“Azərbaycan bizim üçün hər zaman önəmli ölkə olub və həmişə də belə olacaq”

 

   Ərdoğan Bayraqdar: “Türk dünyası memarlıq abidələri türk millətinin minlərlə illik tarixini, dilini, yaşayış və inancını, estetik anlayışını əks etdirən ortaq dəyərlərimizdir”

  

   Xəbər verdiyimiz kimi, oktyabrın 15-dən 18-dək Türkiyənin Trabzon şəhərində V Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı keçirilib. Tədbirin təşkilatçılarından biri Türkiyə Cümhuriyyəti Ətraf Mühit və Şəhərsalma Nazirliyi idi. Fürsətdən istifadə edib qardaş ölkənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdardan qəzetimiz üçün müsahibə aldıq.

  

   - Cənab nazir, türk dünyasının usta mühəndislərinin, memar və şəhərsalma mütəxəssislərinin, elm adamlarının toplaşdığı qurultayın Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin dəstəyi ilə gerçəkləşdiyini nəzərə alsaq, onun əhəmiyyətini necə dəyərləndirərdiniz?

   - Qurultay türk dünyası memarlıq tarixini, mühəndislik əsərlərini gözdən keçirmək və tarixin lap dərinliklərindən gələn memarlıq, mühəndislik nümunələrini dəyərləndirərək bu sahədə gələcək fəaliyyətlərə nəzər salmaq, fikir və təcrübə mübadiləsi aparmaq üçün çox gözəl vasitədir. Qurultayımızın ən önəmli hədəfi tarix boyunca qurulan türk dövlətlərinin memarlıq və şəhərsalma dəyərlərinin tarixi təcrübələrindən faydalanaraq müasir dövrdə türkdilli xalqlar və toplumların memar, mühəndis və şəhərsalma mütəxəssisləri ilə birgə türk kimlikli şəhərlərin yenidən inşa edilməsini təmin etməkdir.

   Trabzonda türkdilli ölkələrdən dövlət adamları, universitetlərdən müəllimlər, alimlər, memarlar bir araya gəldilər. Qurultayda Memar Sinan Layihə olimpiadalarına da yekun vuruldu, ən gözəl layihələr seçildi. Burada türk dünyasının «dildə, fikirdə, işdə birlik» fikrini yenidən gündəmə gətirdik. Tədbir çərçivəsində mühəndislər, memarlar, elm adamlarının görüşləri keçirildi və bunun özü də türk dünyasının birləşməsinə, qaynayıb-qarışmalarına, gələcək ortaq fəaliyyətlərinə böyük töhfədir. Həm Trabzon valiliyinin, həm də bizim nazirliyin keçirdiyi, dəstək verdiyi bu tədbirə gələn bütün qonaqlar bizə böyük şərəf verdilər.

   - Türk Dünyası Memarlıq, Mühəndislik və Şəhərsalma Qurultayı artıq 5-ci dəfə keçirilir. Sizcə, bu tədbirlər türkdilli xalqların mədəni yaxınlaşmasında hansı rolu oynayır?

   - Mədəniyyət bir millətin dəyərlərinin ümumi toplusudur. Memarlıq və şəhərsalma isə tarix boyunca köklü keçmişimizdəki mədəniyyət və varlığımızın ən önəmli göstəricilərindən biridir. Türk dünyası memarlıq abidələri və içində yaşadığımız şəhərlərimiz də, eyni zamanda türk millətinin minlərlə illik tarixini, dilini, yaşayış və inancını, estetik anlayışını, digər millətlərlə barış və hüzur içərisində yaşama arzusunu əks etdirən ortaq dəyərlərimizdir. Bu baxımdan Türk Dünyası Memarlıq, Mühəndislik və Şəhərsalma Qurultayı kimi tədbirlər nəinki mədəniyyətlərin, hətta iqtisadiyyatların yaxınlaşmasını təmin edir. Bizə həmrəyliyi, daha güclü olmağı təlqin edir. Əgər eyni insanla danışa, eyni dəyərləri paylaşa, eyni birlik ətrafında toplana biliriksə, bu bizim türk dünyasının birlikdə olmasını, inkişafını, qaynayıb-qarışmasını təmin edəcək. Eyni zamanda dövlətlərimizin, şəhərlərimizin inkişafını təmin edəcək, gələcək nəsillərə də çox ciddi şəkildə ən dəyərli, ən xeyirli bir miras qoymuş olacaq. Bir sözlə, türk dünyasındakı memarlıq əsərlərinin tanıdılması, təşviq edilməsi, türk dünyasına keçmişdə əməyi keçmiş insanların yad edilməsi ilə ortaq türk mədəniyyətinin inkişafı bu sahədə ən böyük xidmətlərdən biridir.

   - Yeri gəlmişkən, şəhərlər və memarlıq nümunələri tarixən türk mədəniyyətlərinin, düşüncə tərzinin bir ifadəsi olub və olmaqdadır. Bu baxımdan müasir dövrə qədər gəlib çatan Türk-İslam memarlıq nümunələrini gələcək nəsillərə hansı formada ötürməyi düşünürsünüz?

