Bakı
limanında yük daşıyan korifey
XIX
əsrin sonundan etibarən Bakıda neft sənayesinin
inkişafı şəhərin mədəni tərəqqisinə
də ciddi təsir göstərir. Rusiyanın, Avropanın
tanınmış musiqiçiləri, məşhur artistlər
buraya tez-tez qastrola gəlirlər. Bakının mədəni
həyatında maraqlı çıxışları ilə
tamaşaçı yaddaşında əbədiləşən
görkəmli səhnə ustaları arasında böyük
rus opera müğənnisi Fyodor Şalyapin də vardı.
Fyodor İvanoviç Şalyapin
1873-cü ildə Rusiyanın Kazan şəhərində
anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərir,
doqquz yaşında ikən kilsə xorunda oxuyur. Skripkada ifa etməyi
öyrənir, mütaliə ilə ciddi məşğul olur.
Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində
çıxış etməyə sövq edir. Kazana qastrola gələn
V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə ilk
qastrol səfərinə çıxır. Truppa Orta Asiya
ölkələrini dolaşıb 1891-ci ildə Bakıya gəlir.
O, burada fransız operalarından bir neçə partiya ifa
edir. Görkəmli xanəndə Cabbar Qaryağdı ilə
tanış olur.
Şəhərin qaynar həyatı
onda dərin maraq doğurur. Truppa qastrol səfərini başa
vurub geri dönərkən o, kollektivdən ayrılır və
Bakıda qalır. Şəhəri gəzməyə
çıxır. Rastlaşdığı afişaların
birində oxuyur ki, J.Lassalın fransız operettası
Bakıda nümayiş olunur. Vaxt itirmədən həmin
truppanı tapır və kollektivə müvəqqəti
işə qəbul olunur. Şalyapin sonralar xatirələrində
yazır ki, həmin truppa “3-4 fransız və bizim həmyerlilərimizdən
ibarət idi”.
Araşdırmalardan məlum olur
ki, J.Lassalın truppası Bakıda tamaşalara 1891-ci il
oktyabrın 19-da başlayıb. Rəngarəng repertuarlı
truppa təkcə operettaları deyil, opera əsərlərini
də (“Traviata”, “Karmen”, “Faust”) müvəffəqiyyətlə
tamaşaya qoyub. Şalyapinin “Traviata”da Jermonun bütün
partiyasını cəmi dörd günə oxuyub əzbərləyir.
Bu, kollektiv üzvlərində böyük maraq doğurur.
Onun səhnədə ilk çıxışı uğurlu
alınır və alqışlarla qarşılanır. Lakin
sonradan truppa fəaliyyətini davam etdirə bilmir və
dağılır. Şalyapin işsiz qalır və
dolanışığı çətinləşir. Ehtiyac
onu limanda yük daşımağa, vağzalda gecələməyə
məcbur edir. Bakıda yaşaya bilməyəcəyini
görüb Tiflisə gedir. Burada təsadüfən
tanınmış opera müğənnisi Dmitri Usatovla
qarşılaşır. O, Şalyapini yanında işə dəvət
edir. Bir neçə ay onunla şəxsən məşğul
olur.
Gənc müğənni əvvəl
musiqi dərnəklərində təşkil edilən konsertlərdə
oxuyur, sonra Tiflis Opera Teatrında işə düzəlir.
1894-cü ilədək burada çalışır. Sonra
xoşbəxtlik dalınca Moskvaya gedir. Çox
çalışır ki, Böyük Teatrda işə
düzəlsin, alınmır. 1895-ci ildə Mariinski
Teatrından dəvət alır. İmperator teatrının rəhbərliyi
gənc vokalistlə birillik müqavilə bağlayır. Lakin
çox keçmir, Şalyapin bu teatrdan da ayrılır. Onun
çoxdan arzuladığı Moskva debütü 1896-cı
ildə baş tutur. M.Qlinkanın operasında Susanin
partiyası ilə debütünü mətbuat diqqətdən
qaçırmır. İki aydan sonra onun adı dillərdən
düşmür. Böyük Teatr müğənni ilə
üçillik müqavilə bağlayır.
