Göyçayda şeir
ünvanı
Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və incəsənəti
tarixində dərin iz qoymuş insanların xatirələrinin
əbədiləşdirilməsi məqsədilə
görülən əhəmiyyətli işlərdən biri
də onların memorial muzeylərinin yaradılmasıdır.
Sənətkarların doğulub boya-başa
çatdıqları, yaşayıb-yaratdıqları məkanlarda
təşkil edilən bu mədəniyyət ocaqları onlara
ehtiramın, xalq məhəbbətinin göstəricisidir.
Belə məkanlardan biri də Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, Xalq
şairi Rəsul Rzanın Göyçay rayonundakı
ev-muzeyidir. Böyük şairin uşaqlıq və gənclik
illəri burada keçib, onun sənət eşqi bu məkandan
pərvazlanıb.
Muzeyin direktoru, Rəsul Rza
mükafatı laureatı Solmaz Həsənova bu məkanın
sözə, sənətə, poeziyaya sevgi ruhunda köklənən
hər kəs üçün əziz bir ünvan olduğunu
bildirir: “Çünki Rəsul Rza
yaradıcılığı daim müasir, daim təravətlidir.
Onun qələmə aldığı, tərənnüm
etdiyi bir çox fikirlər bu günümüzlə səsləşir,
oxucunu gələcəyə ruhlandırır, Vətəni
sevməyə, onun dəyərini bilməyə kökləyir.
Şairin vətən sevgisi, sənət eşqi isə
öncə bu məkanda pərvəriş tapıb. Şairin
uşaqlığı, gəncliyi Göyçayda keçib.
Ziyalı bir ailədə böyüyüb. Atası
savadlı, müasir düşüncəli,
açıqfikirli bir şəxs olub. Uzun illər mirzəlik
etdiyindən adına "Mirzə İbrahim" deyərmişlər.
Hələ 1913-cü ildə ilk qız övladı
Kübranı Tiflisə, ikinci qızı Saranı isə yeni
tipli məktəbə oxumağa göndərdiyi
üçün dövrün bəzi cəhalətpərəst
qüvvələrinin hədəfinə tuş gəlmişdir.
Bu barədə Rəsul Rza özü "Avtobioqrafiyam"
yazısında daha ətraflı məlumat verib. Şair məhz
belə bir mühitdə böyüdüyündən
müasirlik onun yaradıcılığının əsasında
dururdu. Anası Məryəm xanımın şirin
laylalarını dinlədiyi bu munis məkanda ilk dəfə
poeziyaya bağlanmış, ilk şeirini 12 yaşında ikən
məhz bu ünvanda yazmışdı. Buradan sənət
yoluna addımladı, poeziyası ilə dünyanın tərəqqipərvər
oxucularının ürəyini fəth etdi. Şair bu
dünyadan köç etsə də, doğulduğu ocaq xatirə
muzeyinə, poeziya məkanına çevrildi”.
Direktorun sözlərinə görə,
2004-cü ildən fəaliyyət göstərən muzey
şairin 100 illik yubileyi ilə əlaqədar ölkə
başçısının müvafiq sərəncamına əsasən
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı
təmir olunmuş və 2010-cu ildə yenidən
qapılarını qonaqların üzünə
açmışdır: “Yüksək səviyyəli təmir-bərpa
olunan muzey müasir tələblərə uyğun yenidən
qurulub. Biz ənənəvi muzeyçilikdən çox
ev-muzeylərə xas ab-hava yaratmaqla ziyarətçilərimizi
Rəsul Rza dünyasına, onun yaşadığı dövrə
qaytarmaq istəyirik. Ziyarətçilərimiz 4 ekspozisiya
zalından ibarət muzeyə daxil olduqları andan
böyük şairin həyat və
yaradıcılığının ən müxtəlif məqamlarını
əks etdirən müfəssəl bir məlumata sahib olurlar.
