Azərbaycanda
regional turizm peşə
məktəbləri şəbəkəsi qurulacaq
Bu istiqamətdə
aparılan tədqiqatın nəticələri Zaqatalada müzakirə olunub
Oktyabrın 16-da Zaqatala
şəhərində Azərbaycan Turizm İnstitutu (ATİ) və Almaniya
Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) birgə təşkilatçılığı ilə
«Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının
hazırlığı məsələləri» mövzusunda seminar keçirilib. Tədbirdə qonşu
rayonların mədəniyyət və turizm
şöbələrinin rəhbərləri, turizm
obyektlərinin nümayəndələri iştirak
edib.
Seminarda çıxış edən ATİ-nin prorektoru Eldar Aslanov “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar institutun nəzdində regional turizm peşə məktəblərinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Belə məktəblərdən birinin də ölkənin şimal-qərb bölgəsi rayonları üzrə yaradılması qərara alınıb. Bu məqsədlə cari ilin sentyabrında ATİ-nin əməkdaşları tərəfindən həmin regional məktəbin əhatə edəcəyi 6 rayonda turizm müəssisələri, onların kadr ehtiyacları məsələləri ilə bağlı yerli dövlət və özəl sektor nümayəndələrinin rəy və təkliflərinin öyrənilməsi üçün tədqiqat aparılıb: “Tədqiqat Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edib. Rayonların mədəniyyət və turizm şöbələri, icra hakimiyyətləri bu məsələdə bizə yaxından kömək ediblər. Tədqiqat sorğu əsasında aparılıb. İnstitutun bir qrup tələbəsi ötən ay ərzində rayonlarda olub. Orada mədəniyyət və turizm şöbələrinin, muzeylərin, mədəniyyət müəssisələrinin, hotellərin, turizm agentliklərinin, restoranların, digər ictimai-iaşə obyektlərinin nümayəndələri arasında sorğu keçiriblər. Respondentlərə əsasən onların peşə təhsilinə olan ehtiyacı, hansı sahədə kadra olan tələbat, maraqları, gələcəkdə peşə məktəbi açılarsa, bununla bağlı ideyaları, qeydləri, tələbələrin təcrübə keçməsi, işlə təmin olunması ilə bağlı arzuları və s. məsələlərlə bağlı suallar ünvanlanıb. Sorğu artıq yekunlaşıb. Əldə olunan nəticələr gələcəkdə Zaqatalada yaradacağımız peşə məktəbi ilə bağlı bizə çoxlu maraqlı informasiya verir. İlk növbədə hansı ixtisaslar açılmalıdır, təxminən nə qədər plan yeri nəzərdə tuta, yerlərdə hansı müəssisələrlə əməkdaşlıq edə bilərik və s.”
Prorektor bildirib ki, Zaqatalada keçirilən seminar sözügedən tədqiqatın nəticələrini müzakirə etmək, rayonların müvafiq sahələr üzrə nümayəndələrinin rəy və təkliflərini ümumiləşdirmək məqsədi daşıyırdı.
Seminarda Eldar Aslanovun «Azərbaycanın turizm peşə təhsili: mövcud vəziyyət və perspektivlər», ATİ-nin tədqiqat və inkişaf şöbəsinin baş məsləhətçisi Yulius Arneggerin «Şəki-Zaqatala regionunda aparılmış sorğunun nəticələrinin analizi» mövzularında təqdimatları dinlənilib.
Tədbirdə həmçinin rayonların mədəniyyət və turizm şöbələrinin rəhbərləri çıxış edərək təmsil etdikləri rayonların turizm potensialı, infrastruktur imkanları barədə məlumat veriblər.
Eldar Aslanov qəzetimizə açıqlamasında bildirdi ki, digər regional peşə məktəblərinin yaradılması ilə bağlı belə tədqiqat aparılacaq: «Qusarda artıq bu istiqamətdə iş başlamaq ərəfəsindədir. Həmin tədqiqat yəqin ki, daha çox rayonu əhatə edəcək. Çünki Qusarda tikilən Şahdağ Qış-Yay Turizm Kompleksinin daha çox kadra ehtiyacı var. Bu kadr ehtiyacını yaxın 5 il ərzində qarşılamaq rayonda açılacaq peşə məktəbinin ilk vəzifəsi olacaq».
Prorektor qeyd etdi ki, ATİ-nin 2016-cı ilə qədər ölkə üzrə regional peşə məktəblərinin qurulması ilə bağlı planı var. Bununla bağlı konsepsiya hazırlanıb və institutun elmi şurası tərəfindən təsdiqlənib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 19 oktyabr.- S. 5.