O, ikinci dəfə Bakıya
1900-cü ilin fevral ayında gəlir. Yerli qəzetlər
dünya şöhrətli müğənniyə səhifələrində
geniş yer ayırır. Opera səhnə ustaları və
müğənnilər İzabella Zvixer, L.M.Klementiyev,
L.Q.Yakovlev, I.V.Tartakov və başqalarının
iştirakı ilə tamaşalar göstərilir. Truppanın repertuarı
“İvan Susanin”, “Rusalka”, “Knyaz İqor”, “Yevgeni Onegin”, “Demon”,
“Aida”, “Faust”, “Karmen” və başqa operalardan ibarət olur.
“Kaspi” qəzeti 30 mart 1900-cü il
tarixli nömrəsində müğənninin
yaradıcılıq istedadına yüksək qiymət verərək
yazır: “Şalyapinin simasında həm zahiri
görünüş, nadir səs, səhnə texnikası, hər
bir hərəkət, davranış, nəhayət, geyim və
qrim həmahəng olub bir-birini tamamlamışdır...”
Şalyapinin Bakı qastrolu
martın 31-də başa çatır. Bu səfərdən
sonra müğənninin on il ərzində Qafqaza yolu
düşmür. O, 1910-cu ilin sentyabrında imperiyanın cənub
şəhərlərinə qastrola çıxır.
Bakıya səfərində onu skripkaçı N.Avyerino və
pianoçu F.Keneman müşayiət edir. Müğənni
sentyabrın 22-də Nikitin qardaşlarının sirkində
konsert proqramı ilə çıxış edir.
Fyodor Şalyapinin Bakıya son səfəri
1915-ci ildə olur. Bu da təsadüfi olmur. Hər dəfə
onun yubileyi qeyd olunanda, Qafqaza-Bakıya gəlir. Çünki
onun yaradıcılıq aləminə ilk gəlişi
Bakı ilə bağlı olub. 1900-cü ildə səhnə
fəaliyyətinin 10, 1910-cu ildə 20 illik yubileyləri
keçirilərkən Qafqazı yaddan çıxarmayıb.
1915-ci ildə isə opera teatrında yaradıcılıq fəaliyyətinin
25 illiyi qeyd olunur.
Müğənni may ayının
8 və 11-də Mayılov qardaşlarının teatrında
(indiki Opera və Balet Teatrı) konsert verir. Rus bəstəkarlarından
Qlinka, Rimski-Korsakov, Darqomıjski, Musorqski, Çaykovski,
Raxmaninov və başqalarının əsərlərini ifa
edir. “Kaspi” qəzeti 1915-ci il 13 may tarixli nömrəsində həmin
konsertlərdən bəhs edərək yazıb: “Elə
oxudu..., elə müvəffəqiyyət qazandı ki, buna
yalnız Şalyapin nail ola bilərdi”.
Müğənni Milanın “La
Skala” teatrından “Faust”da Mefistofel partiyasını ifa etmək
təklifi alır. Teatrın rəhbərliyi səhnədə
10 dəfə çıxış üçün
müğənniyə 15 min frank pul təklif edir. Onun Milan səhnəsindəki
çıxışı sürəkli alqışlarla
qarşılanır. Saysız pərəstişkar qazanan
Şalyapin dünya şöhrətli sənətkar kimi
tanınır. Müğənni bu uğurundan sonra kommersiya cəhətdən
böyük qazanc gətirən xarici səfərlərə
üstünlük verir. Mətbuat onun bu addımına rəng
verir: “Şalyapin pulu sevir. O, heç vaxt xeyriyyə konsertləri
verməyib. O, “pulsuz yalnız quşlar oxuyur” sözlərini təkrar
etməyi xoşlayır”. Ancaq müğənninin o vaxta qədər
Kiyevdə, Xarkovda və Petroqradda böyük fəhlə
auditoriyaları qarşısında xeyli
çıxışları olub.
1917-ci il Oktyabr inqilabından sonra
sovet hökuməti F.Şalyapinə Xalq artisti adı verir.
Ancaq o, bolşeviklərlə işləyə bilmir. Bu səbəbdən
Parisə qastrol səfərindən geri dönmür. 1927-ci
ildə sovet hökuməti onu Xalq artisti adından məhrum
edir. SSRİ-yə gəlişinə qadağa qoyur.
Ömrünü mühacirətdə başa vuran müğənni
1938-ci il aprelin 12-də Parisdə dünyasını dəyişir.
Müğənninin vəsiyyətinə görə cənazəsi
Rusiyaya gətirilir və Kazan şəhərində dəfn
olunur.
Savalan
Fərəcov
Mədəniyyət.-
2012.- 24 oktyabr.- S. 15.