Bir “Segah”i yazı
Gahdan da bir pərdə
“Dügah”i, bir barmaq “Çahargah”i...
Bu yazının yalnız adı qələmin.
Odu, ladı, dadı-ləzzəti ulu Tarın və onun
örnək piri Qurban Pirimovun...
“Pozu” qoşulu “yazı”ya nə var
ki, ay “Yetim”, ey “Zabul”, ya (!) “Mirzə Hüseyn” və hoy “Xaric”
qoşqulu “Segah”!? Sel-su axarlı bal dilimizin “şəhd-şəkkər”
dəryasına baş vuruban minbir yazıb, min pozuban axırda
lap “doqquzuncu val” yaradanlarımız azmı olub, ey sənət
mizraqlı cənnət mizrablım?!.
Zaman-zaman təlqin
etdiyin aliməqam muğam yolundan - heyrəti-“Heyratı”
ladından, mənsuri-“Mənsuriyyə” üslubundan
çıxammayaraq davam edirəm; yazmağa nə var?! Bir
abbasılıq qələmi qoyursan bir qaraqəpiklik ağ
kağızın üstünə, başlayırsan qaralamağa.
Bu ildırımlı internet əsrində yavaş-yavaş
çıxdaşlaşıb arxaikləşməkdə olan
fağır qələm də ki... hədəfli mizrabmı,
kağız - sədəfli pərdəmi ki, yanılanda aləm
bir-birinə dəyə? Sözdür də, - “məşhur”
yerinə məhşur yazdın, neynək, redaktor və ya
korrektor ortadakı hərflərin yerini dəyişəcək.
Yaxud “usta tarzən” yazdın, gördün yox, bu, Qurban
Pirimovluq deyil, təyinin sonuna bir “d” əlavə edirsən və
qurtarıb gedirsən. Kəsəsi (yaxud, bir sözlə),
qareyə (və ya oxucuya) çatana qədər nəxəntərə
(ədəbicə: nə qədər) qaralamalayırsan-qarala,
təki mətbu ağlamada “dır-bır” mövzulu dara-bara
baş verməsin.
Düzdür, təkrarsız söz dahimiz sözü
“...hər ləhzə yoxdan olur var” kimi dəyərləndirib,
amma bəyəm sənin qənirsiz gözəllər
üzündəkilərə bənzər xalların,
çınğı-yanğı qığılcımların
vardanmı var olur, Tar?! Sənin
“çıxış”larında, “nitq”lərində, “məruzə”lərində
elə ifadələr, “bitmiş (və bişmiş) bir fikri
ifadə edən bir və bir neçə sözdən ibarət”
elə cümlələr, “vəziri-xani” hekayətlər var
ki, vallahi, hələ indiyədək heç bir müdrik elə
ibarələr işlətməyib. “Mayə”ndə qəlblər
üstə çəkdiyin yaxmac-yaxılar var ki, belələri
hələ tibbi-sənayedə ixtira olunmayıb, bah “Segah”!
“Üşşaq”ındakı ağsaqqalanə hikmətlərə
hələ heç bir aşıq-dastanda, kitab-dəftərdə,
xalqarası gapstanda rast gəlinməyib, məsti-“tost” “Rast”!..
...Mətləb
üstünə belə “dolan-gəl”məyimin bəhanəsi
“söz sözü çəkdi”dirsə, səbəbi -
yazı qəhrəmanımın ifa “təhkiyə”silə
ilgilidir; deyirlər, Qurban əmi hər muğamın mətləb-mətləsinə
çox gendən gələr, özünəməxsus
güllər vurar, gərəkən məram-məqamı tam
bişirib-düşürəndən sonra xanəndəyə
ayaq verərmiş.
“...Gendən
gələrmiş” dedim, məsafə (meydan) anlamı verən
bu sözün şəcərə, zat omonimi gəldi eynimə.
Belə ki, bu böyük ustadın istedadı -
Gendən gəlib
“Külli-Qarabağın abi-həyatı...” həm də
belə dadlı-tamlı sənət adamları hesabına
“...Nərmənazik bayatıdır, bayatı”
olmayıbmı?..
Özündən yüz il əvvəl bu ustadın nəsil-nəcabət
şöhrəti doğulub. Babası - məşhur
Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün
gözü olub. Sonrakı yüzilin 80-ci ilində o
böyük sazəndə-xanəndə ocağının gələcək
tarzəni doğulub və müqəddəs bayramla ilgili
olaraq, adı Qurban qoyulub. Onun da sənədinə bənzərsiz
sənət yurdlarımızın adı düşüb:
Şuşa qəzası, Abdal Gülablı kəndi. On
yaşından on üçünə qədər atası
onu çox imtahanlara çəkib; zəhmət və sənəti
övladına qoşa qanad edib. Tarda çalıb irəli
getdiyi bütün pərdələrdən ən azı
üç dəfə geri qaytarırmış (bunu yadda
saxlamalı). On dördündə - bığ yeri təzəcə
tərlədiyi yaşda isə “Sudan gələn sürməli
qız”ı necə çalıbsa, o çağadək
ot-alafdan (və bir də hər yay dağa köç
zamanı Hoğa kəndindəki oğru dığalara verdiyi
“dədə vay”lardan) savay heç nə çalmamış
ata əlləri sürəkli bir çəpik çalıb.
