Başdan-başa
Aşiq
Hüseyn Cavid-130
“Nə eşq olaydı, nə
aşiq” desə də, “İblisəmi uymuş bəşəriyyət?!”
söyləsə də...
Deməli, Cavid əfəndi
tək elə gözəlliklər Məcnunu deyil, həm də
gözəlliklərin, məcnunluqların, əsl insani
olqu-olayların ziddinə olanları insanlığa
çağırış Aşiqi, özgə haqqına
toxunmadan millətinə özgürlük hayqıran irfan
müştaqı idi. O, bəşəriyyəti əhatə
edən təbiətdən də geniş və mürəkkəb
insan təbiətindəki cəncəl-cəngəllikləri
də durnanı gözündən nişan alan ovçu məharətilə
görürdü.
Onun bəsirət bəbəyi bəşərdəki bioloji gözlərin saysız çoxundan çox-çox iti idi. Bir şair kimi təbii gözəllikləri, insani özəllikləri vəsf etməli, rəngarəng lirizmlərlə məşğul olmalı ikən, qismətinə ictimai-siyasi kataklizmlər düşən bu ümumxalq əfəndisi “kəndisini” gözgörəti alovlara atmaqdan “sakındıra” bilmir. Sevgili qəlblər kimi uca könlünü, qəlbi qələmini “politik” vurhavura cəlb etmək istəyənlərə “ura!” demir. Elə keçənəklərdə düşmən üstünə yürüyən babalarının “vurha!” kəlməsindən gəlişmiş bu “ura”nı gələnəklərə daşımaqda bulunur. “Bulunur” demişkən, öz yaradıcılığındakı dil-üslub elementlərilə ortaqlığımızın - sonralar Türk dünyasının “işdə birlik, əməldə birlik, dildə birlik” ideyasının bünövrəsini qoyur. “Politik” inqilabi çaxnaşmalardan çaş-baş qalmış Azərbaycan kütlələrində poetik inqilab yaratmaq istəyən əfəndimiz təkcə öz çağının yox, bütün gələcəyin irfan tufanı kimi çağlayır.
Təbiətlər təbiəti
Bütün canlılarını yaşatmaqdan başqa bir “dərd”i olmayan ana təbiətin fəsilləri cəmi-cümlətanı dörddür. Həmin canlıları vəsf etmək, ovutmaq, haqq yolundan sapmamaları üçün çalışan ədib əfəndilərin dərdi isə çoxdan da çox. Dövlətlər, hökumətlər cəmiyyətləri vur-tut bir qanun kitabıyla idarə edir, şairlərsə - formaca təbdən-təbə düşsələr də - məzmun-mahiyyətcə min-min arzu-xitablarla.
Hüseyn Cavid əfəndimizin təbiəti “təbiət və cəmadət” lövhələrilə ləbaləb! Onun təbiətindəki temperaturlar, temperamentlər müsbətin ən ulu və uca dağı, mənfinin ən dərin dərəsi! Düşüncə püskürtülərinin birində:
İblis nədir? - Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? - İblis!..
- deyə kükrəyən bu canlı Vulkan başqa bir məqamda - yad bir çocuqla baba-bala mükaliməsində könüllərə xoşşırran bir şəlalə, polifonik bir lad çayı kimi axarlanır:
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
Pəki, sənin anan, baban
varmı?
- Var.
Nasıl, zənginmidir
baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim niçin böylə sadə?
Yoqmu sənin incilərin, altın
bilərziklərin?
Söylə, yavrum! Hiç
sıqılma...
- Var əfəndim, var... lakin
Müəlliməm hər gün
söylər, onların yoq qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir
ziynəti...
Sonrasıyca düşünürsən;
bu qədər ciddi “mən”ə malik, bütün fikir-zikir
ömrünü “İblis”, “Topal Teymur”, “Peyğəmbər”,
“Səyavuş”, “Xəyyam” kimi tarixi dramatizmliklərin təsvirinə
yönəltmiş, könlünü millətə verib,
eşqini mədəni-mənəvi intibaha, siyasi istiqlala sərf
etmiş bu hikmət ağsaqqalı hamıya məxsus
aşiqlik də edə bilərmişmi? Və
edərdisə, “eldən dışarı”
alınmazdımı? Ərəbin
sözündə “dəvədə buynuz”, əcəmin
gözündə “palazda çeşni” kimi görünməzdimi?
Yox, qare əfəndi, bu Aşiq-ədibin “məşuqə”si
də elə ədəbanə, həyayi-ağbirçəkyanədir.
