Mədəniyyət xalqı dünyaya tanıdan ən böyük sərvətdir

 

   İsfəndiyar Vahabzadə: “Bir-birimizi çox tanıdıqca, mədəni əlaqələrin inkişafında daha geniş üfüqlər açılacaq”

  

   Azərbaycanla Belarus arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılıb. 2006-cı ilin fevralında Belarusun Azərbaycanda, həmin ilin avqustunda isə Azərbaycanın Belarusda səfirlikləri açılıb. Səfirliklərin açılması ilə ikitərəfli münasibətlər daha intensiv şəkil alıb. Ötən müddətdə siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə imzalanan saziş və müqavilələr, gerçəkləşən qarşılıqlı səfərlər də bunu təsdiqləyir. İki ölkə arasında mədəniyyət sahəsində əlaqələr də uğurla inkişaf edir. 2007-ci ildə Azərbaycanın Belarusda, 2008-ci ildə isə Belarusun Azərbaycanda mədəniyyət günləri keçirilib. Bu günlərdə (7-10 oktyabr) isə Belarusda ikinci dəfə Azərbaycan Mədəniyyəti Günləri gerçəkləşdi. Fürsətdən istifadə edib Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə ilə həmsöhbət olduq.

  

   - Azərbaycanla Belarus arasında münasibətlərin bugünkü vəziyyətini necə xarakterizə edərdiniz?

   - İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olacaq. Bu illər ərzində əlaqələrimiz dinamik inkişaf edərək strateji tərəfdaşlıq xarakteri alıb. Dövlət başçıları səviyyəsində sıx, etibarlı əlaqələr mövcuddur, hökumət, parlament, digər qurumlar səviyyəsində əməkdaşlıq genişlənir, ikitərəfli əlaqələrin hüquqi bazası möhkəmlənir. Bir ay öncə Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfər etdi. Görüş zamanı təhsil və mədəniyyət sahələri də daxil olmaqla ikitərəfli əməkdaşlığa dair yeddi saziş imzalandı. Daha öncə imzalanan ikitərəfli sazişlər kimi, bu sənədlərdə nəzərdə tutulan məsələlər də yavaş-yavaş həyata keçiriləcək. Ümumiyyətlə, diplomatiya tələskənliyi sevmir. Bizim münasibətlərimiz də öz axarında, tədricən inkişaf edir.

   - Beş ildən sonra Belarusda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Görüşlərdə o da qeyd olundu ki, gələn il də Belarusun mədəniyyət və incəsənət xadimləri ölkəmizin qonağı olacaqlar. Belə tədbirlərin iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığında nə dərəcədə mühüm rolu var?

    - Mən həmişə demişəm ki, xalq, millət təbii sərvətlərindən daha çox elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçı və şairləri ilə tanınmalıdır. Mədəniyyət xalqı dünyaya tanıdan ən böyük sərvətdir. Azərbaycan xalqının da qədim və zəngin mədəni irsi, ədəbiyyatı, incəsənəti, görkəmli şəxsiyyətləri bizi dünyaya tanıdır. Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təşəbbüsü ötən il gündəmə gəlmişdi. O zaman mən səfir vəzifəsinə yeni təyin olunmuşdum. Sevindirici haldır ki, tədbir yüksək səviyyədə təşkil olundu və böyük rezonans doğurdu. Sizin də qeyd etdiyiniz kimi, bundan öncə Belarusda Azərbaycan Mədəniyyəti Günləri 2007-ci ildə keçirilmişdi. Ötən müddətdə mədəni əlaqələrimiz inkişaf edib. Azərbaycan incəsənət ustaları Belarusda müxtəlif tədbirlərdə, o cümlədən ənənəvi «Listapad» kinofestivalında, «Slavyan bazarı» musiqi festivalında uğurla iştirak edirlər. Teatrlarımız Belarusda keçirilən teatr festivallarına qatılırlar. Eləcə də Belarusun incəsənət xadimləri, opera sənətçiləri Azərbaycanda Opera və Balet Teatrının tamaşalarında çıxış edirlər. Budəfəki mədəniyyət günlərində Belarus ictimaiyyəti, sənətsevərləri bir daha Azərbaycanın mədəniyyət nümunələri ilə yaxından tanış olmaq imkanı qazandı. Əlbəttə, belə tədbirlərin keçirilməsi mədəniyyətimizin tanıdılması, eləcə də əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması üçün böyük imkandır. Tədbirlər çərçivəsində nümayiş etdirilən fotosərgi, Azərbaycan filmləri və əlbəttə ki, dahi bəstəkar Qara Qarayevin «Yeddi gözəl” baletinin nümayişi Belarus tamaşaçılarında zəngin təəssürat yaratdı.

