Gözəllik
mücəssəməsi
Oktyabrın 20-də görkəmli müğənni,
Xalq artisti Şövkət Ələkbərovanın anadan
olmasının 90 ili tamam oldu. Artıq 19 ildir ki, unudulmaz sənətkar
xatirələrdə, onu sevənlərin, ecazkar səsinin
sehrinə düşənlərin qəlbində
yaşayır...
Şövkət xanımın 45 illik rəfiqəsi -
müharibə və əmək veteranı, Prezident təqaüdçüsü
Fatma xanım Səttarova əziz insan haqqında ürək
sözlərini oxucularımızla bölüşür:
- Şövkət xanımla
dostluğumuzun böyük tarixi var. Tibb Texnikumunda təhsil
alırdım. Sara Qədimova ilə bir yerdə oxuyurduq. Bir
gün Filarmoniyadan məktəbimizə gəlib
qızların arasından gözəl rəqs etmək, oxumaq
qabiliyyəti olanları seçirdilər. Məni və Sara
xanımı bəyəndilər. Filarmoniyaya dəvət
olunduq. Onda Leyla Bədirbəyli “Səbuhi” filminə (1941 -
red.) çəkildiyindən rəqs kollektivində onun yeri
boş qalmışdı, ora məni götürmək istəyirdilər.
Lakin anam razılıq vermədi. Atam repressiya qurbanı
olmuşdu. Anam başsız qalan ailəmizin bir də mənə
görə qınağa tuş gəlməsini istəmirdi. Mən
rəqs etməsəm də, tez-tez Filarmoniyada Sara ilə
görüşür, məşqlərə baxırdım.
Elə orada Şövkət Ələkbərova ilə
tanış oldum, o da sənətə yenicə
başlayırdı. Hətta bir dəfə ifasına olan rəğbətimi
də bildirmişdim. Bundan sonra o, həmişə mənimlə
rastlaşanda salamlaşır, hal-əhval tuturdu. Sonra
müharibə illəri... Könüllü olaraq ordu
sıralarına yazıldım, tibb bacısı kimi xidmət
göstərdim. Müharibədən sonra təhsilimi davam
etdirdim. Nərimanov rayonunda ictimai-iaşə trestinə rəis
təyin edildim. Tez-tez işçilərimiz üçün
konsertlər təşkil edirdik. Belə tədbirlərin birinə
Şövkət xanımı da çağırdıq. Məmnuniyyətlə
gəlib çıxış etdi. Məni görən kimi
tanıdı: “Sən Leyla Bədirbəylinin yerinə
seçilən qız deyilsən, bəs niyə sonra
görünmədin?”. Olanları ona danışdım, maraqla
dinlədikdən sonra dedi: “Əhsən, beş ayın gəlini
vətən uğrunda döyüşməyə gedib,
özü də könüllü. Səndə olan cürətə
mat qaldım... O vaxtlar biz də cəbhədə çoxlu
konsert proqramları ilə çıxış etdik”.
Həmin vaxtdan (50-ci illər idi)
münasibətlərimiz möhkəm dostluğa çevrildi,
ürək sirdaşı olduq. Tanrı ondan heç nəyi əsirgəməmişdi:
gözəl sima, boy-buxun, yaraşıq, məlahətli səs,
xoş xasiyyət... Çox qonaqpərvər, həssas qəlbli,
əliaçıq insan, fədakar dost, rəfiqə idi.
Övladları ilə nəfəs alırdı, onların
nazını çəkməkdən yorulmazdı. Müharibədən
qayıtmayan qardaşı Ələkbərin qızı
Sevdanı da öz evinə gətirib himayəsinə
almışdı. Digər qohumlarını da diqqətdən
qaçırmırdı. Kimin nəyəsə ehtiyacı
olduğunu duyan kimi özü ona yaxınlaşıb dəstək
verirdi.
Dünya malında
gözü yox idi. Yaxşı yadımdadır, Xan əminin qızı Şirinin (Xalq artisti Fikrət
Verdiyevin həyat yoldaşı) toyuna - Gəncəyə gedirdik.
Yolda maşından düşməli
olduq, qapını açarkən Şövkətin
boynundakı əntiq mirvari (onda belə
zinət əşyaları
çətin tapılırdı)
qapıya ilişib qırıldı, dənələrin
hərəsi bir tərəfə töküldü.
Biz tez mirvariləri
axtarıb yığmağa
başladıq. Şövkət
isə soyuqqanlıqla
bizi bu işdən
əl çəkməyə
çağırırdı: “Siz Allah, özünüzü
yormayın, təki itən bunlar olsun, qismət belə imiş, toya gedirik, üstünüzü
toz-torpağa bulamayın”.
Sanki həyatda daha qiymətli nəsə itirəcəyi ürəyinə
dammışdı, ona
görə də “təki itən bunlar olsun”,-
deyirdi. Qızı Natellanı vaxtsız
itirməsi ona çox ağır zərbə oldu. Belə faciəni yaşayacağı
heç vaxt ağlına gəlməzdi.
O, həmişə dua
edəndə deyirdi:
“Allah səsimi əlimdən
almasın, necə veribsə sona kimi elə də
qalsın”. Amma qızını ölümün
əlindən almaq üçün düşünmədən
canını da, səsini də qurban verərdi...
Gənclərə xüsusi qayğı
göstərirdi, deyirdi
ki, sənətimizi onlar davam etdirəcəklər.
Şövkətin evində həmişə
məşhur incəsənət
adamlarına rast gələrdim. Lirik bəstəkar
mahnılarını necə
gözəl oxuyurdusa,
muğamatı, segahı
da elə yüksək səviyyədə
ifa edirdi. Mən ikinci elə səs, ifa eşitməmişəm.
Onun oxuduqları indi də qulaqlarımda səslənir. Çox təəssüflənirəm
ki, 90 illik yubileyimizi bir yerdə qeyd etmək qismət olmadı. O, bizimlə
olmasa da, mahnıları həmişə
evimizdə səslənir,
ailəsi ilə indi də dostluq
edirik. Bircə onu bilirəm ki, Şövkətdən
yox idi və
çətin ki, bir də olsun...
İradə
Mədəniyyət.- 2012.- 24oktyabr.- S. 13.