Rəssam və rejissor tandemi
Sənət laboratoriyası
Bəlli həqiqətdir ki, teatr sinkretik
sənət sahəsidir
və təbii olaraq, onun məhsulu
olan tamaşa kollektiv əsərdir. Onun yaranmasında müxtəlif sənət
sahibləri iştirak
etsə də, şübhəsiz ki, aparıcı yer aktyor sənətinə məxsusdur. Tamaşa üzərində aparılan bütün işləri isə rejissor nizamlayır.
O, bədii rəhbər
və tamaşanın
bütün yaradıcı
proseslərinin təşkilatçısıdır.
Teatrda rəssam yaradıcı
şəxs olaraq çox əhəmiyyətli
bir simadır. Rejissuranın ifadəliliyi bir
çox hallarda rəssamın obrazlı təfəkkürünün səviyyəsindən,
gücündən, siqlətindən,
miqyasından və əhatə dairəsinin genişliyindən asılıdır.
Teatr rəssamı səhnədə
aktyor ifası vasitəsilə canlandırılan
dünyanın yaradıcısıdır.
Rejissorla rəssamın qarşılıqlı
münasibətləri fərqli
formada təzahür edir. Rejissorlar müxtəlif düşüncə
tərzinə sahib olurlar.
Onların zövqləri yüksək
mədəniyyətlə, teatra
münasibətlə, temperamentlə
müəyyən olunur.
Hətta
rejissor və onunla işləyən rəssam eyni zövqə və eyni teatr düşüncəsinə
malik olsalar da, onların təsəvvüründə tamaşanın
obrazı eyni cür yarana bilməz. Tamaşanın ideyasını aktyor
obrazları vasitəsilə
ifadə etməyi fikirləşən rejissordan
fərqli olaraq, rəssam ideyanın təsviri-plastik həllini
tapır. Səhnə əsərinin
ərsəyə gəlməsində
rejissorla rəssamın
nə dərəcədə
dil tapması çox mühümdür.
Bəzən rejissor gələcək
tərtibatla bağlı
bir çox fikirləri olduğuna, rəssam isə tərtibatı öz fəaliyyət sahəsi hesab etdiyinə görə onların hər biri öz
mövqeyində israr edir. Amma tamaşanın tərtibatı
ilə bağlı rejissorun təsəvvüründə
yaranan obraz nə qədər inandırıcı olsa da, o, yenə də rəssamın təxəyyülündə formalaşan
obraza güzəştə
getməyə məcbur
olur. Başlanan «mübarizə» bəzən
çox yaxşı nəticələrə gətirib
çıxarır. Ancaq elə
hallar da olur ki, rejissor
rəssamın işinə
müəyyən əngəllər
törədir. Belə mübahisələr
bəzən rəssam
tərəfindən yaradılan
təsviri obrazın iflası ilə nəticələnir. Təbii ki,
bu da tamaşanın
xeyrinə olmur.
İkinci misal: rejissor tamaşanı aktyor üzərində qurur və onunla işləyir. Deməli, bu halda rəssamın yaratdığı
tamaşa obrazı rejissorun fikrini tamamlamalıdır. Bu asandır, çünki rejissor fikri ilə üst-üstə düşmədiyi halda rəssam öz planında nəyi isə dəyişdirə
bilər. Belə olan
təqdirdə, bu mübahisələr tamaşaya
faydalı təsir göstərir.
Nəhayət,
üçüncü halda
rejissor tamaşanın
plastik həllinə xüsusi maraq göstərərək rəssama
tam etibar edir: «Siz mənim üçün meydançalar,
səhnə mizanları
qurun. Mən isə aktyorlarla
işləyəcəyəm». Belə tapşırığın öhdəsindən
gələ biləcək
rəssama bu, çox cəlbedici görünür. Bu zaman hər kəs böyük maraq və həvəslə
öhdəsinə düşən
işi görür.
Belə hallarda bir üslub
çərçivəsində, bütöv düşünülmüş,
inandırıcı plastik
tərtibata malik yaxşı tamaşalar meydana çıxır.
Beləliklə, daha çox
vaxt qazanan rejissorun işi məqsədyönlü və
bitkin olur.
Rəssam, müəyyən mənada, tamaşanın həmrejissoru deməkdir.
