Əbədi gənc bəstəkar...

 

   Amma (məlum bir məhəbbət mahnısını sənət müstəvisində götürsək) “yaşın nə fərqi var?..”

  

   Onun ölüm yaşı çoxları üçün heç olum yaşı da olmayıb, deyilolmayacaq. Təcrübəlilər iyirmi üçü evlənməyə də bəs hesab etmirlər, o isə bu yaşa qədər məmləkətimizin mədəniyyət butası dalısıyca çöllənə-çöllənə, sənət eşqi gücündən şellənə-şellənə, şərqilənə-nəğmələnə gəzib-dolaşdı...

  

   Təhkiyeyi-üslubun qeyri-nağıl anlamında az getdi, piano-fortepiano, saz getdi, dərə-təpə yüz tapdı. “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran”, “Muğamsayağı”, “Çahargah”, “Uşaq süitası” və sair instrumental-fundamental addımlarıyla otuz doqquz qapı açdı, qırxıncıda sənət-padşahın “Ölkəm” adlı gömgözəl, qəpqəşəng qızı ilə rastlaşdı...

   Xalqın təsəvvür-təsəvvüf “zindan”ından xilasi-kəşf etdiyi bu gözəlləri elə xalqın özünə nişanladı. Onları öz sahibinə ismarlayıb, yeni-yeni butalar ardınca düşdü. Daha neçə-neçə könül qənimətləri topladı. Ancaq onları cəm edib ram eləyə bilmədi. Nədən ki, belə səfərlərin birində möhkəm sətəlcəm oldu və... az qala bir simfoniya müddəti ərzində (qələm bunu yazmaq istəməsə də) öldü...

   Sənəddə əbədi getdi, sənətdə əbədi qaldı. 1932-ci il oktyabrın 27-də əhalimizin sayından biri azaldı, mədəniyyətimizdəki böyük adlardan biri isə artdı:

  

   Asəf Zeynallı!

  

   Maraqlı-məlallı bir ünvanda doğulmuşdu: Dərbənddə. Doğum tarixçəsi də xoşovqatlıdır: 5 aprel (1909) - bahar vaxtı. Fotoşəkilləri də adama az söz demir. Baxışları hələ yazılmamış neçə-neçə şedevrlər saçır.

   Yuxarıda butalardan danışdım. Onlar, təbii, sevgili-yarlıq deyil, istedadi sənət-səfərdarlıqdır.

   Siz onun əsərlərini dinləyərkən nə hislər keçirirsiz - bilmirəm. Amma mən həmişə Rübabə xanımın “Qaragilə”sindəki nəqarəti də xatırlayıram:

  

   Dərbənd aralı,

   Könlüm yaralı,

   Bir qız sevmişəm, Qaragilə,

   Dağlar maralı...

  

   Bax, bu cavan dahi, nakam dərbəndli iyirmi üç illik ömrünüdağlar maralı”na yox, büsbütün ellər folkloruna, xalq nəğmələrini toplayıb nota köçürmək zoruna, əcnəbi paxılların adımıza yamaq etmək istədikləri “çarıqlı-patavalı ölkə” fasonlu ayamalara qarşı “Ölkəm” kimi ultra-brendlər yaratmağa sərf edib.

   İyirminci illərin əvvəllərində ailəsilə Bakıya köçən Asəf Musiqi Texnikumuna daxil olur (ölümündən sonra adının veriləcəyi məktəbə). Sonra Azərbaycan Dövlət Konservatoriyasında oxuyur. Orkestr fakültəsindən bəstəkarlıq fakültəsinə keçməsilə öz gələcəyinə və ümumxalq mədəniyyət fondumuzun daha da zənginləşməsinə bünövrə qoymuş olur. Ü.Hacıbəyli, B.Karagiçev, L.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alması onun daha yüksək zirvələrə ucalmasında mühüm rol oynayır. Bu maraqlı sənətkarın yaradıcılıq tərcümeyi-halında ən maraqlı faktlardan birimilli romans janrının banisi olmasıdır.

