Sənədli
filmlər bizə nə deyir?
“Sənədli
film kino sənətinin vicdanıdır” İvens Yoris
Artıq bir neçə aydır ki, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı fəaliyyət
göstərir. İttifaqın milli kinomuzun inkişafı sahəsində
həyata keçirdiyi layihələrdə gənc
kinematoqrafçıların yaradıcılıq
potensialının üzə çıxarılmasına
xüsusi diqqət ayrılır. Həftənin şənbə
günləri Dövlət Film Fondunda gənc rejissorların
filmlərə baxış keçirməsi də bu məqsədə
xidmət edir. Baxışdan sonra qurumun milli kinomuzun
inkişafı layihəsində görülən işləri
və nəzərdə tutulan planları müzakirə olunur.
Ötən həftələrdə
Dövlət Film Fondunda gənc kinorejissorlardan Murad Muradovun “Kənar”,
Rövşən İsmayılovun “Mələklərin göz
yaşı” və Radion İsmayılovun “Köç” sənədli
filmləri təqdim olundu. Mövzu aktuallığı
baxımından hər üç filmi əhəmiyyətli
ekran işi kimi qiymətləndirmək olar. İlk iki film
insan psixologiyasını tədqiq edir və cəmiyyətə
“elmin, texnikanın inkişaf etdiyi bir əsrdə nə
üçün övladlarınızı təhsildən uzaq
saxlayırsınız” sualını ünvanlayır,
cavabını isə tamaşaçıların öhdəsinə
buraxır.
Murad Muradovun “Kənar” sənədli
filmində atası tərəfindən məktəbdən
uzaqlaşdırılan 15 yaşlı qızın həyatından
danışılır. 4 illik ibtidai təhsildən sonra
yaşadığı məkanda qızların məktəbə
getmədiyini əsas gətirən ata oğlanların
çoxluq təşkil etdiyi sinifdə qızının
oxumasını istəmir və onu məktəbdən
çıxarır. Qəribədir ki, qızının gələcəyini
taleyin hökmünə buraxan anası da “onsuz da indi
uşaqlar məktəbdə oxumurlar, qızım məktəbə
gedib nə edəcək ki?” - deyə özünə təskinlik
verir. Bu məqamda XX əsrin əvvəllərinə qədər
məktəbə getmək həsrəti çəkən,
kitabı balış altında gizlədərək
ağır işdən vaxt tapıb onu birnəfəsə
oxuyub mənəviyyatını zənginləşdirən, təhsil
alıb cəmiyyət üçün gərəkli vətəndaş
olmağa çalışan, çox vaxt isə tərəqqipərvər
ideyalarına görə mövhumatçı insanlar tərəfindən
həyatını itirən (doğmaları tərəfindən
qətlə yetirilən Səriyyə Xəlilova kimi, “İsmət”
filmi, 1934) azərbaycanlı qızlarımızın cəsarəti
yada düşür. XX əsrin 20-ci illərinə qədər
teatr və kinoda izi olmayan,
mövhumatçılığın məngənəsində
sıxılan, amma nəhayətdə əsarət zəncirindən
qurtulub elmə, məktəblərə üz tutan, yüksək
intellekti, dünyagörüşü sayəsində
övladına düzgün həyat istiqaməti verib onu vətənə
layiqli vətəndaş kimi yetişdirən Azərbaycan
qadını belə asanlıqla cahilliyə boyun əyə
bilməz.
“Mələklərin göz
yaşı” filmi isə məktəbdən kənar
böyüyən qız haqqında acizliklə söylənilən
“oxuyub kim olacaq ki” sualına cavabdır. Kinorejissor Rövşən
İsmayılovun filmi vicdanı ilə üz-üzə
dayanıb, günahlarını etiraf edən gənc
qadının (Tutunun) həyatından bəhs edir. Məhbəs
həyatı yaşayan qadınların və dünyaya gətirdikləri
övladlarının qismətinə arzuolunmaz taleyi yaşamaq
düşüb. Təhsilini yarımçıq qoyub, valideynlərini
aldadaraq Bakıya gələn, burada rəfiqələri ilə
birlikdə cinayət törədən Tutu da onlardan biridir. Qəribədir
ki, 8 illik azadlıqdan məhrumolma cəzası alan bu xanım
başına gələnləri nikbinliklə nəql edir. Rəsmi
nikahı olmadan, molla kəbini ilə iki aylıq ailə həyatı
yaşayan Tutu tezliklə ana olacaq. O, cinayəti həyatı
tam dərk etmədiyindən, cahilliyi ucbatından törətdiyini
etiraf edir.
