Qədim musiqi alətlərimiz

 

   Sazın əfsanəsi, tarixi və bu günü

  

   Türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biri olan sazın Azərbaycanda üç növü məlumdur: böyük saz, cürə saz və tavar saz.

  

   Əfsanəyə görə, qartal bir heyvan cəmdəyini parçalayaraq bağırsaqlarını caynaqlarına alıb ağacın başına qaldırır. Bağırsaq budaqlara ilişir, isti gün altında quruyub nazilir. Şiddətli küləyin uğultusu və budaqların ona toxunması ahəngdar səslər çıxarır. Bu zaman yoldan keçən bir adam həmin səslərə heyran qalır. Hadisənin səbəbini öyrəndikdən sonra qurumuş bağırsaqdan sim düzəldərək ilk simli musiqi alətini icad edir.

   Bu maraqlı əfsanəni ilk simli musiqi alətlərinin yaranması haqqında nağıl kimi də qəbul etmək olar. Burada müəyyən inandırıcı cəhətlər olsa da, əfsanə əfsanəliyində, nağıl nağıllığında qalır. Əslində isə hər bir musiqi alətinin öz tarixi var.

   Babası qopuz olmaqla Azərbaycan xalqının məişətinə çox qədim dövrlərdən bəri daxil olan saz üç, beş, yeddi, doqquz tel üzərində inkişaf tapmışdır.

   Müasir sazların çanağı tut ağacının seçmə növlərindən, qol və aşıqları isə qoz ağacından hazırlanır. Çanağın gövdəsi bir-birinə bərkidilmiş tək sayda (adətən 9) taxta "qabırğa"lardan yığılır. Bu "qabırğa"lar qol ilə çanağı birləşdirən "küp" adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanır.

   Azərbaycanda ölçüləri ilə fərqlənən tavar sazın, yaxud ana sazın 8, bəzən 9 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq sazın 6, bəzən 7 simi, kiçik cürə sazın isə 4-6 simi olur. Bir vaxtlar simlər yüksək keyfiyyətli poladdan hazırlanar, gümüş suyuna salınardı. Belədə onlar heç zaman paslanmaz və çox az halda qırılarmış. Saz, əsasən, gilas ağacının qabığından hazırlanmış təzənə ilə səsləndirilir. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir.

   Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 120 sm, çanağının dərinliyi 20 sm olur. Onun diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə qədərdir.

   Səkkiz mərhələdə formalaşan müasir sazın səsdüzümü fərqli adlar ilə, məsələn, Naxçıvan bölgəsində birinci pərdə baş və ya divani, ikinci lal, üçüncü cığalı təcnis, dördüncü lal, beşinci şah, altıncı lal, yeddinci keşiş oğlu, səkkizinci cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə adları ilə məlumdur.

   Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.

   Saz XVI əsrdə - Şah İsmayıl Xətainin dövründə indiki şəklini almışdı. Şah İsmayıl Xətai könül oxşayan qoşmalarının birində sazı belə tərənnüm edir:

 

   Bu gün ələ almaz oldum mən sazım,

   Ərşə dirək-dirək çıxar mənim avazım.

   Dörd iş vardır hər qarındaşa lazım:

   Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

  

   Azərbaycan sazı, türkdilli xalqlar arasında geniş yayılmaqla yanaşı, ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlüklərə malikdir. Hazırda xalq çalğı alətləri orkestrində sazdan (adətən, qoltuq ya cürə sazdan) solo alət kimi istifadə olunur.

   Qəhrəmanlıq ruhu ilə Şah İsmayılın, Koroğlunun qəlb sirdaşı, yol yoldaşı olan saz qədim milli musiqi alətlərimizdən biri kimi yaşam haqqını çoxdan qazanıb.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 19 oktyabr.- S. 13.