On beşində niyə məhz bu mahnını gündə
qırx yol - özü də bu yanğıyla havalandırmasının
səbəbkarından da duyuq düşüb. Hələ bir
gün də bu qapıdan gündə 10-15 dəfə
keçərək suya gedib-sudan gələn bir sürməsiz
qızcığaza yönəli - oğluna bir “arifi” göz də
vurub (bunu yadda yox, segahi-ladda saxlamalı)...
Xatirələrə
görə, on dördündə atasının
alqışını, on beşində ustadlar ustadı
Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ
toylarında adlı-sanlı xanəndələri
müşayiət etməyə başlayır. Hərdən
Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara
dəvət alır. Bu qos-qoca alət çox gənc
Qurbanın kövrək sinəsində daha bir örnək-yuva
tapır. O toyların birində böyük xanəndə
İslam Abdullayev “Bu yaşda tarı sinəsinə
bütöv bir Şərq balasıtək sıxıb, Azərbaycan
anasıtək dilləndirən Qurban”ı görüb, onu
özünə daimi müşayiətçi
götürür. Lakin Qurbanın gündən-günə
yayımlanan şöhrəti onun simasında böyük qənimət
əldə etmiş xanəndənin arzularına “qənim” kəsilir.
Belə ki, 1905-ci ildə Gəncə toylarının birində
Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu onu
(İslam Abdullayevdən razılıq alaraq) özü ilə
Bakıya gətirir.
O,
Bakıya düşəndə bu şəhərdən tək
neft iyi yox, böyük sənət qoxusu da gəlirdi.
Artıq dillər “O olmasın, bu olsun” deyir, “Arşın mal
alan”dan danışır, əllər “Molla Nəsrəddin”i
bir-birinə ötürür, kəllələr hürriyyəti-cümhuriyyət
haqda düşünürdü. Və... qədim Azərbaycan
mədəniyyəti yepyeni bir sənət övladına hamilə
idi. 1908-ci ildə həmin əsər-övlad - “Leyli və Məcnun”
doğuldu və 28 yaşlı Qurban bu operanın ilk
tamaşasında orkestrin solisti oldu.
Sonralar...
dövrün bu nadir sənətkarının yaşı
üstünə yaş gəlməkdə, sənətimizin,
mədəniyyətimizin mənəvi sarayının
daşı üstünə daş qoyulmaqda. Qurban-Məcnun da
öz həyat Leylisini tapıb evlənsə də,
çöllər “Leyli-Məcnun”una məhəbbəti səngimədi.
1908-i 1918-ə, 28-ə... 58-ə caladı. Və deyirlər,
min dəfə çaldığı o tamaşalarda bu qədim-qayım
kişinin üzü bircə kərə gülmədi. Nədən
ki, nə qədər çalıb-çağırıb
çalışsa da, Leylini Məcnuna verə bilmədi...
Məclislər
başı, üzüklər qaşı, duyğular
çeşməsi, məhəbbətlər hədəfi sədəflim!
Sənin “saznan dediklərini” biz də söznən deyək.
Xatiratlar çox olsa da -
Son xatirə “təsnif”i...
Könlünüzü “sarı sim” üstə kökləməli
və əhvalatın “şah pərdə”sində bəkləməli...
Yuxarıda
demişdim axı, on dörd-on beşində hər bir
yanlış xala görə atası onu dəfələrlə
süftə hala - səslənişi bəd çıxsa da -
dala qaytarıb. Və yəqin elə bir də buna görə
səksən beşində - 1965-in 10 avqustunda Azərbaycan
Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə
çəkən “Rahab”ı elə rübablayıb ki,
tamaşaçıların tufan-alqışları altında
düz üç kərə səhnəyə qayıtmalı
olub. Bu qayıtmaların birincisində
gülümsünüb, ikincisində qayğılanıb,
üçüncüsündə isə - gah
alqışçılara, gah səbəbkara mat-mat baxan gənc
ifaçılardan biri onun qolundan yapışmalı olub. Sonra
da bir az öncə qalxdığı stula oturub,
üzrxahlıq və minnətdarlıq dolu baxışlarla
salona göz gəzdirib və səhnəni tərk edib. Həmin
anlar emosiyalarını çəpiklərlə ovudan o
tamaşaçıların ağlına gəlməzdi ki, hələ
görünüşü qıvraq, mizrabı şaqraq olan bu
ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da
dünyasını dəyişəcək.
