Bölgələrdə yaradıcılıq görüşləri

 

   Xəbər verdiyimiz kimi, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikamızın müxtəlif rayonlarında yaradıcılıq görüşləri təşkil olunub. Oktyabrın 15-dən 19-dək Hacıqabul, Ucar, Göyçay və Kürdəmirdə gerçəkləşən tədbirlərdə tanınmış sənət adamları rayon ictimaiyyəti qarşısında maraqlı proqramla çıxış ediblər.

  

   Ustad xanəndə, Xalq artisti Canəli Əkbərov, Xalq artisti, rəqqasə Cəmilə Bayramova, Əməkdar artist, aktyor Azad Şükürov, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, gənc müğənnilərdən Səməd Xasıyev, Rəhilə Quliyeva, Rövşən Əziz, Şahnaz Əliyeva, Könül Məmmədli, Nəzakət Məmmədova, Şəms Cəbiyeva, musiqiçilərdən Altay Niftəliyev (tar) və Araz Ağaverdiyevin (kamança) təqdim etdikləri musiqi, qiraət və rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  

   Zəngin təəssürat

  

   Yaradıcılıq görüşlərindən qayıdan incəsənət xadimləri təəssüratlarını bizimlə bölüşdülər.

   Xalq artisti Canəli Əkbərov bölgələrimizə növbəti səfərdən razı qaldığını bildirdi: “Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu layihədə artıq bir neçə ildir ki, iştirak edirəm. Budəfəki yaradıcılıq görüşləri də yüksək səviyyədə təşkil olunmuşdu. Rayonların rəhbərliyi nazirliyin bu layihəsinə xüsusi diqqətlə yanaşır. İnsanlar konsertlərə böyük həvəslə qatılmışdılar. Əlbəttə, belə görüşlər regionlarda mədəni mühitin inkişafına öz təsirini göstərir. Bu layihəyə gənclərin cəlb olunmasını yüksək qiymətləndirirəm. Muğamestrada müsabiqələri iştirakçılarının vətənpərvərlik və müstəqillik mövzusunda mahnıları da dinləyiciləri valeh etdi”.

   Xalq artisti muğam sənətinə göstərilən dövlət qayğısına da toxundu: “Bu gün Azərbaycanın muğam sənəti dünya miqyasında tanınır. Mədəniyyət və Turizm Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm ki, muğamlarımızı, musiqimizi bölgələrdə də təbliğ edir, yaradıcı insanları pərəstişkarları ilə görüşdürür. Böyüməkdə olan gənc nəslin bu sənətə marağı xüsusilə diqqətəlayiqdir. İstərdim bu konsert proqramları televiziyalarda geniş nümayiş olunsun”.

   Tanınmış müğənni, Əməkdar artist Gülüstan Əliyeva da yaradıcılıq görüşlərindən zəngin təəssüratlarla ayrıldığını deyir: “Bu gün bölgələrimizdə mədəniyyət sahəsinə yüksək dövlət qayğısı göstərilir. Mədəniyyət müəssisələri inşa olunur, onların maddi-texniki bazası möhkəmləndirilir. Əlbəttə ki, bütün bunlar biz mədəniyyət işçilərini çox sevindirir. Mədəniyyət və Turizm Nazirliyinin regionlarda yaradıcılıq görüşlərinin keçirilməsi ilə bağlı layihəsində iştirak etməkdən çox məmnunam. Bu layihədə bir neçə dəfə iştirak etmişəm və hər dəfə də konsert proqramlarımız böyük maraqla qarşılanıb. Bu dəfə müstəqillik gününü bir yerdə keçirdik. Yerli əhali belə mədəni tədbirlərin keçirilməsinə ehtiyac duyur. Buna görə təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Bir də təklif edərdim ki, yaradıcılıq görüşləri daha geniş formatda keçirilsin. Ola bilsin konsert proqramları ilə yanaşı, yeni çəkilən filmlərimiz də təqdim olunsun. Müxtəlif mədəniyyət layihələrinin təşkilinə bölgələrdə şərait və ən əsası maraq var”.

 

   Sənət adamları ilə görüşlər davam edəcək

  

   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovun bildirdiyinə görə, bu layihə nazirliyin 2012-ci ilin ikinci yarımilliyi üçün planına uyğun olaraq həyata keçirilib: “Yaradıcılıq görüşlərinin keçirilməsində məqsəd gənc nəslin sənət adamları ilə yaxından tanış olmasını, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsini təmin etməkdən ibarətdir. Belə tədbirlər regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağı daha da artırır. Bu həm də regionlarda əhalinin asudə vaxtının səmərəli təşkili, bölgələrdə mədəni əlaqələrin genişləndirilməsinə imkan verir”.

   Oqtay Muxtarov onu da əlavə etdi ki, belə görüşlər gələcəkdə də davam edəcək: “Bu il 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Siyəzən və Qusar rayonlarında respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ictimaiyyət nümayəndələri ilə görüşünü təşkil etmişdik. Hər dəfə belə tədbirlərin keçirilməsinə böyük marağın şahidi oluruq. Gələcəkdə konsert proqramlarında musiqi nömrələrinin daha da zənginləşdirilməsini, bir çox tanınmış sənət adamlarını bu layihəyə cəlb etməyi planlaşdırırıq”.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 6.