Möcüzəvi
sənətin vurğunu
Fidan Nəsirovanı oxuculara Şərq incəsənətinin
vurğunu kimi təqdim etmək daha doğru olardı. Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi II Respublika dekorativ-tətbiqi
sənət festivalının Bakı şəhəri üzrə
təşkil olunan sərgisində onun əl işləri
xüsusilə fərqlənirdi. Ərsəyə gətirdiyi
işlər, ikebana sənəti barədə ziyarətçilərin
suallarını həvəslə cavablandırırdı. Biz
də Fidan Nəsirovanı oxuculara tanıtmaq
üçün ona bir neçə sualla müraciət etdik.
- Uşaqlıqdan Şərq fəlsəfəsinə,
incəsənətinə maraq göstərmişəm.
Hazırda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda çalışıram. İkebana sənəti
ilə məşğul olmağa əvvəllər hobbi kimi
baxmışam. Gül-çiçəklərdən
kompozisiyalar hazırlamaq mənə xüsusi zövq verirdi.
Artıq beş ildir ki, elmi fəaliyyətimlə bərabər,
bu sənətlə də məşğulam. 500 ildən
artıq yaşı olan ikebana təbiət və bəşəriyyətin
bir araya gətirdiyi harmonik bir sənətdir. Əsasən
gül və digər bitkilərin kompozisiyalarının
hazırlanması ilə xarakterizə olunan bu sənətin vətəni
Yaponiya hesab edilir. Çində və başqa Şərq
ölkələrində də bu sənət geniş
yayılıb. İkebanalar vaxtilə dini məbədlərin
bəzədilməsi üçün hazırlanıb. XV əsrin
sonlarından isə ayrıca bir sənət formasına
çevrilib.
- Təbiət özü də bir
kompozisiyadır və yaradılan hər nə varsa gözəldir.
Məsələyə bu prizmadan yanaşsaq, ikebanaların
hazırlanması nəyi ifadə edir?
- İkebanalar floristlərə və
bu sənətlə məşğul olanlara, yaradılanı
fərqli bir şəkildə nümayiş etdirməyə
imkan verir. Məsələn, ağac budaqları quruyur,
güllər solur, yosunlar müəyyən zaman və şəraitdə
məhv olur - bütün bunlar ilk baxışda tullantı
kimi görünür. Amma ikebanist üçün onların
hər biri gözəllikdir. Qurumuş budaqlardan, solmuş
güllərdən, müxtəlif bitkilərdən incəsənət
nümunəsi hazırlamaq böyük zövq verir. Bu
özlüyündə xoş əhval-ruhiyyə yaradır.
İkebana bir növ təbiətdə gözəlliklərin
heçdən yaranmadığı və heç bir gözəlliyin
itmədiyi mesajını verir. İkebana hazırlanmasında
kağız, ipək lentlər, daş və digər süni
bəzək elementlərindən qismən istifadə olunur. O həm
də müəyyən məna daşıyır və hədiyyə
olunacaq insana münasibəti bildirir.
- Əl işlərinizdə daha
çox nəyi çatdırmaq istəmisiniz?
- Allah ən böyük
Yaradandır. Təbiətdə heç nə itmir, bizim
“soldu, qurudu, çürüdü” - deyə
düşündüklərimiz əslində bir şəkildən
başqa şəklə dəyişir. Necə ki, fizikada
enerjinin itməməsi qanunu var, ikebanada da gözəlliyin itməməsi
fəlsəfəsi var, yəni gözəllik başqa bir
gözəlliyə çevrilir. Əl işlərimdə
göstərmək istəmişəm ki, həyat davam edir.
Balaca bir toxumdan gül yaranır, güllər təbiətin
şıltaqlığıdır. Gözümüzü
oxşasa da, solandan sonra atırıq. Əslində atılan
gül baxımlı incəsənət əsərinə
çevrilə bilir. İkebanistlər əsasən güllərlə
işləyirlər. Solandan sonra güldə başqa bir
gözəllik olur. Onu göstərməyə çalışmışam.
Əslində qurumuş güllər indi zibil qutusunda
olmalı və ya torpaqda çürüməli idi. Amma bu
gün insanlar onları sərgilərdə görürlər,
zövq alırlar. Bu sənətin fəlsəfəsi budur.
- İkebana hazırlayarkən kimyəvi
maddələrdən istifadə olunurmu?
- Nadir hallarda qurumuş gül ləçəklərinin
uzun müddət qalması üçün laklardan istifadə
edirəm. Materiala gəldikdə isə, floranın hər bir
hissəsi, ağaclar, budaqlar, saçaqlar, kollar, yosunlar, meyvələr,
onların tumları və s. istifadə etmək olar. Hətta
pomidorların qurumuş kökləri belə gözəl sənət
əsərinə çevrilə bilir. 70-dən artıq əl
işim var. Çalışmışam ki, təbiətin
yaratdıqlarına çox az müdaxilə etməklə
kompozisiyalar hazırlayım. İkebana ilə məşğul
olan insan botanika ilə bağlı məlumatlı olmalı, təbiəti
sevməlidir. Məsələn, saçaqlı kök mil
kökə nisbətən ikebana üçün daha gözəl
materialdır. Fikus ədabaz bitkidir. Quruyanda özü istədiyi
vəziyyəti alır. Bu kimi amilləri mütləq nəzərə
almalısan.
- Sizi həm də həvəskar rəssam
və kolleksiyaçı kimi də tanıyırlar...
- II Respublika dekorativ-tətbiqi sənət
festivalı çərçivəsində açılan sərgidə
rəsm əsərlərim də nümayiş olunurdu. İlk
dəfədir ki, bu festivalda iştirak edirəm.
Açığı, hazırladığım ikebana və rəsmlərin
bu qədər diqqət çəkəcəyini gözləmirdim.
Kolleksiyaçı kimi isə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin keçirdiyi tədbirlərə
vaxtaşırı qatılıram. Kolleksiyamda qədim mis
qazanlar, samovarlar və digər məişət əşyaları
var. Hər birini evimdə qoruyub saxlayıram. İmkan
düşən kimi nümayiş etdirirəm. Çünki
onlar Azərbaycanın qədim mədəniyyətini, məişətini
əks etdirir.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 19 oktyabr.- S. 7.