Latviya və Litva ilə mədəniyyət-turizm
əlaqələri müzakirə edilib
Xəbər
verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Latviya və Litvada rəsmi səfərdə olub.
Oktyabrın 17-də Əbülfəs Qarayev Latviyanın
iqtisadiyyat naziri Daniels Pavlyuttsla görüşüb.
Görüşdə ölkəmizin Latviyadakı səfiri
Elman Zeynalov iştirak edib.
Söhbət əsnasında Əbülfəs
Qarayev Azərbaycanın turizm potensialı, regionlarda turizm
infrastrukturunun inkişafı barədə həmkarına məlumat
verib. Son illər Azərbaycanda 5 beynəlxalq hava
limanının inşa edildiyini deyən nazir bildirib ki, bu,
ölkədə turizmin inkişafına imkan yaradır.
Latviyanın iqtisadiyyat naziri Daniels
Pavlyutts turizm sahəsində Azərbaycanla əməkdaşlıqda
maraqlı olduqlarını deyib. Tərəflər turizmin təşkili
sahəsində təcrübə mübadiləsi
aparılmasının zəruri olduğunu vurğulayıblar.
Statistikaya görə, təkcə 2011-ci ildə Azərbaycandan
Latviyaya 1400-dən çox, Latviyadan Azərbaycana 1200-dən
çox turist gəlib.
Görüşdə Azərbaycan
və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin
açılması məsələsi müzakirə edilib, bələdçi
kitabçalarının birgə nəşrinin, iki ölkənin
turizm potensialı haqqında reklam videoçarxlarının
çəkilməsinin zəruriliyi vurğulanıb.
* * *
Oktyabrın 19-da mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Litvaya səfəri
zamanı bu ölkənin mədəniyyət naziri Arunas
Gelunasla görüşüb. Görüşdə iki ölkə
arasında mədəni əlaqələrin gələcək
inkişafı məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti
yenidən qurulmaqda olan, gələcəkdə muzey kimi fəaliyyət
göstərəcək Litvanın Böyük Kral
Sarayında aparılan bərpa işləri ilə
tanış olub. Nazir Litva Milli İncəsənət
Qalereyasında Litva rəssamlarının əsərlərindən
ibarət sərgiyə tamaşa edib. Görüşlərdə
tarixi və mədəni irsin qorunması sahəsində təcrübə
mübadiləsinin zəruriliyi vurğulanıb.
Əbülfəs Qarayev Azərbaycan
səfirliyinin təşəbbüsü ilə Litva Edukologiya
Universitetində açılacaq Nizami Mərkəzində
aparılan işlərlə də tanış olub,
universitetin rəhbərliyi ilə görüşüb.
Nazir səfər çərçivəsində
Litva Dövlət Turizm Departamentinin direktoru Raymond Balniyene ilə
görüşüb. Görüşdə iki ölkənin
turizm sahəsində əməkdaşlığı, turist səfərləri
üçün prosedur qaydalarının sadələşdirilməsi
məsələləri müzakirə edilib, əməkdaşlığın
davam etdirilməsinə dair razılıq əldə olunub.
Görüşlərdə Azərbaycanın Litvadakı səfiri
Həsən Məmmədzadə iştirak edib.
Mədəniyyət.-
2012.- 24 oktyabr.- S. 3.