   Onu da qeyd edim ki, 2011-ci ildə Belarusda “Azərbaycan Kinosu Aylığı” keçirmişdik. Həmin tədbir çərçivəsində tamaşaçılara 10-dək filmimiz təqdim edilmiş və maraqla qarşılanmışdı. Səfirlik olaraq Azərbaycanın görkəmli mədəniyyət, ədəbiyyat, elm xadimlərini Belarus cəmiyyətinə tanıtmaq üçün tədbirlər keçiririk. Ötən il görkəmli oftalmoloq, akademik Zərifə Əliyeva haqqında yazılan kitabın təqdimat mərasimini keçirdik. Bu günlərdə isə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günü münasibətilə onun haqqında yazılan kitabı Belarus elmi ictimaiyyətinə təqdim etdik. Bundan başqa, Belarus KİV-ində vaxtaşırı ölkəmiz, tarix və mədəniyyətimiz haqqında materiallar dərc olunur.

   - İxtisasca şərqşünassınız, ədəbiyyatla məşğul olursunuz. Bütün bunlarla yanaşı, neçə illərdir ki, diplomatiya sahəsində çalışırsınız. Maraqlıdır, bunları ortaq məxrəcə necə gətirə bilirsiniz?

   - 58 yaşım var. Bütün bu saydıqlarınız illər boyu əldə edilən təcrübədir. Əmək fəaliyyətimə 1976-cı ildə başlamışam. Elmlər doktoru, professoram. Həmişə düşünmüşəm ki, insan gərək ona verilən ömrü səmərəli yaşasın. Məqsədsiz, boş yerə həyat sürmək sadəcə düzgün həyat tərzi deyil. Yeri gəlmişkən, ötən il Belarus Yazıçılar İttifaqına, habelə Belarus-Rusiya İttifaq Dövləti Yazıçılar Birliyinin nəşri “Belaya Veja” jurnalının redaksiya heyətinə üzv qəbul edildim. Əlbəttə, bu faktın özü ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. İnanıram ki, bununla mən də iki ölkə arasında ədəbi əlaqələrin inkişafına müəyyən töhfə verə bilərəm.

   - Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadə ocağında doğulub, boya-başa çatmısınız. Həyatda qazandıqlarınızda bu faktorun rolunu necə hiss edirsiniz?

   - Təbii ki, məni həyata atam Bəxtiyar Vahabzadə istiqamətləndirib. O deyirdi ki, harada işləyirsən işlə, millətinə, xalqına xeyir ver. Əgər bunu bacarsan, deməli, faydalı işlə məşğul olursan. Mən də çalışıram ki, bacardığım qədər vətənimə, xalqıma xidmət edim. Qoy mən bu dünyadan köçəndə desinlər ki, filan işi İsfəndiyar Vahabzadə gördü. Onda mən də biləcəyəm ki, boş yerə yaşamamışam. Artıq 24-25 ildir ki, xarici ölkələrdə çalışıram. Hələ sovet dövründə Əfqanıstan, İran, Türkiyədə işləmişəm. Səfir kimi fəaliyyətim Pakistanda başlayıb. Sonra İsveçrə, Moldovada çalışmışam. Diplomatik fəaliyyətimin əsasında Azərbaycanı tanıtmaq dayanır. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti bizim zəngin sərvətimizdir. Xalqımız dünyanın ən mədəni xalqlarından biridir, dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr verib. Ölkəmiz 20 illik müstəqillik dövründə dünya birliyində layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafı, dünyaya tanıdılması yolunda misilsiz xidmətlər göstərib. Onun layiqli davamçısı İlham Əliyev də ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. İndi Azərbaycan nəinki regionda, hətta dünyada bütün sahələrdə inkişaf edən ölkələr sırasındadır. Biz də bu istiqamətdə üzərimizə düşən məsuliyyəti dərk edir və əlimizdən gələni əsirgəmirik.