İşıqdan heç vaxt
qaranlıq görünməz, lakin qaranlıqdan işıq həmişə
aydın görünür. Bəlkə də Tutu
dünyanın nurunu, gözəlliyini, insanlığın ali
missiyasını yarıqaranlıq, dəmir barmaqlıqlar
arasında seyr etdikdən sonra dərk edib, həyatın təzadlı
sirlərinin fərqinə varıb. Onun filmin finalına qədər
üzündən əskik olmayan təbəssümü əslində
qəlbinin acısıdır. Sakit və nikbinliklə danışdığı
həyat hekayəsi isə bəsitliyi qədər də qəlizləşdirdiyi
ömür yoludur. Bu real, dramatik nağıl bizə
çatdırır ki, əsl gülüş bəlkə də
ciddiyyətin, ehtiyatlı davranışın, acıların
içindədir. Acılar isə, əksinə, çox vaxt
yersiz gülüşdən, cahillikdən doğar.
Tutunun qəmli hekayəsi ilə
paralel olaraq bir neçə dəfə həbs olunan və
orda tez-tez körpə uşaqları ilə görüşən
məhbus qadınların həyatı ilə də
tanış oluruq. Törətdikləri cinayətlər fərqli
olsa da, dərdləri birdir. Onları başqalaşdıran,
daşlaşmış qəlblərini yumşaldan ayrı
yaşaya bilmədikləri körpələridir. Gərgin həyat
hekayələrini tamaşaçıya müxtəlif mizan və
məkanlardan təqdim edən rejissor işi də
maraqlıdır. Kinorejissor sadəcə törətdiyi cinayətin
cəzasını çəkən zərif qadınların
dramatik həyat tərzini ekranlaşdırmayıb. O, həmçinin
həyat fəlsəfəsini təhlil edərək
insanların həyat mövqeyinin heç də təsadüfdən
yaranmadığını vurğulayır.
Həbsxana qapılarından
çıxan gülərüzlü Tutunu “Vağzalı” sədaları
altında ər evinə köçən gəlinə bənzətdim.
Üzərinə düşən həyat yükünün
altında tək qalmasına icazə verən, ana
olacağı təqdirdə belə ona sahib çıxmayan
insanın (həyat yoldaşının) adını dilinə
gətirməyən, onu qınamayan Tutu həqiqətdə
tamam başqa insan olduğunu ulu Rəbbinə pənah gətirəndə
və ana olacağını biləndə hiss edib.
Məhbus həyatı
yaşamağa məcbur olan qadınların çoxu
zorakılığa, haqsızlıqlara məruz
qaldıqları təqdirdə cinayətləri törətdiklərini
deyirlər. Kadrların məzmunlu təsvirləri də bunu təsdiqləyir.
Əks təqdirdə onlara sarılan körpələrini
öpüşə qərq etməz, həsrət dolu
yaşlı gözlərini uzun-uzadı onların yoluna dikməz,
gələcəkdə qarşılaşacaqları çətinliklərə
(Tutunun dediyi kimi) özlərini hazırlamazdılar.
Rövşən İsmayılov filmdə mürəkkəb
qadın psixologiyasının tam mənasını açmaq
üçün Tutunun uşağını dünyaya gətirdikdən
sonrakı vəziyyətini də tamaşaçıya təqdim
edir.
Evinə, ailəsinə
qovuşmağı dilinə belə gətirməyən Tutu
körpəsini qucağına alanda sanki həyatdakı
mövqeyini, insanlıq missiyasını, analıq və
övladlıq borcunu anlayır. O, filmin əvvəlində nə
qədər sakit, özündən arxayın idisə, finalda
biz onun körpəsi ilə birlikdə dəmir barmaqlıqlar
arxasından çıxmağa, valideynləri ilə
qovuşmağa can atdığını görürük.
Deməli, ən böyük tərbiyəçi elə həyatın
özü, çətinlikdir.
Filmin ideyası ibrətamiz və
aktualdır. Sənədli kinonun bədii filmdən fərqi də
real həyat faktını bizə kriminal hadisələrin
görüntüsünü vermədən faciə
yükünü hiss etdirməsidir. Filmin vahid süjet xətti
yoxdur. Həyat səhnəsində qorxulu, dramatik tamaşa
yaradan mənfi xarakterli real personajların rolunu bəlkə də
bədii kinoda bu qədər inandırıcı yaratmaq
olmazdı. Üç yaşına qədər cəzaçəkmə
müəssisələrində (analarının yanında)
böyüyən, sonra isə uşaq evlərinə
köçürülən uşaqların qurumayan göz
yaşları filmin əsas leytmotividir. Hər bir
uşağı qoruyan iki mələyin olduğunu söyləyirlər.
