Avrasiya universitetlərinin toplantısında ölkəmizin turizm imkanlarından söz açılıb

 

   Türkiyədəki Atatürk Universitetində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun 3-cü toplantısı keçirilib. Avrasiya məkanındakı 18 ölkənin universitetlərindən 102 rektorun iştirak etdiyi toplantıda ali təhsil ocaqlarında təhsilin səmərəliliyinin artırılmasına dair məruzələr təqdim olunub.

  

   Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov “Azərbaycanın qərb regionunda turizm potensialı” mövzusunda məruzə ilə çıxış edib.

   Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak üç il əvvəl yaradılmış konsorsiumun 30 ölkədən 300 üzvü olduğunu, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm layihələrin həyata keçirildiyini bildirib.

   Toplantılarda turizm, biomüxtəliflik, qlobal dəyişikliklər kimi aktual məsələlər müzakirə olunub, Şərqi Anadolu və Cənubi Qafqazda mədəniyyətlər mövzusunda simpozium təşkil edilib. Toplantının yekununda müəllim və tələbə mübadiləsi çərçivəsində İpək Yolu düşərgələrinin təşkil olunması məqsədilə hökumətlərə maddi yardım üçün müraciət qəbul olunub. Rektorlar oktyabrın 15-də Trabzonda keçirilən Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayına da qatılıblar.

   Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun 4-cü toplantısı 2013-cü ilin yanvarında Malayziyada keçiriləcək.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 9.