Uzun, incə bir yol...

 

   Oktyabrın 22-də Teatr Xadimləri İttifaqında Azərbaycanın novator teatrkino rejissoru, “Yuğ” teatrının yaradıcısı və bədii rəhbəri, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif İbrahimoğlunun xatirəsi yad edildi. Tədbirdə mərhum rejissorun dostları, ailə üzvləri, “Yuğ” teatrının yaradıcı heyəti, onu sevənlər iştirak edirdi.

   Tədbiri Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət açdı. O, rejissorun Azərbaycan teatr prosesindəki yerindən, fikir-düşüncə müstəvisinə təsirindən danışdı. Ekranda Vaqif İbrahimoğlunun vaxtilə işlədiyi Tədris teatrında, yaratdığı “Yuğ” teatrında hazırladığı tamaşalarından, söhbətlərindən fraqmentlər təqdim olundu.

   Rejissorun dostları - sənətşünaslıq doktoru, teatrşünas Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov, jurnalist, media mütəxəssisi Zeynal Məmmədli, fəlsəfə elmləri doktoru Niyazi Mehdi, şair Ramiz Rövşən, aktyor, Əməkdar artist Vidadi Həsənov, teatrşünas Elçin Cəfərov, rejissorun həyat yoldaşı Nelli Həsənli çıxış etdilər, Vaqif İbrahimoğlu haqda işıqlı xatirələrini bölüşdülər. «Savalan» qrupu Aşıq Veysəlin «Uzun, incə bir yoldayam» mahnısını sənətkarın ruhuna həsr etdi.   

 

 

   Aliyə

 

  Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 4.