   - Cənab səfir, Belarusdakı azərbaycanlı icmasının fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, Belarus-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsi üçün nələr edilməlidir?

   - Mən çox istərdim ki, Belarusda yaşayan azərbaycanlılar dövlət işində çalışsınlar, dövlət orqanlarında təmsil olunsunlar. Burada Azərbaycan diasporu çox möhkəmdir. Qeyri-rəsmi məlumatlara əsasən Belarusda on iki mindən çox həmvətənimiz məskunlaşıb. Soydaşlarımız burada biznes sahəsində yaxşı imkanlara malikdirlər. Tanınmış idmançı, dəfələrlə beynəlxalq səviyyədə uğurlara imza atmış Natiq Bağırovun rəhbərlik etdiyi Azərbaycan İcmaları Konqresi bu ölkədə məskunlaşmış həmvətənlərimizin təşkilatlanmasında və Azərbaycanın Belarusda tanıdılması istiqamətində müəyyən işlər görüb. Belarus dövlət mükafatı laureatı, radiotexnika və riyaziyyat elmi sahəsində görkəmli alim Rauf Sadıqov, tibb elmləri doktoru Reyman İsmayılzadə, Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin rəhbəri, filologiya elmləri doktoru, professor Rafiq Novruzov və başqaları Azərbaycan diasporunun təşkilatlanmasında xeyli əmək qoyublar. Ancaq bu hələ yolun başlanğıcıdır. Bizə təşkilatlanmaq, yenə də təşkilatlanmaq və bir daha təşkilatlanmaq lazımdır. Yalnız bu yolla erməni diasporunun qarşısına güclü qüvvə kimi çıxa bilərik. Bir məsələni də qeyd edim. Ermənilərin xarakteri elədir ki, onlar məskunlaşdığı ölkələrdə dövlət orqanlarına təsir edə biləcək yolları həmişə tapa bilirlər, ən müxtəlif üsullara əl atmaq bahasına olsa belə. Bu gün Belarusun bir çox dövlət orqanlarında çalışan ermənilərə rast gəlmək olar. Hər bir ölkəyə gələn qonağın ilk gördüyü yer hava limanıdır. Minsk aeroportunun rəhbəri ermənidir. Bundan başqa, Belarusun Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlarında ermənilər çalışır. Bu baxımdan bizim soydaşlarımızın da bu məsələdə fəal, təşəbbüskar olmasını istəyirəm. Seçkili orqanlarda təmsil olunmaq da əsas vəzifələrimizdəndir. Qeyri-hökumət təşkilatları ilə səmərəli işləmək isə xüsusi bir məsələdir. Bundan başqa, ölkələrimiz arasında iqtisadi əlaqələri daha da genişləndirmək istəyirik. Çalışırıq ki, Belarus iş adamları Azərbaycanda, eləcə də Azərbaycan iş adamları bu ölkədə yatırım qoysunlar. İnvestisiya və elmi əməkdaşlıq mühüm addımdır. İntensiv ticarət və iqtisadi əməkdaşlıq, keçirilən yüksək səviyyəli səfərlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına güclü təkan verir.

   - Azərbaycanın Belarusdakı səfirliyi olaraq yaxın gələcəkdə hansı tədbirləri keçirməyi planlaşdırırsınız?

   - İl yarımdır ki, ölkəmizi Belarusda səfir kimi təmsil edirəm. Bu müddətdə, yuxarıda qeyd etdiyim kimi, bir sıra təşəbbüsləri reallaşdırmışıq. Mütəmadi olaraq Belarus televiziyalarında və mətbuatında çıxış edirik. 28 May - Respublika Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramını qeyd edirik. Bu yaxınlarda növbəti dəfə Belarusda “Azərbaycan Kinosu Aylığı” keçirməyi planlaşdırırıq. Bütövlükdə inanıram ki, bir-birimizi çox tanıdıqca, mədəni əlaqələrin inkişafında daha geniş üfüqlər açılacaq. Əminəm ki, 2013-cü ildə diplomatik əlaqələrimizin yubileyi ölkələrimizin əməkdaşlığına çoxlu maraqlı hadisələr bəxş edəcək.

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 7.