Total-vokal layla xanım
Amma onun laylaları yuxulatmır, könüllərə
qızıl güllər qoxuladır...
Bu milli laylaların, allı-güllü zəngulələrin,
Leyli zümzümələrin sahibəsi kim ola? Bunu
“dolangəl” etmədən unamayanlara (və
elələrini qınamayanlara) sözüm
yox. Hansı ki, ad günüylə bağlı olaraq, bütün sevərləri,
hətta “ulduzlar da bu axşam ondan
danışır”...
Hə, əlbəttə, professional vokal ifaçılığının anası, ulu nənələrimizin abır-ismət damlalarından yaranmış xanım-xatınlıq gölünün su sonası Şövkət xanım Ələkbərova!..
Bu yığcam (və nəqli) “mahnı”-mətn təsnifatına uyğun uzun bir bioqrafik -
“Nəqarət”
Bu füsunkar nəğməkarın sənəd-dünyaya göz açma və yumma “həyət”-ünvanı - Bakı (1922-1993), sənət-dünyaya ayaqaçma məkanı - Azərbaycan!
Təlim-təhsil aləmi: Asəf Zeynallı adına Musiqi Məktəbi (Hüseynqulu Sarabskinin sinfi) və çal-çağır təbli təbii Bakı mühiti. Debüt-solistliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (1938-45), şan-şöhrət solistliyi Azərbaycan Dövlət Filarmoniyası.
Azərbaycan SSR-in ifaçılıq sənətini məlum səviyyə və əsl milli-fərdi mədəniyyətlə təmsil etdiyi areal: SSRİ-nin siyasi paytaxtı Moskva, mədəni mərkəzi Leninqrad (Sankt-Peterburq), bütün müttəfiq respublikaların paytaxtları, iri şəhərləri və dünyanın ən sivil, ən ekzotik ölkələri (Fransa, İsveçrə, İtaliya, Polşa, Türkiyə, Misir, Hindistan, İran, Əfqanıstan, Şri-Lanka, Əlcəzair və sair).
Yetmiş bir illik canlı ömürdə daha nələrlik-önərliklər?
Yumşaq tembrli səsi, yağ-bal məlahətli avazı ilə xalqın ali mədəniyyət mərtəbəlikləri, dilimizin “...bil ki o mənəm - sənsiz” kimi animasiyalarına timsal “mələr”likləri.
Ölkəsini dünyanın sivilizasiya şəbəkəsinə qoşan brendlikləri...
Özünəməxsus əda, səda vurğuları ilə “Segah”ı şahənə “ah”lardan da betərləməsi, “Qatar”ı səma nizamilərindən də həndəsi nizamlayıb, ağca maya sayaq bozlaması, xalq və bəstəkar mahnılarına imperial improvizələri, ağıla gəlməyən ustalıq-ustadlıq sirləri, nağıla sığmayan sehrləri, min cürələr içərisində bircəliyi və... daha nəfəsimiz kəsildi deyə, sabah tamam olan 90 illiyi...
Gülüstanından üç gül...
“Gülüstanından”... Bu, söz bənzətməsi deyil, Şövkət xanımın səs təbiətstanıdır. “Gəl səhərim”indən başlayıb, “Sən mənimsən, mən sənin”lə davam edən, “Sənsən ürəyim”, “Tez gəl”, “Bir könül sındırmışam”, “Durnalar”, “Gəlmədin” və “Ayrılıq”la “Axşam”lasa da heç vaxt gəzib qurtara, dinləyib yorula bilməyəcəyimiz sənət ormanıdır. O orman-gülüstandakı yüzlərlə güldən üçünün adını çəkməyimin səbəbi isə onları məxsusi “gül”ləyəcəyimlə ilgilidir. Onlardan biri və birincisi:
“Dərələr”...
Predmeti aşağılıq, “ayaqaltı”lıq olan bu təbiət ismini bu qədər sənət ucalığında təqdim edə bilmək nə demək?! Bu, nəinki hər qızın, heç hər oğulun da işi deyil. Eşitdiyimə görə, bu mahnını ilk dəfə eşidərkən, onun söz və bəstə sahibləri (N.Xəzri və E.Sabitoğlu) “Dərələr”i “Şövkət xanımın şəriksiz yaradıcılığı” kimi dəyərləndiriblər.