Buyurun, elələrindən birini (bir balaca ixtisarla) oxuyun:
Səhər vaqtı, ya Rəb, nə
gördüm ki, canan
Gəlir şadü
xəndan, xuraman-xuraman.
O məstanə gözlər
süzüldükcə hər an
Alır can, dökür qan,
xuraman-xuraman.
Alıb getdi... bən biqərar
izliyordum,
Nihayət,
yetişdik çəmənzara, durdum.
Kəsilmişdi həp taqətim,
bən oturdum,
O eylərdi seyran, xuraman-xuraman.
Səfa bəxş edər sanki əğyarə,
yarə
Təbəssümlə hər an, xuraman-xuraman.
Nələr bəkliyordum
o dilbər mələkdən?
Şaşırdım, bilinməz
nələr söylədim bən,
Gönül
çırpınır, sızlar, amma o həp şən...
Saqınmaz, alır can,
xuraman-xuraman.
Nə sehr eyləmiş derkən,
axır nə etmiş!?
Dalıb getmişim, bənliyim
sanki bitmiş;
Ayıldım ki, halımdan
ürküb də getmiş,
Hərasanü heyran,
xuraman-xuraman.
Fədayi-cəlayi
vətən...
Özünü
xalqına, ideyasına, haqqa, Vətənə fəda edən
bu milli Aşiq sonda cəlayi-vətən oldu. 1882-ci il 24 oktyabrda Naxçıvanda doğuldu, 1941-ci
il 5 dekabrda adlarından da buz yağan ünvanda (İrkutsk
vilayəti, Tayşet rayonu, Şevçenko kəndi)
öldü...
Bilirəm,
yaxşı bilirəm ki, bu ad-sanlı şəxsiyyətin
dünyadəyişimini “öldü” ilə ifadə etməzlər.
Amma o, dünyasını neçə il əvvəl
Bakıdan ayrı saldırılanda dəyişmişdi. Oradakı sıradanbir adamlar, münasibətlər,
düşüncələr içərisində isə... yalnız
ölmək olardı. Təsəvvür edin;
Ey odlu şəhpərilə
saçan zəhri-intiqam!
Ey hərb ilahı! Ey
sırıtan kinli əjdəha!
Oldunsa bunca qəhrü fəlakətlə
şadkam,
Artıq bitir şu səhnəyi,
ey müftəris dəha!
Endir şu qanlı pərdəyi,
ey rəhnümayi-şər!
Endir də bir qədər nəfəs alsın bəni-bəşər.
- deyən bir
kamil zat zatıqırıq bir yefreytorun süngüsü
altında hər səhər xəndək qazmağa, şpal
daşımağa gedir və hər saatı bir il kimi
keçən gecələr ailə-uşağı, xalqı,
Türk-Turan haqda xəyallara dalır. Hələ “heç nə”
yox ikən:
Ya Rəb, bu nə dəhşət,
nə fəlakət?
Ya Rəb, bu nə vəhşət,
nə zəlalət?
Yoq kimsədə insafü
mürüvvət,
İblisəmi uymuş bəşəriyyət!?
- yazmış
bir mütəfəkkir gözləri önündə cərəyan
edən bu “var”lar var ikən nələr yazırmış
könlündə?!
Hələ bu da var ki, bu incə qəlbli
kişi ruhani ailəsində
doğulmuş, ibtidai təhsilini molla məktəbində
almışdı. Yaxşı ki, orta təhsili M.T.Sidqinin yeni
üsullu məktəbində (“Məktəbi-tərbiyə”)
keçmişdi, yoxsa, insanlığın “bolşevik”
anti-insanlığı yeniliklərinə mənən
heç dözə bilməzdi...
Tale onu son mənzildən
əvvəl çox mənzillərə ürcah etmişdi.
1899-1903-cü illərdə Cənubi Azərbaycanda
olmuş, təhsilini Təbrizin “Talibiyyə” mədrəsəsində
davam etdirmişdi. Altı il sonra
İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən
Hüseyn əfəndi bir müddət Naxçıvanda, Gəncədə,
Tiflisdə, 1915-ci ildən həbsinədək isə
Bakıda müəllimlik etmişdir.