   - Türk dünyasının qədim şəhərlərinin və memarlıq nümunələrinin əhəmiyyətli bir qismi günümüzə qədər gəlib çıxıb. Şübhəsiz ki, öz mədəniyyətlərimiz ilə həyat tərzimizi, memarlıq və mühəndislik düşüncələrimizi sabahlara daşımaq üçün daha çox çalışmaq lazımdır. Orta Asiyadan Hindistana, İrandan Şimali Afrikaya, Avropadan Anadolu coğrafiyasınadək bir çox dövlətlər quran əcdadlarımızın təməl fəlsəfəsi Ərtoğrul Qazinin dediyi «İnsanı yaşat ki, dövlət yaşasın» düsturu olub. Bu çevrədə Türk-İslam mədəniyyətinin ortaya qoyduğu düşüncə sistemi və həyat tərzi insanlara və bütün təbiət varlıqlarına Allahın qüdrətini, elmini və iradəsini əks etdirən bir kainat tablosu təqdim etməkdir. Mədəniyyətlərimizin izlərinin olduğu bütün coğrafiyalarda bu düşüncələrimizi əks etdirən minlərlə əsərlə rastlaşmaq mümkündür. Memarlarımız və mühəndislərimiz Ədirnədən Səmərqəndə, Bişkekdən Aşqabada qədər bir çox şəhərlərdə Türk-İslam sənətinin ən gözəl örnəklərini inşa ediblər. Türklərin dünya memarlıq mirasına töhfə verdikləri Süleymaniyyə, Səlimiyyə, İshak Paşa Sarayı və Tac Mahal kimi qüdrətli nümunələr var. Bu işlərdə bizə istiqamət verəcək təşkilatlara ehtiyacımız var. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi indiyə qədər həyata keçirdiyi qurultaylarla mədəniyyətimizin qorunaraq sabahlara aparılması istiqamətində əhəmiyyətli bir iş görüb. Bu tədbirdə həm də Memar Sinan Layihə Olimpiadasının da final mərhələsini keçirdik. Bu mövzuda tətbiq olunan layihələrə nazirlik olaraq da dəstək verməyə hazırıq.

   - Cənab nazir, müasir Türkiyə şəhərsalma prinsipləri ilə bağlı nə deyə bilərsiniz? Yəni modern şəhərsalma, nümunəvi şəhərlərin ərsəyə gəlməsi fonunda tarixi memarlıq nümunələri necə qoruna bilər?

   - Avropada son illərdə meydana gələn iqtisadi böhrana baxmayaraq, Türkiyə iqtisadi sabitliyi və güclü duruşu ilə hər kəsin heyranlıqla izlədiyi bir ölkədir. Türkiyə siyasət və iqtisadiyyat başda olmaq üzrə hər sahədə inkişaf içərisindədir. Ölkəmizdə son 10 ildə 5 milyon mənzil inşa edilib ki, bunun 500 mini dövlət, 4,5 milyonu isə xüsusi sektor tərəfindən tikilib. Bu sürətli inkişaf memarlıq, mühəndislik, eləcə də xarici inşaatçıların xidmətləri sayəsində yeni texniki nailiyyətlərin tətbiq olunmasında bizə böyük təcrübələr qazandırdı. Burada qazandığımız məlumat və təcrübəni türk dünyasındakı bütün qardaş ölkələrlə paylaşmaq, edəcəkləri işlərdə sərmayələrlə onlarla birlikdə olmaq Türkiyə üçün bir vəzifədir. Nazirlik olaraq möhkəm, etibarlı və sağlam strukturlar meydana gətirmə istiqamətində şəhərsalma işlərinə başlamışıq. Şəhərləri yenidən dizayn edərkən tarixi irsi və memarlığı da qoruyub inkişaf etdiririk. Gözəlliyə əhəmiyyət verərək, yeni layihələr hazırlayır və həyata keçiririk. Beləcə, insanlar üçün ev, bina deyil, müasir həyatın tələb etdiyi, çağdaş standartlara uyğun yaşayış məkanları yaradacağıq. Hədəflərinə çatdığında Türkiyə nümunəvi və marka şəhərləri ilə bir cazibə mərkəzi halına gələcək.

   Türk memarlığı müasir və cəsur nümunələrdən ənənəvi yanaşmalara qədər geniş bir dairədə hər keçən gün inkişaf edir. Nəzəri və tətbiqi memarlıq sahələrində məlumat və təcrübə mübadiləsi, universitetlərimiz arasında tələbə və müəllim mübadiləsinin bu baxımdan böyük önəmi var. Türk dünyası içərisində birgə səylərlə əldə etdiyimiz nailiyyətlər memarlıq üçün təşviqedici bir məqam olacaq. “Dildə, fikirdə, işdə birlik” anlayışından hərəkət edərək atılacaq bu addımlar memarlıq sahəsindəki nailiyyətimiz olduğu qədər, ölkələrimiz və vətəndaşlarımız arasında mövcud yaxınlığı, dostluq və qardaşlıq əlaqələrimizi də möhkəmləndirəcək. Mövcud əlaqələrimizi inkişaf etdirməklə yaradacağımız memarlıq əsərləri və onların bərpası üzrə işlər münasibətlərimizin daha geniş inkişafına zəmin yaradacaq.

   - Türkdilli ölkələrdən biri də Azərbaycandır. Ölkələrimiz arasında əlaqələrlə bağlı nə deyə bilərsiniz?

   - Azərbaycan bizim üçün hər zaman önəmli bir ölkə olub və həmişə də belə olacaq. Dilimiz, dinimiz də ortaqdır. Bu baxımdan əməkdaşlığımızı, elmi, işgüzar münasibətlərimizi, mədəni əlaqələrimizi daha da sıxlaşdırmaq lazımdır. Ölkələrimiz arasında əlaqələri daha da genişləndirmək üçün belə toplantıların, birgə forumların, qurultayların böyük əhəmiyyət daşıdığına inanırıq. Azərbaycan bu gün çox sürətlə inkişaf edir, qısa müddətdə çox böyük məsafələr qət edib. Qardaş ölkənin rifahı, inkişafı, əlbəttə ki, bizi sevindirir.

  

 

   Mehparə Sultanova

 

  Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 5.