Ekspozisiya zallarımız şairin Göyçayda keçən
uşaqlıq və gənclik illərini əks etdirən
maraqlı məlumatlar, foto və rəsm nümunələri,
eləcə də həyat yoldaşı, lirik şairə
Nigar xanım Rəfibəyliyə aid kitablar, rəsm əsərləri,
ona aid məişət əşyaları fonunda isti bir ortam
yaradır. Tamaşaçıların diqqətini cəlb edən
bu eksponatlar arasında Nigar xanımın cehizlik
xalçası xüsusilə seçilir. Şairin anası Məryəm
xanıma aid məişət əşyaları da burada yer
alıb. Başqa bir ekspozisiya zalımızı isə Rəsul
Rza ailəsinə, onun həyat yoldaşı, övladları,
ümumilikdə o nəslin tanınmış nümayəndələrinə
həsr etmişik. 4-cü zalda isə ədibin
aldığı mükafatlar, portretləri, rayonda onun adını
daşıyan müəssisələr, küçə və
digər obyektlərin fotoları yer alır. Ümumilikdə
700-dən çox eksponatın olduğu muzeyi ziyarət edənlər
ilk addımdan bir sənət dünyasına qədəm
qoyur, böyük şairin öz səsində lentə
alınmış şeir nümunələrini dinləyir, Rəsul
Rzanın sədəfli tarında muzeyin elmi işçisinin
müşayiəti ilə müxtəlif muğamlara, xalq
mahnılarına, şairin şeirlərinə
yazılmış musiqilərə qulaq asırlar.
Bütün bunlar ziyarətçilərimiz tərəfindən
daim rəğbətlə qarşılanır”.
Həmsöhbətim muzeydə
müxtəlif tədbirlərin, şairin doğum və
anım günləri ilə bağlı mərasimlərin,
poeziya görüşlərinin hər zaman böyük maraqla
qarşılandığını deyir: “Əlamətdar
günlərlə bağlı təşkil olunan ənənəvi
tədbirlərlə yanaşı, Göyçay
torpağının yetirdiyi digər görkəmli insanlarla
bağlı tədbirlər də keçiririk. Hər il
“Muzeylər günü” çərçivəsində
müxtəlif mövzularda açıq qapı günləri
və muzey gecələri keçiririk. Məsələn, bu
il mayın 15-də baş tutan tədbirimiz ana dili mövzusuna
həsr olunmuşdu. Görüşə rayonun uşaq
bağçaları, ümumtəhsil məktəbləri
şagirdlərini dəvət etmişdik. Rayon mədəniyyət
evi nəzdindəki xalq teatrının həvəskarlarının
ifasında ədibin «Vəfa» pyesindən bir səhnə təqdim
etdik, uşaqların ifasında şairin şeirləri səsləndi.
Tədbir iştirakçılara xoş anlar yaşatdı.
Azyaşlı və yeniyetmələrin
muzeylərə maraqlarını artırmaq üçün
maraqlı aksiyalar təşkil edirik. Çünki muzey ziyarəti
gözəl mədəni vərdiş, ən yaxşı tərbiyə
vasitələrindən biridir. Bu gün yetişən gənc
nəsillərin məhz bu ruhda tərbiyəsi
üçün biz muzey işçilərinin də üzərinə
böyük iş düşür. Ona görə də mən
təşkil olunan əksər tədbirlərdə məhz həmin
nəslin nümayəndələrini cəlb etməyə
çalışıram. Rəsul Rza və Nigar Rəfibəyli
ilə bağlı ədəbiyyat dərsləri bizim muzeydə
keçilir. Bu həm şagirdlərin dərsi qavramasına,
həm də haqqında oxuyub-öyrəndikləri şəxsin
həyatı ilə bağlı canlı məlumatlar
almasına zəmin yaradır”.
Bu işin davamı olaraq rayonun kənd
məktəblərinə də mütəmadi baş çəkdiklərini
deyən S.Həsənova həmin təhsil müəssisələrində
səyyar sərgilər keçirdiklərini deyir.
Böyük şairin ruhu yaşayan muzey
göyçaylıların sevimli mədəniyyət
ocağı, hər zaman ehtiramla ziyarət olunan şeir, sənət
ünvanıdır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 12.