“Musiqiçisinə bu qədər dəyər verən xalqımla fəxr edirəm”

 

   ...60 ildir Habil Əliyev kamançanı dizinin üstündə qoyub ürəyinin yanğısı ilə ifa edir. Hər dəfə də barmaqları, ruhu qovuşanda Tanrını görmək ümidi ilə gözlərini yumur, fani dünyadan uzaqlaşıb əlçatmaz olur...

  

   Oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli kaman ifaçısı, Xalq artisti, “İstiqlal” və “Şöhrət” ordenli Habil Əliyevin 85 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi. Tədbir iştirakçıları - görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə filarmoniyanın foyesində sənətkar ömrünün anlarını əks etdirən fotosərgiyə tamaşa etdilər.

   Sənətsevərlər səhnəyə çıxan 85 yaşlı yubilyarı ayaq üstdə alqışlarla qarşıladılar.

   Gecə kaman sənətində əbədi yaşamaq haqqını qazanan böyük musiqiçinin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlandı.

   Mərasimi tanınmış ədəbiyyatşünas alim, millət vəkili, professor Rafael Hüseynov açaraq yubilyarı Azərbaycanın müstəsna sənətkarı, canlı klassiki adlandırdı: “60 ildən çoxdur ki, Habil Əliyev kamanı balası kimi dizinin üstündə, ürəyinin başında saxlayır. Ona görə də Habil Əliyev kamançanın tarixinə, musiqimizin tarixinə qarışmış bir insandır”. Məhəmməd peyğəmbərin “tapanlar axtaranlardı” kəlamını xatırladan R.Hüseynov ustad ifaçının daima axtarışda olduğunubu axtarışların nəticəsi olaraq misilsiz sənətkar kimi şöhrət tapdığını vurğuladı: “Habil Əliyev kamançada elə ifa etdi ki, ondan əvvəl ifa edənlər sanki unuduldu. Habil Əliyev zirvə olaraq qaldı”.

   Xalq artistinin sənət yolundan, uşaqlıq və gənclik illərində üzləşdiyi çətinliklərdən, qazandığı xalq sevgisindən söz açdı. Ürəyinin çırpıntılarını barmaqları ilə kamanın tellərində dilləndirən Habil Əliyevin Azərbaycan mədəniyyətində öz məktəbi, öz ənənəsi olduğunu bildirdi: “O, təkrarsız ifası ilə kamanı xoşbəxt etmiş, onu danışdıra bilmişdir”.

   Gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazir Əbülfəs Qarayevin yubilyara təbrik məktubunu oxudu. Ə.Vəliyev nazirin xidməti səfərdə olduğunubu üzdən tədbirdə iştirak edə bilmədiyini nəzərə çatdırdı.

   Xalq artistinə ünvanlanan təbrik məktubunda deyilir: “Siz öz peşənizə, sənətinizə, ulu muğamlarımıza sadiq bir musiqiçi, milli yaddaşımızı yaşadan, qoruyan ustad sənətkarsınız. Böyük ustalıqla ifa etdiyiniz muğamlar, xalq mahnıları tamaşaçı alqışları ilə qarşılanmışdır. Siz, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizdə yeni səhifə açmısınız. Sizin ifaçılıq fəaliyyətinizə muğama dərin məhəbbət, musiqi duyumu, improvizə ustalığı, ənənələrə bağlılıq və bu ənənələrdən bəhrələnərək yenilik yaratmaq qüdrəti xasdır. Habil kamanından qopan hər səda, hər səs hər bir azərbaycanlının qəlbindəki sarı simə toxunur. «Segah», «Dügah», «Şur», «Zabul», «Bayatı-Şiraz» və bir çox muğamların ifaçılıq tarixinə öz dəst-xəttinizi yazmısınız. Mahir və təkrarolunmaz solist kimi böyük şöhrət tapmısınız. Dünyanın ən möhtəşəm səhnələri Habil Əliyev fenomenini alqışlamışlar. Məhz Sizin özünəməxsus, yüksək bədii səviyyəli ifanız sayəsində kamança alətinə maraq artmış, yeni nəsil kamança ifaçıları yetişmişdir”.

