Azərbaycan-Rusiya mədəni əməkdaşlığı genişlənir

 

   Moskvada iki ölkənin müvafiq nazirlikləri arasında növbəti əməkdaşlıq proqramı imzalanıb

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 22-23-də Moskvada rəsmi səfərdə olub. Oktyabrın 22-də nazir Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini xanım Alla Manilova ilə görüşüb.

  

   Görüş zamanı “2012-2013-cü illər üçün mədəniyyət sahəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq proqramı” imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QarayevRusiya mədəniyyət nazirinin müavini Alla Manilova imzalayıblar.

   İki ölkənin hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 6 iyun 1995-ci il tarixli sazişə uyğun olaraq imzalanan sənəd mədəni əlaqələrin möhkəmləndirilməsinə dair konkret planlar nəzərdə tutur.

   Sənədin imzalanmasından əvvəl ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin indiki vəziyyəti və bütün istiqamətlər üzrə - mədəni mübadilə, birgə tədbirlərin keçirilməsi, teatr xadimləri, musiqiçilər, kinematoqrafçılar və s. arasında daha sıx əlaqələrin yaradılması sahəsində perspektiv əməkdaşlıq planları haqqında geniş fikir mübadiləsi olub. UNESCO, TÜRKSOY, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondus. təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli məsələlərə toxunulub.

   Alla Manilova ölkələrimiz arasında humanitar əməkdaşlıq və qarşılıqlı mədəni fəaliyyət məsələləri üzrə tam qarşılıqlı anlaşmanın olmasını yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan böyük mədəni potensiala malikdir, münasibətlərimizi daha geniş miqyasda, daha kompleks şəkildə qurmaq lazımdır. Nazir müavini mədəniyyət sahəsində Rusiyanın siyasətindən bəhs edərkən turizm sahəsində əməkdaşlığın əhəmiyyətini də vurğulayaraq qeyd edib ki, bu, hər iki ölkə üçün çox böyük maraq doğurur. Onun sözlərinə görə, Rusiyanın Mədəniyyət Nazirliyi Azərbaycan tərəfi ilə bu barədə danışıqlar aparmağaturizm sahəsində ikitərəfli saziş imzalanması üçün qarşılıqlı təşəbbüsləri nəzərdən keçirməyə hazırdır.

   Azərbaycanın humanitar siyasətinin əsas prioritetlərindən bəhs edən Əbülfəs Qarayev deyib ki, ölkələrimizi sıx ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri, xüsusən humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr birləşdirir. Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra dövlətlərarası mədəni əlaqələr nəinki qırılmayıb, əksinə yeni, hər iki tərəfin bərabərhüquqlu tərəfdaşlığı formasında inkişaf edir. Nazir xüsusilə qeyd edib ki, iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycanda Rusiya İlininRusiyada Azərbaycan İlinin keçirilməsi əlaqələrin inkişafına böyük təkan verib. Ə.Qarayev ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirləri, o cümlədən bu yaxınlarda keçirilmiş Beynəlxalq Humanitar Forumu xatırladıb. O vurğulayıb ki, 2013-cü il mayın sonunda Bakıda mədəniyyətlərarası dialoqa dair növbəti Dünya Forumu keçiriləcək: “Biz istərdik ki, Rusiya bu forumda geniş təmsil olunsun”.

   Nazir əməkdaşlıq üçün çox böyük potensial olduğuna diqqət çəkərək qeyd edib ki, bu potensialdan tam istifadə etmək lazımdır: “Biz istəyirik ki, Azərbaycan mədəniyyəti Rusiyada daha geniş təmsil olunsun”.

   Görüşdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ildə 150-dək layihəni həyata keçirən MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu çərçivəsində mədəni əməkdaşlığın əhəmiyyətindən danışıb.

   Günün ikinci yarısında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski arasında görüş keçirilib. Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub. Əbülfəs Qarayev həmkarını Bakıya dəvət edib.

 

 

   Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 3.