Gənc
ifaçılarımız MDB ölkələrinin Musiqi Akademiyasında uğurla
çıxış ediblər
Oktyabrın 1-8-də Ukraynanın Lvov şəhərində Xalq
artisti Yuri Başmetin himayəsi altında MDB ölkələri
IV Gənclər Musiqi Akademiyası təşkil
olunub.
Hər il oktyabr ayında gerçəkləşən beynəlxalq layihə çərçivəsində MDB ölkələrinin ali musiqi məktəblərinin istedadlı tələbələri müxtəlif ölkələrdən olan tanınmış musiqiçi-pedaqoqlardan ustad dərsləri alır, birgə konsertlərdə iştirak edirlər. İlk üç ildə layihə Belarusun paytaxtı Minskdə keçirilib, sonra isə akademiyanın təşkili üçün zəngin musiqi ənənələri ilə tanınan Lvov şəhəri seçilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə budəfəki layihədə gənc musiqiçilər İlham Nəzərov (vokal), Ceyla Seyidova (skripka), Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər. Tələbələr Sergey Edelman (fortepiano), Aleksandr Trostyanski (skripka), Svetlana Nesterenko (vokal), Vitali Astaxov (viola), Aleksey Seleznyov (violonçel) kimi tanınmış müəllimlərin, həmçinin Yuri Başmetin ustad dərslərində iştirak etmək imkanı qazanıblar.
Fərəhli haldır ki, 11 ölkədən 42 gənc musiqiçinin iştirak etdiyi Akademiyada Azərbaycanın istedadlı gəncləri musiqi ictimaiyyətinin diqqətini cəlb ediblər. Tədbiri işıqlandıran kütləvi informasiya vasitələrində həmyerlilərimizin uğurları barədə məlumat verilir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ceyla Seyidova və Üzeyir Mahmudbəylinin ifaçılıq qabiliyyəti yüksək qiymətləndirilib, onlar Akademiyanın konsertlərində müvəffəqiyyətlə çıxış ediblər.
Gənc
vokalçı İlham Nəzərovun
konsertlərdə uğurlu
çıxışı xüsusilə böyük
əks-səda doğurub. Bas-bariton
və kontrtenor partiyalarını məharətlə
ifa edən vokalçı Lvov
Akademiyasının yeni kəşfi
adlandırılıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və "Üns"
yaradıcılıq səhnəsinin solisti
olan ifaçı hazırda Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə İtaliyanın Ozimo
şəhərində D'Arte Lirica Akademiyasında təhsil alır.
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 3.