Sənəti janr və
forma cəhətdən çox zəngin idi Cavidin. Fəlsəfəsi isə ixtisasca filosof olanların
görüb-göstərə bildiklərindən daha əngin
idi. O, etno-monoqrafların hələ bu gün də
metodonomik əl-ətəyini bir yerə yığa bilmədikləri
mütərəqqi romantizmin banilərindən idi. Gözəl və dərin lirik, lirik-epik şeirlərin,
xeyli dərəcədə qeyri-ənənəvi lirik-epik
poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum
pyeslərin, faciə-dramların müəllifidir. Əsrin əvvəllərində “Cavid teatrı”
kimi səciyyələndirilən bu müəllif
dövrün ümumbəşəri, böyük
ictimai-siyasi, mədəni-mənəvi problemlərinə Azərbaycan
təfəkkürü prizmasından yanaşma iddiası ilə
çıxış edir və səsi çatan məkanlarda
həmin problemlərin ustad əks-sədaçısı kimi
də qəbul edilirdi. Böyük mütəfəkkir-ədib
1918-ci ildə tamamladığı “İblis” mənzum faciəsində
həm bilavasitə öz çağının, həm də
dolayısıyla bütün dövrlərin mürtəce
qüvvələrini tipikləşdirib dil-ağıza
salmışdır. Şairin bu lirik-epik fəlsəfəsində
“insan insana qurddur” - deyə düşünənlər, “mədəni
vəhşilər” iblis surətində ümumiləşdirilmiş,
hər motivli savaşlara, xüsusən
işğalçı müharibələrə sənətin
qələm-qılıncı ilə “yox!” zərbələri
yağdırılmışdır:
İblis!.. O
böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə,
hər dildə anılmaqda o şöhrət.
Hər kəs bəni dinlər, fəqət
eylər yenə nifrət,
Hər kəs bana
aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü
miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib
qıvrılacaqsın,
Daim ayaq altında
sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə
rəhbərlik edən var:
Qan püskürən, atəş
savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o
çılğın dərəbəklər,
Altın və
qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o
hər an
Məzhəb çıqaran, yol
ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü
şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni
təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə
kafi,
Kafi, sizi qəhr etməyə, məhv
etməyə kafi...
Bən tərk edərim sizləri əlan
nəmə lazim!
Hiçdən gələrək,
hiçliyə olmaqdayım azim...
Dünyaları mənən
dolaşıb, olayların yaxşısıyla yollaşıb,
yamanıyla qollaşan şair hərdən zərif
mövzulara, əbədi obrazlara da toxunub, “bəzmi-istirahət”lərdə
bulunur:
Qadın! Ey sevgili həmşirə,
oyan!
Ana! Ey nazlı qadın, qalq! Uyuyan
İştə sıyrılmada həp
zülmətlər!..
Ağarır dan yeri, qalq, iştə
səhər!..
Oyan, ətrafını seyr et də, düşün!
Bütün evladi-vətən
iştə bu gün
Yalınız səndən umar sədrə
şəfa,
Yalınız səndə
bulur ruha qida.
Ana evladını bəslər,
böyütür,
Anasız millət, əvət,
öksüzdür.
Sənin aləmdə vəzifən,
hissən
Nə böyük, həm nə
ağırdır, bilsən!?
Qadın! Ey sevgili, şəfqətli
mələk!
Bu qədər səbrü
təhəmmül nə demək?
O lətafət, o nəcabətlə
sana
Bu əsarət, bu həqarət nə
rəva!?
Ağla, fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib
rəhm edələr.
Ağla, çırpın! O lətif,
incə səsin
Çınlasın,
mevclənib yüksəlsin.
O səsin qüvvəti, təsiri
böyük...
Ağla, ta lərzəyə
gəlsin yer, gök.
“Ağla, həp ağla!” dedim, pək
yanılış.
Ağlamaqdan nə
çıqar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən
sıyırıl!
Qəhrəmanlar kibi qavğaya
atıl!
Kimsədən gözləmə
yardım əsla;
Yalınız kəndinə kəndin
ağla!
Möhtərəmlik... möhtəşəmlik
Birinci ifadə onun
özünə, öz qədrinə aiddir, ikinci isə onun
şöhrət qədrinə, qədirbilənlərin həyata
keçirdiyi işlərə. 100 illik
yubileyi ərəfəsində cənazəsinin
qalıqları Vətənə gətirildi. Naxçıvanda ev-muzeyi yaradıldı. Haqqında “Azərbaycan ədəbiyyatının
söz və fikir zadəganı” kimi gözəl deyimlər
deyildi. Öz sənət idealına bir
misra belə dönük çıxmadı. Əzəldən sevgidən, universal gözəldən
yazan şair kimi necə tanınmışdısa, eləcə
də getdi bu dünyadan.
Dedi:
Kəssə hər kim
tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü!..
Dedi və bu ada qələmlə
nail oldu. Qaldı bu məsələnin ağıl, tədbir
nailiyyəti ki, dahiliyin, Nobelliyin bu nominasiyasına doğru irəli,
cənab bəşər!..
Tahir
Abbaslı
Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 10.