Odla oynayan şair
Xəlil Rza Ulutürk - 80
Xəlil
Rza Ulutürk 40 illik yaradıcılığı
dövründə torpaq günəşə təşnə
olan kimi azadlığa can atdı, qolu zəncirlənmiş,
ruhu yaralanmış məmləkətin Azadlıq şairi
oldu.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi.
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi...
Prezident İlham Əliyevin 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 80 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur.
Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov) 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib. Məktəb illərindən ədəbiyyata maraq göstərən Xəlilin “Kitab” adlı ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub.
1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alır. Universitetdə oxuduğu illərdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar İttifaqında Mirzə İbrahimovun rəhbərliyi ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etməsi onun şair kimi püxtələşməsində mühüm rol oynayır.
“Bahar gəlir” adlı ilk şeirlər toplusu 1957-ci ildə nəşr olunur. Həmin il Azərbaycan Yazıçılar İttifaqının xətti ilə Xəlil Rza Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat Kurslarına göndərilir.
Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olur. Təhsil illərində Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirir, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır və institutda müəllim kimi işə başlayır.
“Şübhəli şəxs”
Fitri istedadı ilə ətrafındakıları həmişə təəccübləndirən Xəlil Rza özünəməxsus dərs metodu ilə seçilir. Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu seçir. Doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlməyə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı:
Məhv olarsa bir gün bu
dil,
Göygöl onda Göygöl
deyil.
Qoşqar onda Qoşqar
deyil.
Öz dilini sən qala bil!
Qərbə, Şərqə işıq
salan
Füzulini sən qala bil!
Əlbəttə, bütün bunlar
hakim dairələrin nəzər-diqqətindən
yayınmır, çox
çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır.
“Bilik” cəmiyyətinin
xəttilə respublikanın
rayonlarına səfərləri
qadağan olunur.
Xalq şairi Sabir Rüstəmxanlı xatirələrində yazır:
“Xəlil Rzanı başa düşməyənlər
çox idi. Onun cəsarətli vətəndaşlıq
şeirlərini dinləməkdən
belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk
edirdilər. Xəlilin
antisovet, antiimperiya çıxışlarına dəlilik
kimi baxanlar, onun səsini kəsməyə çalışan,
yüksək kürsülərə
yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil
Rza istedadının
Allah vergisi olduğunu,
şairin Allah hökmü
ilə danışdığını
dərk edə bilmirdilər”.
Beləliklə, Xəlil Rzanı
Azərbaycan Dövlət
Pedaqoji İnstitutundan
uzaqlaşdırırlar. Onu Azərbaycan Elmlər Akademiyasının
Nizami adına
Ədəbiyyat İnstitutuna
dəvət edirlər.
1969-cu ildən burada fəaliyyətə başlayan şair bütün qüvvəsini
elmi-tədqiqat işinə
və bədii yaradıcılığa həsr
edir. Azərbaycan-özbək ədəbi əlaqələri,
Maqsud Şeyxzadənin
həyat və yaradıcılığı haqqında
monoqrafik əsərlər
üzərində çalışır.
1985-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alır. Buna baxmayaraq, Xəlil Rza yenə də
“şübhəli şəxs”
kimi təqib olunur, onun imkanlarını
məhdudlaşdırır, “təhlükəli ictimai mübarizə” yolundan çəkindirməyə çalışırlar.
8 ay
13 gün, “Lefortovo gündəliyi” və Ulutürk təxəllüsü
80-ci illərin
axırlarında xalq azadlıq hərəkatı
genişləndiyi zaman
Xəlil Rzanın gur səsi Azərbaycanın
bütün regionlarında
eşidilirdi. O, bütün
varlığı ilə
xalq hərəkatına
qoşulmuşdu, hər
yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağa təcavüz edən erməni daşnaklarını
odlu-alovlu çıxışları
ilə ifşa edirdi:
Biz Türküstan
elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları
qovan bizik,
Dar gözləri
ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən
təmizləyək!
1990-cı ilin 20 yanvarında sovet ordusu hissələrinin
Bakını gülləbaran
edərək dinc insanları qətlə yetirməsi Xəlil Rzanı sarsıtmışdı.
