General ömrü
İlk azərbaycanlı sərhədçi general
Mustafa Nəsirov haqqında xatirələr toplusunun ikinci
kitabı işıq üzü görüb
Oktyabrın
24-də Dövlət Film Fondunda Əməkdar incəsənət
xadimi Abdulla Qurbaninin tərtib etdiyi “General Nəsirov xatirələrdə”
toplusunun ikinci kitabının təqdimatı keçirildi.
Toplunun ilk kitabı bir neçə ay öncə təqdim
olunmuşdu.
Tədbir generalın xatirəsinə
həsr olunan audio-video görüntünün nümayişi
ilə başladı. Sonra müəllif özü
danışdı. Bildirdi ki, kitab ilk azərbaycanlı sərhədçi
general-mayor Mustafa Cəfər oğlu Nəsirov (1921-2012)
haqqında ikinci xatirələr toplusudur. Kitab doxsan ildən
artıq ömür sürmüş görkəmli hərbi,
ictimai-siyasi xadim Mustafa Nəsirovun nəsillərə örnək
olan çətin və şərəfli həyat yolundan, vətənə,
xalqa sədaqətlə xidmət etməsindən, yüksək
əxlaqi-mənəvi keyfiyyətlərindən və xeyirxah əməllərindən
bəhs edir.
Mərhum generalın hərbçi
dostlarından Sərhəd Qoşunlarının sabiq komandiri
Abbasəli Novruzov bildirdi ki, hərbçi olmaq çox
çətindir. Bu, hərbçi olacaq hər bir kəsdən
böyük məsuliyyət tələb edir. Mustafa Nəsirov
ilk sərhədçi general kimi bu adı uca tutdu və
ömrünün axırına kimi general adına bir xələl
gətirmədi. Bu ada layiq bir şəxs kimi yaşadı. O,
böyük bir şəxsiyyət, görkəmli hərbi
xadim idi.
Sabiq neft emalı və kimya sənayesi
naziri Kamil Akimov qeyd etdi ki, Mustafa Nəsirov görkəmli hərbçi
olmaqla bərabər, gözəl ailə
başçısı idi. Ömrünü qeyrətlə,
namusla, mərdliklə yaşadı. Şan-şöhrətdən
həmişə uzaq durar və tərifi sevməzdi:
“Ağır təbiətli və təvazökar şəxsiyyət
idi. İlk tanışlığımız 60-cı illərə
təsadüf edir. Onunla bağlı xatirələrim
çoxdur. Bir il əvvəl 90 illik yubileyində iştirak
etdim. Xeyli söhbət etdik. Dedim ki, Sizinlə - ilk azərbaycanlı
sərhədçi generalla fəxr etdiyimiz kimi, gələcək
nəsillər də fəxr edəcək. Siz
sağlığınızda əbədiləşmiş
şəxsiyyətlərdənsiniz”.
Hərb Tarixi Muzeyinin direktoru,
istefada olan polkovnik Rüfət Əmirov
çıxışında bildirdi ki, Mustafa Nəsirovu ilk dəfə
1972-ci ildə görüb: “Ucaboylu, yaraşıqlı bir
kişi idi. Hərbi forma ona çox yaraşırdı. O vaxt
qəlbimdən bir fikir keçdi. Fikirləşdim ki, görəsən,
belə bir forma geymək mənə də qismət
olacaqmı? O, atamla söhbətində bildirirdi ki, yoldaş
Heydər Əliyev Zığ qəsəbəsində
xüsusi bir məktəb açıb. Orada gələcək
hərbçilər yetişdiriləcək. Nə qədər
gec deyil övladınızı bu məktəbə qoyun. Orta
məktəbi bitirib sənədlərimi həmin məktəbə
verdim. Beləliklə, mən də taleyimi hərblə
bağladım”.
Əməkdar incəsənət
xadimi, professor Musa Bağırov bildirdi ki, general Mustafa Nəsirovla
1964-cü ildə tanış olub: “Radio və Televiziya
Verilişləri Komitəsində işləyirdim. “Nizam əsgərləri”
adlı sənədli televiziya filminin çəkilişlərini
aparırdıq. Həm də Naxçıvan Muxtar
Respublikasının 40 illiyi qeyd olunurdu. Xeyli qonaq gəlmişdi.
Həmin vaxt görkəmli bəstəkar Tofiq Quliyev bizi
tanış etdi. Mustafa Nəsirovdan xahiş etdi ki, bunlara
çəkilişdə nə lazımsa köməklik
göstərin. O, bizim yaradıcı qrupa işləmək
üçün lazım olan şəraiti yaratdı. Bu
görkəmli şəxsiyyət haqqında çox
danışmaq olar. O, əsl azərbaycanlı idi”.
Dövlət Film Fondunun direktoru, Əməkdar
incəsənət xadimi Cəmil Quliyev çıxış
edərək bildirdi ki, unudulmaz general Mustafa Nəsirovu
uşaqlıq vaxtlarından tanıyıb: “Onu ilk dəfə
cənub bölgəsində görmüşəm. O vaxtlar nənəm
Sona xanım Lənkəran Xalq Deputatları Soveti İcraiyyə
Komitəsinin sədri idi. Rayon rəhbərlərindən biri
kimi nənəm həmişə sərhədçilərin
problemlərinin həllində yaxından iştirak edərdi.
Onu da deyim ki, mən Lənkəranda yay tətilində olarkən
pioner düşərgəsinin uşaqları ilə birlikdə
Lənkəran sərhəd dəstəsinin Astaradakı
zastavalarından birinə getdik. Sonra bildik ki,
Qırmızı Bayraqlı Zaqafqaziya Sərhəd Dairəsi
rəisinin müavini general Mustafa Nəsirov və digər
qonaqlar bizimlə görüşə gələcəklər.
General Mustafa Nəsirovu ilk dəfə orada gördüm”.
Daha sonra Əməkdar
inşaatçı Nəcəf Hacıyev, Kənd Təsərrüfatı
Nazirliyinin sabiq məsul işçisi Bəxtiyar Süleymanov
və başqaları çıxış edərək
general M.Nəsirov haqqında ürək sözlərini, xatirələrini
bölüşdülər. Tədbir maraqlı musiqi
proqramı ilə başa çatdı.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 31 oktyabr.- S. 13.