Abbasmirzə
Şərifzadə Tiflisdə
Səhnəmizin
korifeylərindən biri, görkəmli aktyor və rejissor, Xalq artisti Abbasmirzə
Şərifzadə Tiflis teatr
mühiti, o cümlədən
Tiflis Azərbaycan teatrı ilə
yaradıcılıq əlaqələri saxlamış, burada çalışan Azərbaycan və gürcü sənətkarları ilə dostluq etmişdir. Təbii ki, bu
əlaqələr Tiflis Azərbaycan
teatrının formalaşmasına, aktyorların peşəkarlığının
artırılmasına, yeni aktyor və rejissorların yetişməsinə,
habelə Azərbaycan-gürcü teatr əlaqələrinin
inkişafına müsbət təsir göstərib.
O, tez-tez Tiflisə qastrola gələr, eyni zamanda, yerli aktyorlarla birlikdə tamaşalar hazırlayar, özü də bu tamaşalarda səhnəyə çıxardı. Abbasmirzə Şərifzadənin bu səfərləri sistemli şəkil aldığına görə, professor Abbas Hacıyevin yazdığı kimi, hətta mətbuat onu “Tiflis səhnəsinin artisti” adlandırırdı.
Mənbələrdən məlum olur ki, 1916-cı ildə «Hacıbəyov qardaşlarının opera, operetta dəstəsi» adlı truppa təşkil edilmiş və truppanın rejissorluğu Üzeyir bəy tərəfindən Abbasmirzə Şərifzadəyə tapşırılmışdır. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olmuş, «Arşın mal alan», «O olmasın, bu olsun», «Şah İsmayıl», «Aşıq Qərib» tamaşalarını nümayiş etdirmişdir. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrindən məlum olur ki, Abbasmirzə Şərifzadənin rejissorluğu ilə göstərilən tamaşalarda Üzeyir bəy özü dirijorluq etmişdir. Tamaşalarda Bakıdan gəlmiş aktyorlarla yanaşı, yerli artistlər - Nadir İbrahimov, Əli Şahsabahlı, Məmməd Cəfərli, o vaxtlar burada yaşayan və Tiflis Azərbaycan teatrının tamaşalarında aktyor kimi çıxış edən Seyid Şuşinski də iştirak etmişdir.
Abbasmirzə Şərifzadənin buradakı teatr mühiti ilə əlaqələri 1920-ci illərin əvvəllərində Tiflis Azərbaycan Dövlət Dram Teatrı rəsmi status aldıqdan sonra daha da intensivləşmiş və bu təmas aktyorun ömrünün sonunadək davam etmişdir.
O, 1923-cü ilin iyununda sənət dostu Mərziyə Davudova ilə Tiflisdə qastrolda olmuş və burada yerli aktyorlarla birlikdə böyük dramaturqumuz Hüseyn Cavidin «İblis» və «Şeyx Sənan» pyeslərində çıxış etmişdir. İyunun 19-da Gürcü klubunda «İblis» tamaşası göstərilmişdir. Tiflis Azərbaycan teatrının rejissoru və aktyoru Mirseyfəddin Kirmanşahlının quruluş verdiyi səhnə əsərində İblis rolunda Abbasmirzə Şərifzadə, Rəna rolunda Mərziyə Davudova, Arif rolunda İbrahim İsfahanlı, İxtiyar rolunda Mustafa Mərdanov çıxış etmişdir. Digər rolları da Tiflis teatrının aktyorları oynamışlar. İyunun 22-də isə «Şeyx Sənan» pyesi göstərilmişdir. Bu tamaşanı da Mirseyfəddin Kirmanşahlı hazırlamış, baş rolları Abbasmirzə Şərifzadə və Mərziyə Davudova, digər rolları yenə Tiflis teatrının aktyorları oynamışlar. Hər iki tamaşa, xüsusən Abbasmirzə Şərifzadənin oyunu Tiflis mətbuatında yüksək qiymətləndirilmişdir.
Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan
teatrı» kitabından:
«... Bakı və Tiflis (Tbilisi şəhəri 1936-cı ilədək
Tiflis adlanmışdır - A.B.) artistlərinin birgə tamaşaları daha təsirli, daha məzmunlu olurdu. Birgə tamaşalar göstərmək
üçün Mərziyə
xanımla A.Şərifzadə
1923-cü ildə Tiflisə
gəlmişdilər. Onlar Rustaveli və Marcanişvili teatrlarında
«Şeyx Sənan» «İblis» və «Aydın» pyeslərini tamaşaya qoyurdular. Tamaşaların hamısında A.Şərifzadə,
Mərziyə xanım,
M.Kirmanşahlı, M.Mərdanov,
İ.İsfahanlı, M.Abbasov,
P.Tanailidi, İsmət
xanım, Tərlan xanım və İ.Hüseynov iştirak
edir, tamaşaçı
rəğbəti qazanırdılar».
