Bölgələrdə
yaradıcılıq görüşləri maraqla
qarşılanıb
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 18 oktyabr - Dövlət Müstəqilliyi
Günü münasibətilə Azərbaycanın
müxtəlif rayonlarında yaradıcılıq
görüşləri təşkil olunub.
Mədəniyyət tədbirlərində rayon
ziyalıları, ictimaiyyət nümayəndələri,
tanınmış sənət adamları, yaradıcı
şəxslər iştirak edib.
Nazirliyin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun bildirdiyinə görə, tədbirlər oktyabrın 15-də Hacıqabul rayonunda başlanıb. Mədəniyyət və incəsənət adamları ilə görüşlər oktyabrın 16-da Ucarda, 17-də Göyçayda, 18-də isə Kürdəmir rayonunda davam edib.
Təqdim olunan konsert proqramları rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb: “Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi 2012-ci ilin ikinci yarımilliyi üçün iş planına uyğun olaraq həyata keçirilib. Yaradıcılıq görüşlərinin keçirilməsində məqsəd gənc nəslin sənət adamları ilə yaxından tanış olmasını, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsini təmin etməkdən ibarətdir. Belə tədbirlər regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağı artırır. Gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə yaxından tanış olması üçün də bu görüşlər çox önəmlidir. Yaradıcı görüşlər regionlarda əhalinin asudə vaxtının səmərəli təşkilinə imkan verir”.
Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş yaradıcılıq görüşlərində tanınmış xanəndə, Xalq artisti Canəli Əkbərov, Xalq artisti, rəqqasə Cəmilə Bayramova, əməkdar artistlər Azad Şükürov, Gülüstan Əliyeva, Zakir Əliyev, gənc müğənnilərdən Səməd Xasıyev, Rəhilə Quliyeva, Rövşən Əziz, Şahnaz Əliyeva, Könül Məmmədli, Nəzakət Məmmədova, Şəms Cəbiyeva, musiqiçilərdən Altay Niftəliyev (tar) və Araz Ağaverdiyevin (kamança) ifaları alqışlarla qarşılanıb. Konsert proqramlarında müstəqillik və vətənpərvərlik mövzusunda musiqilər, şeirlər səslənib, rəqs nömrələri təqdim olunub.
Ceyhun
Mədəniyyət.- 2012.- 19
oktyabr.- S. 3.