O, ürəyini məşələ
çevirib xalqı düşmənlərə qarşı
mübarizəyə səsləyirdi:
xarici ölkə jurnalistlərinə verdiyi
müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının
qanlı əməllərini
dünya ictimaiyyətinə
çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinin əməkdaşları
tərəfindən həbs
edilib Moskvaya, Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır
ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün dünyadan təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında
“Lefortovo gündəliyi”ni, 200-dən çox
şeir, poema və məktublar qələmə alır.
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram, dalıram Azərbaycana.
Bu əsərlər
mübariz şairin ictimai-siyasi dünyagörüşünü
əks etdirməklə
yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən
misilsiz abidədir.
“Lefortovo gündəliyi”
şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Xəlil Rza - bir ağ saçlı bahadır,
Elbrusdan, Savalandan ucadır.
Hər misrası bir
qızılgül, qonçadır.
Başı qarlı, özü
bahar laləzar.
Azad edin,
hür yaşasın sənətkar.
Lefortovo həbsxanası şəkər
xəstəliyindən əziyyət
çəkən Xəlil
Rzanın səhhətini
bir az
da ağırlaşdırır.
1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən
məhkəmə prosesindən
sonra azadlığa buraxılır. Xəstəliyinə baxmayaraq, bəraət
alıb azadlığa
buraxıldığı ilk günlərdən yenə
Azərbaycanın istiqlaliyyəti
uğrunda mübarizə
meydanına atılır.
Xəlil Rza 1990-cı il yanvarın 29-dək - 40 illik
ədəbi-bədii yaradıcılığı
dövründə öz
əsərlərini "Xəlil
Xəlilov", "Xəlil
Xəlilbəyli", "Xəlil
Odsevər", "Xəlil
Rza" təxəllüsləri
ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü
isə şairin keçdiyi mübarizə
yolunun, ədəbi-mənəvi
axtarışlarının məntiqi nəticəsi idi.
Nə qədər ki başçı olur başsız canlar,
Bir millətin mənliyini talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir fərarilər, boşqab dibi yalayanlar,
Nə qədər ki,- Demokrat! - Aşkarlama!
Deyə-deyə
boğaz yırtır
bu züyçülər,
zurnaçılar, şeypurçular,
Nə qədər ki, cəzasızdır Xankəndimdə
evlər yıxan, ürək yaxan yırtıcılar,
Davam edir otuz yeddi
Daha kəskin, daha ciddi!
1992-ci il yanvarın 31-də
şairin oğlu Təbriz Xəlilbəyli Qarabağ uğrunda döyüşlərdə şəhid
olur. Bu hadisə
Xəlil Rza Ulutürkü sarsıtsa da, o, mətanətini itirmir.
1994-cü il iyunun 22-də uzun sürən xəstəlikdən sonra Xəlil Rza dünyasını dəyişir.
Şairin vəfatından
sonra onun ömür-gün yoldaşı,
vəfadar Firəngiz xanım Xəlil Rzanın şeirlərini,
gündəliklərini və
tərcümələrini sahmana
salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil
Rzanın yarımçıq
işlərini - "işıq
üzü görməyən
küll halında qalmış əsərlərini"
nəşr etdirməklə
onunla nəfəs alır, onu yaşadır, onu ölməzliyə, əbədiyyətə
qovuşdurur.
Xəlil Rza azadlıq yanğısı ilə kükrəyən şeirləri,
“Məndən başlanır
vətənim”, “Davam edir 37”, “Lefortovo zindanında” və onlarla vətənpərvərlik
duyğuları ilə
zəngin kitablarıyla
ölümsüzdür. Onun dünya
ədəbiyyatı xəzinəsindən
uğurla dilimizə çevirdiyi incilər də Xəlil Rza yaradıcılığının
qiymətli irsindəndir.
Xəlil Rza həyatı
boyu odla oynadı. Odlu çıxışları ətrafı, odlu misraları ürəkləri
yandırdı. Odla oynaya-oynaya
sonda Səməndər
quşu tək özünü odda yandıran Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatında
haqq səsi, Azadlıq şairi kimi əbədiləşdi.
Təranə Vahid
Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 11.