Azərbaycan
və Avstriyanın turizm imkanları “Dostluq konfransı”nda
müzakirə olunub
Oktyabrın 19-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə iki ölkənin turizm imkanlarına həsr olunmuş “Dostluq konfransı” keçirilib.
Tədbirdə hər iki ölkədən turizm, logistika, tikinti və memarlıq sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib. Konfransın keçirilməsində məqsəd Azərbaycan və Avstriyanın turizm imkanlarının təqdim olunması, bu sahədə perspektiv layihələrin və işgüzar əlaqələrin müzakirəsi idi.
Avstriyanın Bakıdakı səfiri xanım Silviya Meyer-Kaybiç ikitərəfli əlaqələrdən bəhs edərək ölkəsinin turizm sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu deyib. Qeyd olunub ki, Avstriya dünyanın ən cəlbedici ölkələri sırasında 12-ci yerdədir, ötən il bu ölkəyə 34 milyondan artıq turist səfər edib: “Avstriya və Azərbaycan uzun müddətdir ki, iqtisadi sahədə əməkdaşlıq edir. Hesab edirik ki, turizm də əməkdaşlığın inkişafı üçün perspektivli sahədir. Biz Azərbaycanla turizmin müxtəlif sahələrində, eləcə də turizm təhsili sahəsində, müxtəlif treninqlərin keçirilməsində əməkdaşlıq etməyə hazırıq”.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, son illər Azərbaycana səfər edən turistlərin sayında nəzərə çarpan artım bu sahədə inkişafın göstəricisidir. Nazir müavini bu sahədə statistik göstəriciləri də diqqətə çatdırıb: “2001-ci ildə Azərbaycanda 69 mehmanxana fəaliyyət göstərirdisə, 2006-cı ildə bu rəqəm 288-ə, 2012-ci ilin birinci yarısında isə 506-ya çatıb. Bu gün ölkə ərazisində 50-yə yaxın mehmanxana inşa edilir”.
Nazir
müavini qeyd edib ki, son
iki ildə paytaxtımızda «Hilton Bakı», «Abşeron Marriott», «Four Seasons», «Kempinski Hotel Badamdar» kimi dünya brendlərinə
aid beşulduzlu hotellər
tikilib. Tezliklə «Rixos», «Fairmont» və «Sheraton» kimi brend hotellər fəaliyyətə başlayacaq.
N.Səmədovun sözlərinə görə, Azərbaycanda
hotellərin ulduzlarının
sayının müəyyən
edilməsində Avropa
ölkələrində və
ABŞ-da istifadə olunan standartlar sistemi tətbiq edilir.
Avstriya-Azərbaycan
Ticarət Palatasının
Fəxri Şurasının
sədri Peter Şieder
hər iki ölkənin geniş turizm imkanlarına malik olduğunu və bu potensialdan
səmərəli istifadənin
iki ölkə arasında əlaqələrin
inkişafına töhfə
verəcəyini qeyd edib: «Ölkədə doqquz iqlim qurşağının
olması, memarlıq irsi, eləcə də əhalinin qonaqpərvərliyi Azərbaycanda
turizmin inkişafı
üçün imkanlar
yaradır».
Konfransda iki ölkənin turizm imkanları, bu sahədə həyata keçirilən layihələr,
Avstriyanın turizm sahəsində təcrübəsi,
idman və mədəniyyət tədbirlərinin
turizmin təbliğindəki
rolu, kadrların hazırlanması və s.
barədə müzakirələr
aparılıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2012.-
24 oktyabr.- S. 7.