   Məktubda yubilyara cansağlığı, uzun ömürxoş günlər diləyi ifadə olunur.

   Yubiley gecəsində Habil Əliyev sənətinə dövlətimiz tərəfindən yüksək qiymət verildiyi vurğulandı. Dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ustad ifaçıya diqqət və qayğısı milli musiqimizə göstərilən ehtiramın təzahürü kimi qiymətləndirildi.

   Qeyd olundu ki, mədəniyyətimizin inkişafında göstərdikləri xidmətlərə görə Habil Əliyev 1964-cü ildə Əməkdar artist, 1978-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət”, 2007-ci ildə anadan olmasının 80 illiyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordenləri ilə təltif edilib. Prezident təqaüdçüsüdür.

   Ötən əsrin 50-ci illərindən başlayaraq mahir kamança ifaçısı kimi məşhurlaşan Habil Əliyev dünyanın 30-dan artıq ölkəsində (Fransa, Polşa, Misir, Hindistan, Türkiyə, İran, İsveç, İngiltərə, Yaponiya, İtaliya, Almaniyas.) konsert proqramları ilə çıxış edərək bənzərsiz sənəti ilə tamaşaçıları heyrətləndirib. Virtuoz ifaçılığı ilə yanaşı, Habil Əliyevin 15-dən artıq mahnısı da bu gün incəsənət ustaları tərəfindən sevilə-sevilə oxunur.

   Tədbirdə Cənubi Azərbaycandan gələn qonaqlar dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların salamını, sevgisini və təbrikini ustada çatdırdılar. Şair Xosrov Ağa, Siruş Azəri Habil Əliyev sənətinə heyranlıqlarını kaman ustasına yazdıqları şeirlə ifadə etdilər. Məşhur ney ustası Bəhram İbadi sənətkarı gözəl musiqi ilə təbrik etdi. Rəssam və xanəndə Səbuştəri yubilyara onun portretini təqdim etdi. Rəsm əsəri alqışlarla qarşılandı.

   85 yaşlı sənətkar yubiley gecəsində bir neçə dəfə söz alaraq maraqlı əhvalatlar, xatirələr danışdı, ürək sözlərini dilə gətirdi: “Burada bizimlə olan hər kəsə təşəkkür edirəm. Musiqiçisinə bu qədər dəyər verən xalqımla fəxr edirəm. Bəzi adamlar pullu olmaqları ilə fəxr edirlər. Mənim varım, dövlətim xalqımdır, sənətimdir”.

   Tədbir boyu yubilyara hədiyyələr, Bəstəkarlar İttifaqının, Akademik Milli Dram Teatrının təbrik məktubları, gül dəstələri təqdim olundu.

   Gecədə Xalq artisti Arif Babayev çıxış edərək sənət yoldaşını dost səmimiyyəti və gözəl ifası ilə təbrik etdi. Xalq artisti Aygün Bayramova, respublika muğam müsabiqəsinin laureatları Ehtiram Hüseynov, İlkin Əhmədov, Babək Niftəliyev, Səbinə Ərəbli Habil Əliyevin bəstələdiyi mahnıları ifa etdilər. Xalq artistləri İlhamə Quliyeva və Azər Zeynalovun ifaları həmişə olduğu kimi alqışlarla qarşılandı.

   Gecədə 85 yaşlı ustad sənətkar tamaşaçıların intizarına son qoyaraq kamançanı dilləndirdi və iştirakçılara sevincli anlar yaşatdı. Yubilyarın çıxışı ayaq üstdə, sürəkli alqışlarla qarşılandı.

   60 il ərzində səhnəyə alqışlarla gəlib alqışlarla yola salınan sənətkarın 85 illik ömrünün ən udulmaz gecələrindən biri də tarixə düşdü. Bu həm də mədəniyyətimizin, musiqimizin tarixidir.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 19 oktyabr.- S. 4.