Amma o
tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə
bir mətləbin fərqindəydilər ki, çox xanəndələri
müşayiət etsə də, o ustadın ən çox
bağlandığı Xan Şuşinski bu itkidən nələr
çəkir. Axı onun “Tardan Ərəbzəngi kimi bac alan
Qurban qağa”sı onu bağrı-badaş həyat
dostluğunda (səhnə heç - burada kimsə
tapılır) tənha qoyub getmişdi! Daha hansısa
şöbədə, keçiddə, ayaqda hansı
çaları vurğulamağı arifi him-cimlərlə
qurğulayan, baxışlarını göydə tutan ustad
qeybə çəkilmişdi...
Amma nə
qəm, sən ki oxursan dəmadəm!
Oxu, tar!
Oxu, ey
“geniş kütlənin şirini, şərbəti, alovlu sənəti!”
Susma, öt, oxu ki, tellərin keçmişi də oyadar. Oxu
ki, səndə çox ustad ruhu var...
Duyğularımızı lap tar-mar üstə köklə,
canlı sənət varlığım, cənnət
yarlığım, oxu! Çalınıban-çal və bu
dəm o ustadın - elə bir sənətkarın xəyalına
dal ki, səndə onun da sevgili-yar ruhu var! Yüz illərdi
şikəstələdiyimiz “...simi gözlər”
ehtiyatkarlığımızın “acığına” o telləri
tarzənsiz-mizrabsız - dəli bir zərbi-eşq ilə
dindir. Qırılsa, Dəmirçioğlunun xan Eyvazın
xilasına yönəlik dediyi məsələ - “suçunu
boynuma mindir”.
Hə, dədə-baba
yadigarı, cəmi aşiq-məşuqlar yarı, oxu! Oxu,
öt və aradabir “səni kim unudar?!” kimi avtosual-nidalarına
belə bir səda da qat: “Ey bu sənətə kəm baxanlar,
“Oxuma, tar! İstəmir səni proletar! Səndə
çalınmır “Qatar”!” - deyə, sovet ildırımı
çaxanlar, ehtiyatlı olun, sizi belə ustadların
ruhi-ahı tutar!”
Oxu, bu
gün ən müasir salonları, ən gənc məclisləri
də qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə
şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri,
asta-becid keçidləri, “güli-rüxsarinə qarşu”
gedişlərilə bizi “ahəstəcə qandıran”, səni-tarı
susma, oxu!
Çal və
bizlərdən bütün həzz
duyğularımızın, zövqi hisslərimizin, mənəvi,
cismi, ismi hallarımızın o ruha dair daha bir tərif-“tarif”ini
al. Çal, qoy hətta “yeyib-içən oğlanlar” da
görsünlər ki, adam tək elə “gillədibən” yox,
dinləyibən də hallana və hallandıra bilər. Beləliklə;
Sən - səni
barmaqları ilə nəinki təkcə dilləndirən, həm
də gül-gül gülləndirən;
Sənin - əsl
Azərbaycan tarının yaradıcısı Sadıqcandan
bilavasitə dərs alan;
- Sənə
- öygü-sevgilərlə ithaf edilən
saysız-hesabsız şeirlərin əzəl mübtədası
olan;
- Səni -
“...sinəsinə bütöv Şərq balasıtək alan”
(İslam Abdullayev), “Mizrabıyla gürzə tək
çalan” (Seyid Şuşinski);
- Səndə
- “...gah meh kimi qəlb mənzilinə dolan, gah tufan salan”
(Sadıqcan);
- Səndən
- “Ərəbzəngi kimi bac alan” (Xan Şuşinski) Qurban
Pirimovdan danışırsan...
Həmkarlarının
dediyi öygülər haqda bu qədər. İndi də
gözəl və özəl şairimiz Famil Mehdinin - sənin
həmyerlinin beş bəndlik bir qoşmasından iki bəndin
bəndinə düşək ki, qoy dünyasını
“Qarabağ dərdilə bahəm” dəyişmiş “həmişə
yanmaq peşəli” o kişinin də ruhu bir yadımlıq
şad olsun:
Min hava
çalınır könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər
görüşür duyğularımda,
İlin həm
qışıyam, həm yazıyam mən.
Dinlə
“Çahargah”ı, eşit “Qatar”ı -
Könül dünyasının sərvəti, varı.
Ələsgərin
sazı, Qurbanın tarı,
Seyidin,
Cabbarın avazıyam mən...
Elə onun
“Xalq artisti” adı, “Şərəf nişanı”,
“Qırmızı əmək bayrağı” ordenləri,
neçə-neçə filmoqrafiya fakturaları, adı
çəkiləndə köhnə və müasir sənət
adamlarının təzimanə duruş-baxışları da
az xatirələr söyləmir. O xatirə-sözlərə
belə birisini də qoşaq: Qurban Pirimov tardan çox gec - əsrlərlə
gec doğulsa da, adı, şöhrəti bu milli sərvət-alətin
gələcəyi qədər yaşayacaq...
Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 31
oktyabr.- S. 12.