Yaşa, Azərbaycanım, yaşa!”

 

   Oktyabrın 16-da İstiqlal Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş “Yaşa, Azərbaycanım, yaşa!” adlı sərgi keçirildi. Sərgidə Dövlət Pedaqoji Universitetinin «Təsviri sənət, rəsm-xətt və onun tədrisi metodikası» kafedrasının müəllimi Səyyar Əliyevin əsərləri nümayiş olunurdu.

   Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq müstəqillik dövründə əldə olunan uğurlardan danışdı, rəhbərlik etdiyi mədəniyyət müəssisəsində gənclərin iştirakı ilə müxtəlif tədbirlərin, sərgilərin keçirildiyini qeyd etdi.

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, Səyyar Əliyevin professional rəssamlıq təhsili olmasa da, əl işləri orijinallığı ilə seçilir: “Biz əminliklə deyə bilərik ki, o, rəsmləri qəlbinin diktəsi ilə çəkir, həmişə sənət axtarışındadır”.

   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova, Səyyar Əliyevin qardaşı Nizami Əliyev, şair Oqtay Sarıcalı gənclərdə vətənpərvərlik hissinin aşılanmasında belə sərgilərin vacibliyini vurğuladılar.

   Sonra sərgiyə baxış keçirildi. Tədbirdə Rəssamlıq Akademiyasının və Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, rəssamlar, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edirdilər.

 

 

   C.Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 4.