   Asəf Zeynallı həm də ilk simfonik musiqi nümunələrinin müəllifidir. Bəstəkarın “Fraqmentlər” adlı simfonik əsəri bu janrda ilk orijinal Azərbaycan nümunəsi olmaqla, həm də yarandığı dövrdə SSRİ miqyasında çox yüksək novatorluq kimi qarşılanıb. Sonralar, sovet musiqişünaslarının rəyinə görə, onun tamamlaya bilmədiyi “Bakı” simfoniyası “dahiyanə bir əsərin yarımçıq cizgilərdə susması” imiş.

   İyirmi üç “yarımçıqlı” bəstəkar haqda gözəl sözlər, maraqlı fikirlər az deyil. Dövrün mətbuatında onun adı tez-tez çəkilirdi: “Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir”.

   Gənc bəstəkarın “Tənqid-təbliğ” teatrında musiqi bölməsinə rəhbərlik etməsi ona öz fəaliyyət sahəsini daha da genişləndirməyə, daim mədəniyyət aləminin mərkəzində olmasına rəvac verirdi. Hələ iyirmi yaşında ikən “Yanğın” (S.Rüstəm və H.Nəzərli), “Gizli əl” (C.Xəndan), “Qəzəb” (A.Yanovski) və başqa teatr tamaşalarına cəzbedici musiqilər yazan bəstəkar Sovet İttifaqında tanınmış isimlərdən idi. O, 1931-ci ildə MoskvaLeninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil edib. Həmin möhtəşəm konsertlər zamanı iyirmi iki yaşlı bu oğlan nüfuzlu kürsülərə sinə gərərək, böyük mədəniyyət ağsaqqalı imicli çıxışları, nitqləri, məruzələri ilə daha da məşhurlaşıb.

   O həm də nüfuzlu pedaqoq kimi tanınırdı. Təlim-tədris sahəsindəki yenilikçiliyi, tələbələrinə mədəni-mənəvi aləmi özünəməxsus təlqinçiliyi də elə əsərləri kimi seçkin imiş, duyğusal-universal elementlərlə zəngin imiş. Təsadüfi deyil ki, zəmanəmizin dahi bəstəkarı Qara Qarayev onun da tələbəsi olmuşdur. Bu gün əsərlərini sevə-sevə dinlədiyimiz Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov notları da Asəf Zeynallının bulaq pıçıltılı səs-sədalarından su içib...

   ...Və:

  

   Şiş ucları buludlarla öpüşən

   Qayaları, dağları var ölkəmin”

  

   kimi təkrarsız musiqi müəllifinin yarımçıq ömrünün ölüm (?!) gününə yazdığım bu anımnaməyə narıncıq bir yarımbaşlıq:

  

   Şikəstəsayağı...

  

   Əzizinəm, a yaşlılar, deyin gəlsin nakam-nakam bayatılar...

   Mən aşiqəm... ey sabiq qələmqaşlılar, görəsən o vaxtlar bu füsunkar nəğmələr aşiqinin qismətindən hansınız “yayınmısınız”?..

   Siz ey yazılmamış saysız mahnılar, çoxdan-çox simfoniyalar, o dünyada nə var-nə yox?..

   Və həmişə dopdolu bir səhifə yazdığım yazılar, budəfəki həmkarınız nədən belə az çıxdı? İşarəsi 1909-1932-nin 2-3 misli ola, ya olmaya. Mütaliəsi iyirmi üç saniyə çəkə, ya çəkməyə...

   ...Hə, şiş uclu dağlarımız! Belə-belə gənc dahi oğulları da var, “Ölkəm”izin!..

  

 

   Tahir Əhmədalılar

 

   Mədəniyyət.- 2012.- 31 oktyabr.- S. 15.