100 ilin təntənəsi

 

   Dahilər sona kimi dərk olunmasa da, onların sənəti qarşısında baş əyənlər həmişə olacaq

  

   Oktyabrın 12-də Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, beynəlxalq və dövlət mükafatları laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun 100 illik yubileyinə həsr olunmuş gecə keçirildi.

  

   Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində maestronun həyat və sənət yolunu əks etdirən fotosərgi ilə tanış oldular. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən təşkil olunmuşdu.

   Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli musiqiçinin yaradıcılığından söz açdı, Niyazini Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardan biri kimi dəyərləndirdi. Qeyd olundu ki, dünya şöhrətli maestronun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar ölkə başçısı xüsusi sərəncam imzalayıb və sərəncama əsasən, mədəniyyət ocaqlarında, musiqi müəssisələrində, məktəblərdə Niyazinin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlər keçirilib. Nazir maestronun 100 illik yubiley gecəsinin Dövlət Filarmoniyasında keçirilməsinin təsadüfi olmadığını bildirdi: “Böyük maestro uzun illər məhz bu binada çalışmış, burada sənətsevərlərə möhtəşəm konsert proqramları bəxş etmişdir. Bu gün isə burada onun yubiley axşamına toplaşmışıq. Maestro Niyazi Azərbaycan musiqisində fövqəladə rol oynamış şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, təbliğ olunmasında əvəzsiz rol oynamış musiqiçidir. O dövrdə Azərbaycan bəstəkarlarının bütün yeni əsərlərinin ilk təqdimatı Niyazinin rəhbərliyi altında tamaşaçılara təqdim olunmuşdur. Və təbiidir ki, Niyazinin şəxsiyyəti hər bir musiqiçi, bəstəkar üçün ilahi bir obraza çevrilmişdir”.

   Azərbaycan musiqisinin Sovet İttifaqında, eləcə də dünyada tanıdılmasında və təbliğində maestronun böyük rolu olduğunu deyən Əbülfəs Qarayev Niyazinin böyük dirijor olmaqla yanaşı, eyni zamanda görkəmli bəstəkar olduğunu vurğuladı, onunRastsimfonik muğamını dərin fəlsəfi əsər kimi xarakterizə etdi. Niyazinin tanınmış ictimai xadim kimi xidmətlərindən söz açan nazir onun Azərbaycan mədəniyyətinin təbliğində böyük işlər gördüyünü dedi: “Niyazinin məqsədi Azərbaycan musiqisinə xidmət etmək idi. O, Azərbaycan dirijorluq məktəbini yaratdı. Biz öz tariximizi, şəxsiyyətlərimizi heç vaxt unutmamalıyıq. Niyazi kimi şəxsiyyətlərlə fəxr etməliyik”.

   Nazir çıxışının sonunda bildirdi ki, ölkə başçısının tapşırığı əsasında tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov hazırda Niyazinin heykəlini hazırlayır və yaxın vaxtlarda heykəl Bakının görkəmli yerlərindən birində ucaldılacaq.

   Yubiley gecəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Niyazinin 1949-cu ildə yazdığı “Rastsimfonik muğamını səsləndirdi. Dramaturji bitkinliyi, güclü emosionallığı, zəngin melodiyası və mükəmməlliyi ilə seçilən əsər - Niyazi dühasının təntənəsi alqışlarla qarşılandı.

   Gecədə xalq artistləri FidanXuraman Qasımova bacıları NiyazininArzu” romansını, Ramil Qasımov isə “Vətən haqqında mahnı”sını səsləndirdi. Yubiley gecəsində Sergey Raxmaninovun əsərləri və Rusiyadan Nikita Volovun solo ifaları da alqışlarla qarşılandı.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 5.