Mən Araz üstündə bitən çinardım,
Ömrüm boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım
-
Məmməd Araz karandaşı göyərdi...
...Və Məmməd Araz bütün Azərbaycanın!
Azərbaycan - mayası nur,
qayəsi
nur ki,
Hər daşından alov dilli
ox ola bilər.
“Azərbaycan!”
- deyiləndə
ayağa
dur ki -
Ana yurdun ürəyinə
toxuna
bilər...
Hələlik, “Ey daşlaşan, torpaqlaşan, bugünümdən dünənimə uzaqlaşan ulu babam”lardan biri - Məmməd Araz! Növbəti yazılaradək...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 13.