Aktyorun Tiflisə növbəti
qastrolu 1926-cı ildə
olmuşdur. O bu dəfə Tiflis Azərbaycan
teatrının aktyorlarının
iştirakı ilə
«İblis» və «Şeyx Sənan»la yanaşı, «Oqtay Eloğlu», «Otello» və «Don Juan» pyeslərini
də tamaşaçılara
təqdim etmişdir.
Tiflis mətbuatında
bu tamaşalar barədə çap olunmuş resenziyalarda Abbasmirzə Şərifzadənin
oyunu təhlil edilmiş, ayrı-ayrı
müəlliflər onun
«Şeyx Sənan rolunu mümkün olduğu dərəcədə
müvəffəqiyyətlə oynadığını», «Don Juan rolunda bütün məharətini göstərdiyini»,
«Oqtay rolunu xüsusi ruh yüksəkliyi ilə ifa etdiyini», «Otello rolunu oynamaqla
birinciliyi qazandığını»
xüsusi vurğulamışdılar.
«Yeni fikir» qəzetinin 21 fevral 1926-cı il
tarixli sayında «Oqtay Eloğlu» tamaşası barədə
verilmiş resenziyada yazılmışdı. «...Oynayanlara
gəldikdə qastrolçu
Abbasmirzə Şərifzadənin
Oqtay rolunu son dərəcə gözəl
oynamasını birinci
növbədə qeyd
etməliyik. Çəkdiyi əzablardan, işgəncələrdən,
aldığı töhmətlərdən,
yoldaşlarının lazımi
yüksəklikdə olmamasından
yorulmuş böyük
aktyor - Oqtay özündə olan böyük qüvvənin
köməyi ilə yaşayır. Bu qüvvə onu ən ümidsiz hallardan qurtarır. Oqtayın ümumi hisslərini Abbasmirzə böyük məharətlə göstərir
və tamaşaçını
müttəsil öz təsiri altında saxlayır».
Görkəmli aktyorun səhnə
fəaliyyətinin 20 illiyi
1929-cu ilin əvvəllərində
Tiflisdə də geniş qeyd edilmişdir. Bu münasibətlə Gürcüstan
hökumətinin İncəsənət
Şöbəsi tərəfindən
xüsusi yubiley komissiyası yaradılmış
və komissiyanın tərkibinə tanınmış
dövlət və mədəniyyət xadimləri,
teatr ictimaiyyətinin nümayəndələri daxil
edilmişdilər. Bu barədə
Tiflis mətbuatında yazılmışdı:
«Tiflis Dövlət Türk
Dramının Bədii
Şurası Azərbaycanın
əməkdar aktyoru Abbasmirzə Şərifzadənin
20 illik zəhmətini
nəzərə alaraq
onun bu günlərdə
Bakıda bayram edilən yubileyini Tiflisdə təkrar etməyi qərara almışdır. Yubiley martın
əvvəlində bayram
ediləcəkdir. Yubiley komissiyası
bu qərarla tərtib edilib, Ali İncəsənət Şöbəsi
tərəfindən təsdiq
olunmuşdur».
Yubiley ərəfəsində və yubileydən sonra Tiflis mətbuatında,
xüsusən «Dan yıldızı»
jurnalında və «Yeni kənd» qəzetində ayrı-ayrı
müəlliflərin aktyorun
fəaliyyətinə aid məqalələri
dərc edilmişdir.
«Yeni
kənd» qəzetində
Abbasmirzə Şərifzadə
haqqında dərc olunmuş məqalənin Ə.Ucarlı imzalı müəllifi yazırdı
ki, səhnəmizin bu əməkçi oğlunu tanımayan yoxdur. O, türk teatrını yüksəltmək
yolunda çox əmək sərf etmiş, sənət onun ilə doğulmuş
və onu aşılmaz dağlardan aşırmışdır.
Yubiley tədbiri 1929-cu il
martın 1-də Ş.Rustaveli
adına teatrın binasında keçirildi. Həmin tədbirdə Tiflis Azərbaycan
Dövlət Dram Teatrının
aktyorlarının ifasında
«Hamlet» tamaşası göstərildi.
Hamlet rolunu Abbasmirzə
Şərifzadə oynayırdı.
