Kürdəmirdə “Kitab bayramı”

 

   Kürdəmirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə “Kitab bayramı” keçirildi.

  

   Mədəniyyət və istirahət parkında gerçəkləşən bayramda 2 mindən çox insan - mədəniyyət, təhsil, səhiyyə işçiləri, ictimai birliklərin nümayəndələri, rayon ictimaiyyəti, məktəblilər iştirak etdilər.

   Park boyu “Müstəqilliyimiz əbədidir”, “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “2012-ci ilin yubiliyarları”, “Qarabağ harayı”, “Nağıllar aləmində”, “Azərbaycan tarixini öyrənək”, “Yeni kitablar” və sair başlıqlı guşələrdə 2500-dən çox kitab nümayiş olundu. Parkın ərazisində yerləşən Kürdəmir Dövlət Rəsm Qalereyası və Uşaq Yaradıcılıq Mərkəzi də kitab bayramının ahənginə uyğun rəsm və uşaqların əl işlərindən ibarət sərgilər nümayiş etdirdilər.

   Kürdəmir Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Qalib Baxşiyev və digər çıxış edənlər tədbirin əhəmiyyətindən, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra respublikanın bütün kitabxana fondlarının zənginləşdirilməsi, kitabxana sahəsinin inkişafı istiqamətində görülən işlərdən söz açdılar.

   Vətənpərvərlik ruhlu mahnılar, şeirlər tədbirə xüsusi rəng qatmışdı. Viktorinalar, uşaqların əl işlərindən ibarət rəsm sərgisi iştirakçıların böyük marağına səbəb oldu.

   Tədbirdə “İlin ən yaxşı kitabxanaçısı” nominasiyası üzrə Dilşad Osmanova və “İlin ən yaxşı oxucusu” nominasiyası üzrə Anar Azayev və Nazilə Bünyadova Kürdəmir rayon MKS tərəfindən hədiyyələrlə təltif olundular.

    Kitab bayramı”nda 12 məktəb arasında intellektual bilik yarışması keçirildi. Böyük həyəcan və ruh yüksəkliyi ilə keçən bu bilik yarışında şəhər 1 saylı məktəbin şagirdləri birinci, 3 saylı orta məktəbin şagirdləri ikinci, Yenikənd orta məktəbinin şagirdləri isə üçüncü yeri tutaraq müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir rayon MKS-nin

   baş biblioqrafı

 

Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 15.