O məşhur müəlliflərin sözünə qüvvət, “yaşıl-yaşıl, mışıl-mışıl dərələr” başqa hansı bir müğənninin dilində bu qədər incə-mincə, bu qədər lirik-poetik, poli-estetik səslənə bilərdi?
Hələ bu mahnını (və ümumən hamısını) ifa edərkən onun şahanə görkəmi, özünəməxsus səhnə ədaları, hər sözə, tərkibə uyar “surəti-hal” ifadələri! Bu əsəri yaratdığı çağlarda - yəni yaşının eyni dövrlərində oxuduğu bir mahnını - “Həsiri basma, dolan gəl”i xatırlayaq. Bu kimi sevgi-məhəbbət, həmiyyət-cəmiyyət mövzulu macəraları tamaşaçıya ekzotik gənclik şövqü ilə çatdıran, əl-əza, göz-qaş işarətlərindən ibarət vokal “oyun”larla situativ-intuitiv qatqarlar hesabına rituallaşdıran sənətkarı xüsusi yarımbaşlıqla anıb-adlıqladığım bu mahnıda bir qədər də qədirləyək. Belə ki, o, epik-lirik bir ağıryanalıqla ifa etdiyi “Dərələr”də səs selini necə də asta-ustalıqla ram edir! “Əgər ki yıxılsam, çinar göstərin” umusuyla “sustalır” - su kimi. “Mən ona söykənib Arana baxım” mayalı vətəndaşlıq məramıyla xəyali bir Vətən səyyahlığı edir. “Gözlərim görməsə, Göygölü verin, Mən onun gözüylə cahana baxım” diləyilə maddilik cahangirlərini mənəvi-mədəni dünyagirliyə səsləyir.
...Bu “Dərələr” çox dərindi, canım! Çıxaq, gedək bu polifonik “gülüstan”ın bir az poetik talasına -
“Yenə o bağ olaydı”ya...
Bu mahnının “premyera”-səslənişi indiki kimi yadımda. Hələ bir qadın diktorun bu mahnının adını elan edərkən bir qədər təəccüblənib, duruxdum da: “...Bunun musiqisinə nə qədər istedad sərf edəsən, ifasına nəxəntərə dad qatasan ki, mətnindəki ucalığa yetəsən?” Özlüyümdə beləncik-elənçik “fəlsəfələr” yürüdüb, öz qəribə ədaları və əlində tutduğu “tranzistor”u ilə ətrafımızdakı tələbə qızlardan çox seçilən birisinə bir “gözaltı” motivli dil də çaldım: “Cəsarətə bax, sevgilim, müştaqına yöncəmi, söylə: ürəyincəmi?..” O qız mənə “layiqincə” bir cavab hazırlayıb qurtaranadək bu mahnının musiqi ayağı bitdi və bir ilahi səs çağladı. O səs elə bir tilsim yaratdı ki, elə bil, o sözlər, o misralar bu avazla bağrıbadaş yaranıblarmış. O misralardakı bağ bu səsdən büsbütün çiçəklənmişdi; meynələri mey süzürdü; meyvələri yar söyləyirdi, elə bil! Ağ şanısı sübh-tezdənə, qara şanısı zülmət gecəyə bənzəyirdi. Əncirindən bal süzülür, “qoşa badam sığmayan dar ağızlım” gözəlləri “hoydu, dəlilərim, hoydu!” igidləri tərəfindən canlı qəzəllər kimi oxunurdu. Şövkət xanım bu mənzərəni elə yaradıb, elə oxuyurdu ki, bütün tələbələr, cavan fəhlə-kəndlilər, çilingərindən tutmuş iaşəçisinədək - bütün gənclər öz universitetlərini, zavod-fabriklərini “o bağ”a köçürüb, orada yaylayıb-qışlamaq istəyirdilər. Təpədən-dırnağa qısqanclar isə o mahnıya salınmamış bir neçə vaqeə-tablodan birinin davasını döyürdülər o çağlar. O tablo ki, orada ləpələr hücum çəkib “əndam qucaqlayır” və şair-bəy o qızı buna da qısqanır. O qısqanclar istəyirdilər ki, Şövkət xanım bunu da ifayi-bəyan etsin və mahnılara kitablardan daha çox xitab edən sevgililəri belə bir fikrə dalsınlar: ay dadi-bidad, mənim aşiqim “o bağ”dakı aşiqin yanında toya getməliymiş ki!..
