El sənətkarı Həbibulla Cəfərov
Şəki Azərbaycan mədəniyyəti və incəsənətinə
Ələsgər Abdullayev, Əlövsət Sadıqov, Əhmədbəy
Tahirov, Məhərrəm İsmayılov, Ələfsər
Şəkili, Rəcəbalı Əliyev, Yunis
Qarabağlı, Mürşüd Məmmədov kimi görkəmli
ustad sənət adamları bəxş etmişdir. Onlardan biri
də həyatını Azərbaycan incəsənətinin
çiçəklənməsinə həsr edən el sənətkarı
Həbibulla Cəfərovdur.
Həbibulla Cəfərov 1902-ci ildə
rayonun Kiçik Dəhnə kəndində anadan olmuşdur.
Erkən çağlarından musiqiyə maraq göstərmişdir.
Hələ yeniyetmə ikən qarğıdan düzəltdiyi
tütəkdə ifa etdiyi musiqi parçaları onun gələcəkdə
mahir sənətkar olacağından xəbər verirdi.
Sonralar qoşa sümsüdə, qara zurnada ifa etdiyi havalar el
şənliklərinin, toy-düyünlərin bəzəyi
idi.
Dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin dəvəti ilə Həbibulla Cəfərov
Bakıda respublika əhəmiyyətli tədbirlərdə
çıxış etmişdir. Onun həyatında unudulmaz
hadisə 1938-ci ildə baş vermişdir. Belə ki, həmin
il görkəmli rəqs ustası Əminə Dilbazi Şəkidə
olmuş, Oxud kəndindən Alxasovlar ailə rəqs
ansamblı ilə birlikdə məşğul olmuş və Həbibulla
Cəfərovun rəhbərliyi ilə zurnaçılar dəstəsi
Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə iştirak etmişdir. Kremlin
Qurultaylar sarayında keçirilən yekun konsertində
SSRİ-nin dövlət rəhbərləri iştirak
etmişdir. Sənətkar 1945-ci ildə Moskvada keçirilən
Qələbə bayramında ikinci dəfə
çıxış etmişdir.
1955-ci ilin martında bəstəkarlardan
Soltan Hacıbəyov, Səid Rüstəmov və baletmeyster Əlibaba
Abdullayev folklor nümunələri toplamaq məqsədilə
Şəkiyə gəlmiş və Həbibulla Cəfərovun
zurnaçılar ansamblının müşayiəti ilə
“Şəki toyu” və “Zorxana” rəqsləri
hazırlanmışdır. Həmin kollektiv 1959-cu ildə
Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və
İncəsənəti Ongünlüyündə uğurla
çıxış etmişdir. Kollektiv 1967-ci ildə oktyabr
inqilabının 50 illiyi münasibətilə Moskvada təşkil
olunan bayram tədbirinin iştirakçısı olmuşdur.
Görkəmli zurnaçılardan
Əli Kərimov, Həsrət Hüseynov, İzzətalı
Zülfüqarov, Manaf Məmmədov Həbibulla Cəfərovu
özlərinin ustadı hesab etmişlər. Şəkidə
Ələfsər Rəhimov, Rəcəbalı Əliyev,
Ağasəf Musayev, Bünyat Kərimov, Əyyub Məmmədov,
Baxşəli Abdurəhmanov, İlham İbrahimxəlilov,
Xurşud İbrahimxəlilov və başqaları onun sənətindən
daima ilham almışlar.
O, dəfələrlə
respublikanın bir çox şəhər və
rayonlarında, qonşu Gürcüstanda, Dağıstanda
qastrol səfərlərində olmuşdur. İfa etdiyi bir
neçə rəqs ümumittifaq firmasında qrammofon
valına yazılmışdır.
Sənətkar “Əmək igidliyinə
görə” medalı, Azərbaycan Ali Sovetinin fəxri fərmanı,
digər diplom və fəxri fərmanlarla
mükafatlandırılmışdır. O, uzun sürən xəstəlikdən
sonra 1987-ci ildə, 85 yaşında vəfat etmişdir.
Onun sənətini oğlanları Əşrəf,
Əkrəm, nəvəsi Laçın bacarıqla mənimsəmişlər.
Babasının sənətinin əsl davamçısı
olan Laçın zurnada, balabanda və tütəkdə
müxtəlif melodiyaları məharətlə ifa edir.
1982-ci ildə sənətkarın
anadan olmasının 80, 1992-ci ildə 90, 2002-ci ildə isə
100 illik yubileyləri qeyd olunmuşdur. Şəki şəhər
Mədəniyyət və Turizm Şöbəsi tərəfindən
Həbibulla Cəfərovun adı əbədiləşdirilərək,
dünyaya göz açdığı Kiçik Dəhnə
kənd klubuna onun adı verilmişdir.
Həbibulla Cəfərovun anadan olmasının 110 illiyi də qədirbilən Şəki sakinləri tərəfindən qeyd edilir. Sənətkarın yubileyi münasibətilə Şəki şəhərində milli nəfəs alətləri bayramı təşkil olunub.
Vaqif Kərimov,
Şəki şəhər
M.F.Axundzadə adına
Mərkəzi
mədəniyyət evinin direktoru
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 12.