“Canni Skikki”: ədalətli
fırıldaqçının hekayəti
Cakkomo Puççininin «Canni Skikki» operası ilk dəfə
bizim səhnədədir. Opera və Balet Teatrında
tamaşaya qoyulan operanın musiqisi çox dinamik, temporitmi
yüksək olmaqla yanaşı, librettonun (Coakino Forzano)
süjeti də bir o qədər məzəli, dinamik və
maraqlıdır. Deyilənlərə görə, bu əhvalat
real həyatda baş vermişdir. Qəhrəmanın kələklə
varlanması. Bəs kələk nədir?
Zəngin zadəgan Buozo Donati vəfat
edib. Qohumlar yığışıb canfəşanlıqla
ağlaşır, fəryad edirlər. Elə bu zaman məlum
olur ki, bu qədər ağlamağına dəyməzmiş.
Mərhum öz varidatını monastıra vəsiyyət
edib. Qohumlar həşirlə o lənətə gəlmiş
vəsiyyətnaməni axtarırlar. Tapıb oxuyurlar və bu
qədər ümidi puç etmiş Buozonu rahat buraxmaq istəmirlər.
Qərara gəlirlər ki, məşhur
fırıldaqçı, kələkbaz kəndlini - Canni
Skikkini çağırsınlar. O, gəlsin və bu vəsiyyətnamə
əhvalatına bir əncam çəksin. Axı bu qədər
varidatı keşişlərə, rahibələrə vermək
axmaqlıqdır.
Canni gəlir. Ən gülməlisi
buradan başlayır. O, vəsiyyətnaməni və
ölünü gizləməyi təklif edir. Əgər adam
ölübsə və axmaqlıq edib varidatını
monastıra vəsiyyət edibsə, bu səhvi düzəltmək
lazımdır. Canni özü ölünün yerinə
uzanıb notariusu çağırtdırır və yeni vəsiyyətnamə
tərtib edir. Ölünün yerində olasan və
varidatı bu ikiüzlü, yaltaq qohumlara vəsiyyət edərsənmi?
Əlbəttə yox! Canni də etmir. O, ölünün
adından bütün varidatı özünə - Canni Skikkiyə
vəsiyyət edir.
Əminəm ki, bu vəsiyyətnamənin
mətni aktyorların göstərə bildiyindən də
artıq gülməli nüanslarla boldur.
Canni burada, varlı ölü
burada, vəsiyyətnamə ortada. Onda bu yaltaq, vəsiyyətnamə
davasına yığışan qohumlar burda nə gəzirlər?
Canni onları qovur. Qızına və onun sevgilisinə
baxıb onların yeni həyatı haqqında xoş fikirlərə
dalır. Əlbəttə, ən düzü budur. Yoxsa yaltaq
qohumların bu var-dövlətdə nə haqqı var? Canni isə
bu var-dövləti qızı Laurettaya (İnarə Babayeva) və
onun sevgilisi Rinuççoya (Fərid Əliyev) sərf edəcək.
Belə daha ədalətli deyilmi?
Canni zəngin və xoşbəxt
olmağın dalınca getməkdə olsun, sizə aktyorlardan
xəbər verək. Opera və Balet Teatrının
aktyorları ifaları ilə öz qəhrəmanlarını
bütövləşdirə bilmişdilər. Səs, üz
və bədən ifadəsinin mükəmməl
uyğunluğu xarakteri bütün çalarlarıyla təqdim
edirdi. Burada “təqdimat” sözü önəmlidir.
Çünki aktyorlar öz ifalarına yüngülcə bir
illüstrativ karikatura havası vermişdilər. Bu da əhvalatın
məzmunundan irəli gəlir.
Baş qəhrəmanı - Canni
Skikkini canlandıran Anton Ferştandtın oyunu xüsusilə
seçilirdi. O həm komik məqamları, həm də
dramatik səhnələri mükəmməl ifa etdi. Öz
bariton səsinin ən müxtəlif çalarlarını
istifadə etmək, həm də yerində istifadə etmək
opera ifaçısının uğurudur.
Tamaşada romantik ifa tərzi tələb
edən obrazı - Laurettanı oynayan İnarə Babayeva isə
tamaşaçıları öz soprano səsi ilə heyran
etdi. Qohumları oynayan Gülnaz İsmayılova, Səbinə
Əsədova, Fəridə Məmmədova, Əkrəm
Poladov, Notarius - Əli Əsgərov müxtəlif xarakterlər
və gözəl xarakterik səslər təqdim etdilər. Həmçinin
geyimlər, rənglər ustalıqla və qəhrəmanların
xarakterinə uyğun seçilmişdi. Riyakar, hiyləgər,
tamahkar qohum qadınlar - tülkü rəngində əlvan,
geyim, tək uçan qara qarğanı xatırladan qara
kostyum, Canni Skikki isə çoxcibli cins gödəkçə
və şalvarla sanki xırda alverçi kimi
obrazlarını tamamlamışdılar. Dekorasiyalar
gözoxşayan, sadə və bununla belə varlı evi
göstərə bilən qədər lakonik idi. Məsələn,
əhvalatın baş verdiyi otağın pəncərəsindən
görünən şəhər mənzərəsi səhnəyə
dərinlik gətirməklə yanaşı, dəbdəbəli
Roma arxitekturası əhvalata uğurla seçilmiş fondur.
Tamaşaya Ukraynadan dəvət edilən tanınmış və istedadlı opera rejissoru Nikolay Tretyak quruluş verib. Qeyd edək ki, N.Tretyak bundan əvvəl Opera və Balet Teatrımızın səhnəsində P.Maskanyinin “Kənd namusu”, S.Raxmaninovun “Aleko”, V.A.Motsartın “Hamı belə edir”, C.Puççininin “Boqema” operalarına quruluş verib.
Aliyə
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 6.