Bakıda növbəti musiqi bayramı başlandı

 

   Oktyabrın 25-dək davam edəcək Beynəlxalq Caz Festivalında dünyanın məşhur ifaçıları iştirak edir

  

   Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkil etdiyi ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verildi.

  

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Beynəlxalq Caz Festivalının ölkəmizin ev sahibliyi etdiyi musiqi bayramları sırasında özünəməxsus yer tutduğunu vurğuladı. Qeyd olundu ki, bu gün festival dünya caz musiqiçilərində böyük maraq doğurur. Hər il musiqi bayramına müxtəlif ölkələrdən məşhur caz ifaçılarının qatılması da buna sübutdur.

   Nazir ölkəmizdə musiqi sənətinin, o cümlədən caz musiqisinin inkişafına göstərilən dövlət qayğısından danışdı: “Sevindirici haldır ki, caz musiqisi incəsənətimizin mühüm tərkib hissəsinə çevrilib. Caz ustaları fəxri adlara layiq görülürlər. Azərbaycanlı cazmenlər nəinki ölkəmizdə, respublikamızın hüdudlarından kənarda da musiqimizi uğurla təbliğ edirlər”.

   Çıxışlardan sonra məşhur amerikalı gitara ifaçısı Mayk Stern (Mike Stern) öz qrupu ilə səhnəyə dəvət olundu. Tədbir maraqlı caz kompozisiyalarla davam etdi.

   Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində Heydər Əliyev Sarayı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Bakı Caz Mərkəzində dünyanın tanınmış caz ifaçıları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.

   Festivalda Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu (ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), ölkəmizdən Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Natiq Şirinov, Tofiq Cabbarov və başqaları iştirak edir. Festivalda Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri və Əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xoru da çıxış edəcək.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 3.