Əgər uşaqları incidərlərsə, yaxud saf
dünyalarını əllərindən alıb narahat edərlərsə,
onda mələklər də ağlayar. Gözlərini
dünyaya dəmir barmaqlıqlar arasında açan, körpəlikdən
çiyinlərində gələcəyin yükünü
(psixoloji və fiziki cəhətdən) sanki hiss edən, daxilən
vaxtından əvvəl böyüməyə məcbur olan bu
uşaqların, analarının dediyinə görə,
görüşə gələrkən birinci sualları “ana,
bəs sən niyə burdasan”, sonra isə, “həbsdən
çıxmağın üçün sənə dua edəcəm”
kəlməsi olur. Film cəmiyyəti uşaqları
qorumağa, onlara dəstək olmağa
çağırır.
Sənədli kinonun prinsiplərini
özündə qabarıq əks etdirən, real həyat
faktlarından bəhs edən ekran əsərində həyatını
necə istəyibsə elə də (qanun çərçivəsini
keçərək) quran obrazların hər biri
ayrı-ayrılıqda baş qəhrəmandır.
Çünki onların bir neçə dəqiqəlik vaxt ərzində
izlədiyimiz həyat hekayələri ayrıca bir filmin
mövzusudur. Mürəkkəb insan münasibətləri bax
beləcə kinoya müxtəlif mövzu verir, bizi isə
düşünüb nəticə çıxarmağa vadar
edir.
Rusiyada yaşayan həmyerlimiz,
kinorejissor Radion İsmayılovun “Köç” sənədli
filmi də maraqlı mövzusu, təqdimat forması ilə
seçilir. Film Azərbaycanda yaylaqlardan qışlaqlara
köç edən, bir ömür boyu tərəkəmə
həyatı yaşayan çobanların çətin həyat
yolundan bəhs edir. Maraqlıdır ki, son zamanlar bu mövzuda
çəkilən filmlərə tez-tez rast gəlirik.
Maldarlıqla məşğul olan, ucqar kəndlərdə
yaşayan çobanların yaşayış tərzi
kinorejissorların həmişə diqqətini çəkib.
Sənədli kino gərgin zəhmətə qatlaşan
çobanların gündəlik yaşayış tərzini,
bədii kino isə onların psixologiyasını əks
etdirir.
“Köç” filmində heç
bir diktor mətni və əlavə təsvir (bədii qiraət,
qabarıq poetik təsvirlər və s.) vasitələrinin
müdaxiləsi olmadan təbiətin
şıltaqlıqları ilə baş-başa qalan
çobanların altıgünlük yaşayış tərzini
izləyirik. Radion İsmayılov real həyatın inikası
olan sənədli filmi sadə və klassik üslubda çəkib.
Rejissor kameranın obyektivindən hiss olunan məqsədli və
peşəkar baxışları ilə yalnız təbiətə
və öz zəhmətinə sığınan
çobanların həyat mövqeyini diqqətlə və
düşünərək izləmək üçün nəzərdən
qaçmayan incəlikləri göstərib.
Qəfildən çölün
düzündə güclü yağışa tutulan, günlərini
at belində keçirən insanların bütün çətinlikləri
dəf edəcək gücü, həyat eşqi var. Ən
başlıcası isə soyuq, qaranlıq gecələrdə
döşəyi torpaq, balışı daşla əvəz
edən çobanların keşiyini çəkən,
sürünün sağına, soluna keçərək sanki
sırasını nizamlayan köpəklərin sadiqliyi var. Bir
sözlə, ilk baxışda sadə, lakin çətinliklərlə
dolu çölçülük həyatını bizə nəql
edən 52 dəqiqəlik filmin sadə təsvirlər daxilindən
oxunan poetik, fəlsəfi, mistik mənası var. Deməli, rəngarəng
dünyanı sadə təqdim edən sənədli kinonun belə
bizə deyəcək sözü hələ çoxdur. Bizə
isə bunları izləmək, kadrlardakı həyat kodeksini
çözmək qalır.
Onu da qeyd edim ki, “Kənar”, “Mələklərin
göz yaşı” və “Köç” sənədli filmləri
bir sıra beynəlxalq kinofestivalların
iştirakçısı olmuş, diplom və mükafatlara
layiq görülmüşdür.
Şəhla
Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.-
2012.- 19 oktyabr.- S. 10.