«Yeni kənd» qəzetində dərc edilmiş «Abbasmirzə Şərifzadənin
yubileyi» adlı yazıdan: «Kafi dərəcədə iradə
qüvvəsinə malik
olmadığından əzablar
içərisində məhv
olan Hamlet tipini Abbasmirzə xırda detallarına qədər təhlil və onu dərin düşüncə ilə
oynayaraq, unudulmaz bədii bir sima yaradır. Qocaman dramaturq Əbdürrəhim
bəy Haqverdiyevin dediyi kimi, «Dursunəli
- Hamlet! Nə böyük
məsafə, nə ağır yollar, nə parlaq nailiyyət!» Bunu bu axşam tamaşaçılarımızın
dəfələrlə qopan
gurultulu və səmimi alqışları
sübut etdi».
Ə.Seyfinin «Dan yıldızı» jurnalında çap olunmuş məqaləsində
də aktyorun sənətinə böyük
məhəbbətin şahidi
oluruq. Məqalə
müəllifinin fikrincə,
Otello, Hamlet, Karl Moor, Elxan,
İblis, Şeyx Sənan, Aydın, Svenqali kimi məsul
rolların Abbasmirzə
tərəfindən böyük
bacarıq və müvəffəqiyyətlə oynanılması sənətkarın
keçmiş olduğu
yolu və onun bədii simasını müəyyən
edən gözəl sübutdur.
Xüsusi olaraq qeyd edilməlidir ki, Abbasmirzə sənəti Tiflisdə yaşayan digər xalqların nümayəndələri tərəfindən
də sevilmiş və yüksək qiymətləndirilmişdir. Tiflisdə rus dilində nəşr olunan «Zarya Vostoka"
qəzetinin 23 mart 1936-cı il tarixli sayında
dərc edilmiş «Türk teatrının böyük qələbəsi»
adlı yazıda teatrın «Şekspir zirvələrinə yüksəlməyə
qadir aktyor qüvvələrinə malik
olduğu» göstərilir
və bu aktyorlar sırasında Abbasmirzə Şərifzadənin
adı çəkilir.
Məqalə müəllifinin fikrincə, «Abbasmirzənin
Maqbeti (U.Şekspirin «Maqbet» faciəsi - A.B.)
- Şekspir epoxasının
ictimai kəşməkəşlərindən
doğulmuş, daxilində
ehtiraslar qaynayan bir insan obrazı...,
aktyorun böyük yaradıcılıq qələbəsidir».
Görkəmli
gürcü rejissoru və aktyoru, SSRİ Xalq artisti İsaak
Antadze (o, teatr ictimaiyyətində Dodo Antadze
adı və soyadı ilə tanınır) də aktyorun sənətini, xüsusən onun ifasında Hamlet obrazını
yüksək qiymətləndirmiş
və belə yazmışdır: «Tiflis tamaşaçıları
öz sevimli aktyorları olan Abbasmirzə Şərifzadə
ilə son dəfə
1936-cı ildə görüşdülər.
Həmin ildə o,
Hamlet rolunu oynadı və öz parlaq talantı ilə tamaşaçıları
bir daha valeh etdi...”
Həmin qastrolun başqa bir şahidi, görkəmli gürcü
şairi Sandro Şanşiaşvilinin xatirələrindən:
«1936-cı ilin isti yay günlərindən birində o, (Abbasmirzə Şərifzadə - A. B.) bizə gəlmişdi.
Ona dedim ki, eşitdiyimə görə, Maqbet rolunda tüğyan edirsən. Bizim «Zarya Vostoka"
qəzetində bu barədə məqalə
dərc olunmuşdur.
Məqalə müəllifi yazır
ki, «Maqbet»i Şekspir yazıb, Abbasmirzə Şərifzadə
yaradıb. Səni bu
rolda görmək istərdim. Dedi ki, bu dəfə
qastrolumda heyif ki, «Maqbet» yoxdur.
Məni bu rolda görmək üçün, əziz
dost, səni Bakıya
dəvət edirəm...
Ailənlə birlikdə bizə
qonaq gəlsən, həm mən sevinərəm, həm də sən məni Maqbet rolunda görərsən.
Dedim ki, sağlıq olsun, gələrəm...”
Təəssüf ki, dostların
bu arzusu baş tutmadı. Bir müddət sonra Abbasmirzə Şərifzadə saxta ittihamla həbsə alındı, daha sonra «xalq düşməni»
damğası ilə güllələndi...
Bizə qalan onun böyük sənəti oldu.
Adilxan Bayramov,
filologiya elmləri
doktoru
Mədəniyyət.-
2012.- 19 oktyabr.- S. 12.