Ölkəmizin
turizm imkanları Kiyevdə nümayiş olunub
Ukrayna media təmsilçilərinin
Azərbaycana press-turları
təşkil ediləcək
Xəbər verdiyimiz kimi, oktyabrın 11-dən
13-dək Ukraynanın paytaxtı
Kiyevdə 19-cu «Ukraine International Travel
Market» adlı beynəlxalq
turizm sərgisi keçirilib.
Ölkəmiz sərgidə Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri
Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə təmsil olunub.
Nümayəndə
heyətinin üzvü,
Turizm şöbəsinin
Tədqiqat işləri,
statistika və lisenziyalaşdırma sektorunun
müdiri Rəhman Oruclu sərgidə Azərbaycan stendinə geniş ziyarətçi marağının olduğunu
vurğuladı: “Maraqlı
dizaynı və reklam-çap məhsullarının
zənginliyinə görə
Azərbaycanın stendi
xüsusilə fərqlənirdi.
Ona görə də nəinki ziyarətçilər,
eyni zamanda, sərgi iştirakçısı
olan müxtəlif ölkələrin təmsilçiləri
tərəfindən stendimizə
xüsusi diqqət vardı. Onlar ölkəmiz haqqında
öz fikirlərini bildirir, həmçinin də bizdən əlavə məlumatlar alırdılar».
Azərbaycanın stendi ilə
yerli media nümayəndələri
də yaxından maraqlanıb. Bir çox KİV əməkdaşları,
o cümlədən də
Ukrayna Jurnalistlər Assosiasiyasının nümayəndələri
Azərbaycan nümayəndə
heyətinə yaxınlaşaraq
ölkəmiz haqqında
geniş məlumat almaq istədiklərini bildiriblər: “Ölkəmizə
press-turların təşkili
ilə bağlı fikir mübadiləsi apardıq. Gələcəkdə Ukraynanın aparıcı
media vasitələrinin nümayəndələrindən
ibarət qrupun Azərbaycana dəvət edilməsi, respublikamızın
turizm potensialı haqqında materialların hazırlanıb Ukrayna ictimaiyyətinə təqdim
olunması ilə bağlı ilkin razılıq əldə edildi».
R.Oruclu qeyd etdi ki, stendimizdə ölkəmizin turizm imkanlarından bəhs edən Ukrayna, rus və ingilis
dillərində 30 adda
reklam-çap məhsulu
nümayiş olunub.
Bu çap məhsulları
ziyarətçilərə paylanıb: «Stendimizə yaxınlaşan ziyarətçilərin
ölkəmiz haqqında
ümumən məlumatlı
olduqları hiss olunurdu.
Bunu onların verdikləri suallardan da anlamaq
mümkün idi.
Ukraynalılar nəinki
paytaxt Bakı, eyni zamanda bölgələrimizlə
bağlı müxtəlif
suallar verirdilər. Xüsusilə yaşlı
nəslin nümayəndələri
Naftalandakı sanatoriyalar,
neftlə müalicə
üsulları ilə
maraqlanırdılar. Orta
və gənc yaşlı ziyarətçilər
isə əyləncə
turizmi istiqamətləri
barədə suallar verirdilər. Bütün bunları nəzərə
alaraq bu nəticəyə gəlmək
olar ki, əksər Ukrayna vətəndaşları Azərbaycan,
onun istirahət mərkəzləri, turizm
zonaları haqqında
məlumatlıdırlar. Çalışacağıq
ki, Ukrayna media təmsilçilərinin ölkəmizə
press-turu vasitəsilə
bu ölkənin ictimaiyyətinin Azərbaycan
haqqında təsəvvürlərini
daha da zənginləşdirək”.
Qeyd edək ki, Azərbaycan
artıq 5-ci dəfədir
ki, «Ukraine International Travel Market» sərgisində iştirak
edir. Budəfəki sərgidə respublikamızın
turizm imkanlarını
nümayiş etdirmək
üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
48 kvadratmetr sahə icarəyə götürülmüşdü.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 5.