Daşkənddə turizm şirkətinin təqdimatında Azərbaycan xalçalarının nümayişi

 

   Özbəkistan paytaxtındakı Milli İncəsənət Mərkəzində «Dərgahi məvlanə» turizm şirkətinin təqdimat mərasimi keçirilib. Xarici diplomatlar, adamları, turizm sektoru nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov da iştirak edib.

   Tədbirdə bildirilib ki, yeni yaradılan «Dərgahi məvlanə» şirkəti Böyük İpək Yolu üzərində yerləşən ölkələrdə turizm sahəsinin əlaqəli inkişafına nail olmağı qarşısına məqsəd qoyub. Səfir Namiq Abbasov yeni yaradılan turizm şirkətinə uğurlar arzulayıb, xalqların birləşdirilməsi və bir-birlərini yaxından tanıması üçün turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

   Təqdimat mərasimində tarixi İpək Yolu üzərində yerləşən ölkələrin, o cümlədən Azərbaycanın mədəniyyət nümunələrindən ibarət sərgi də açılıb. Sərgidə Bakı, Təbriz, Qarabağ, Gəncə, Quba, ŞirvanQazax xalça məktəblərinə aid bir-birindən gözəl xalçalarımız nümayiş etdirilib. Büllurçini qablar, bədii şüşə məmulatları da ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Tədbir konsert proqramı ilə başa çatıb.

 

 

  Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 7.