Bütün bunlar, onlar və digər sentimental nələr-nəmənələrdən sonra da, hamı reallığa qayıdır, “arzuya bax, sevgilim...” pıçıldayır və könüllərdə belə bir təkrar arzu baş qaldırırdı: “Kaş Şövkət xanım bir də oxuyaydı...”
Özü də elə təkcə “o bağ”ını yox, “şəbi-hicran” mayalı, Füzuli aləmli təkrarsız musiqi zirvə-dağını da! Beləliklə, onun “gülüstan”ının növbəti gülü -
“Füzuli”
kantatası
Başlıqda, başlanğıcda laylaya bənzətdiyim bu zinət səs adama doğma ana mayası, canlı folklor havası da bağışlayır, sivil simfonizm təsiri də. Solfecio-not kimi də sədalanır, kulturoloji nota kimi də. Dədə-nənəvi mahnılar, «bölgəvi» şikəstələr, Turan-İrani muğam-təsniflər üstə “yonulmuş” boğazını bəzən elə kökləyir ki, «kantata» kimi «yad cisim»ləri də bizim «həzm-rabe»mizçün tamam «rahət-hülğum»laşdırır. «Əzzinəm, a balam...» kimi «şablon» xitabları elə nərmə-nazikcə ufaqlaşdırır ki, yeddidən-yetmişə - hamımızı uşaqlaşdırıb, başlayır zövqümüzün başını sığallamağa...
Nəysə... mətləbdən - indiki məqamda bəy bəstəkarımız Cahangir Cahangirov, xanım-xatın nəğməkarımız Şövkət Ələkbərova və dahi Eşqkar-Sözdar Sərdarımız Məhəmməd Füzuli birəntiliyinin ecazkar ruh qidası kimi yaranmış «Füzuli» kantatasının «səri-kuyindən» uzaqlaşmayaq. Kimin də avaz gücü nəyə yetirsə, aşağıdakı misraları zümzümələsin:
Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım...
Davamını nəzm ilə yazmaq əzmim tükəndi. Nədən ki, sonda gələn bir xitabi-sual adamın kütahını kəsir! Amma Şövkət xanım öz səsinin həzin ovsarı ilə bu misralara elə sarbanlıq edib, sənət karvanını elə mənzilləyir ki, adamın ruhu da xıxır. Sözləri səslə elə hecalayır, qafiyələri avazla elə vüsallayır ki, adama elə gəlir beş yüz ildir fələkləri yandıran o misilsiz «AH» Söz Dədəmizin murad şamını da yandıracaq!
İnanarmı-inanmazsızmı ki, o kantatada Şövkət xanımın səsinin-sədasının da utanıb-usandığı məqamlar var! Bir qulaq asın;
Deyildim mən sənə mail,
Sən etdin əqlimi zail.
Mənə tən eyləyən qafil -
Səni görcək utanmazmı?
Eşidib-gördünüzmü?! Şövkət xanımın səs «natiq»inin eyhamından duydunuzmu ki, bu Pir Kişiyə «noolub, niyə bir nazənindən ötrü özünü belə həlak edirsən» və sair sual-tənəli qafillər həmin «zail»çini görəndə özlərinə tənə edəcək və deyəcəklər: əlbəttə, belə gözəl üçün özünü fəda etməyə dəyərmiş!..
... İndi, ay rəhmətliyin qızı - yeri behiştlik Şövkət xanım, deyirəm, vallah, mənim bu hədsiz sevgi dolu vurğunluğuma tən edən beş-üç oxucu da tapıla bilər ki, onlar da səni çox-çox görənlər, çox-çox sevənlər, sənətinə, şəxsiyyətinə lap yaxından bələd olanlar tərəfindən qınanarmı, qınanmazmı?..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 19 oktyabr.- S. 11.