Bu fikir böyük sənətkar K.S.Stanislavskiyə
məxsusdur və onun kimi düşünən
rejissorlarla iş rəssama səmərəli
nəticələr verir.
Bir həqiqət şəksizdir: rejissor və rəssamın əməkdaşlığı səmərəli və yaradıcılıq baxımından
zəruridir, ancaq burada əsas şərt tamaşanın
hər iki həmmüəllifinin baxışlarının
tam birliyidir, həmfikirlikdir.
Rejissor və rəssamın normal
işbirliyinin təminatı
onların bir-birinə
bəslədikləri sənətkar
marağıdır. Rəssam, sözün
əsl mənasında,
rejissora tamaşanın
yaradıcısı kimi
maraq göstərdikdə,
rejissor isə məhz konkret bu rəssamın onun düşüncəsinə
uyğun tərtibat yaratmaq imkanına inandıqda həmfikirlərin
işbirliyi başlayır.
Rejissor və rəssam arasında qarşılıqlı
anlaşma və hörmət olmadıqda pyes üzərində səmərəli işdən
danışmaq qeyri-mümkündür.
Onların qarşılıqlı münasibətlərinin digər
bir spesifik tərəfi də mövcuddur. Tamaşanı aydın və dəqiq həll etmək üçün
ilk növbədə onun
üslubunu müəyyənləşdirmək
lazımdır. Tamaşanın üslubu bu və ya digər
dövrün (ampir, klassika, qotika və s.) üslubu yox, məhz konkret tamaşaya xas olan plastik
ritmdir. Rəssamın mövzuya münasibətini
təyin edən bu ritm müəyyən
edilmədən işə
başlamaq olmaz.
Şekspirin «Hamlet» faciəsini bir pyesin tarix
boyu müxtəlif cür yozumlara məruz qalmasına misal göstərə bilərik. «Hamlet» əsrlər boyu müxtəlif üslublarda
yozulmuşdur. Bu pyes
çoxmərtəbəli səhnəsi olan, hər meydançası şərti olaraq «meşə», «dəniz», «saray», «pilləkən» və s. adlandırılan
klassik Şekspir tamaşalarından tutmuş
XIX-XX əsrlərin saysız-hesabsız
variantlarına, İngiltərədə
müasir kostyumlarda oynanılan «Hamlet»ə, Oxlopkov və Rındinin «Dəmir Hamlet»inə qədər uzun tarixi inkişaf
yolu keçmişdir.
Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, Azərbaycan səhnəsində
də bu pyesə bir-birindən köklü surətdə
fərqlənən müxtəlif
plastik yozumlar verilmişdir.
Rəssam tamaşa üzərində
işə necə başlamalıdır? Biz «tamaşanın obrazı» terminini işlətdik.
Tamaşanın obrazı nədir?
Onun ideyasını, məna və məğzini plastik cəhətdən cəlbedici və aydın ifadə edən forma necədir?
Həyatı karikaturasız və
təzyiqsiz, canlı insanlar vasitəsilə, onların mürəkkəbliyi,
üstünlükləri və
qüsurları ilə,
pyesin məzmununa müvafiq göstərmək
lazımdır.
Rəssam əvvəlcə pyesdə göstərilən
dövrü həyat lövhələri ilə
təsvir etməyə
cəhd göstərməlidir
ki, onun arxasında böyük ehtirasların tüğyan
etdiyi həyat həqiqətlərini təsəvvür
etmək mümkün
olsun. O, təsvir
etdiyi zamanı və məkanı bilməlidir. Əgər pyesdə baş
verən hadisələr
keçmişdə cərəyan
edirsə, rəssam həmin dövr haqqında pyesdə yazılanlarla müqayisə
olunmayacaq dərəcədə
geniş bilgiyə malik olmalıdır.
O həmçinin keçmiş
dövrdə yaşayan
insanların həyatının,
məişətinin incəlikləri
ilə dərindən
maraqlanmalıdır. Çünki hər hansı bir xırda detal əhəmiyyətli nüanslar haqda ideyalar verə bilər. Hər bir yeni tamaşanı ərsəyə
gətirərkən istər
quruluşçu rejissor,
istərsə də quruluşçu rəssam
yaradıcılıq prosesində
özünün mövcud
varlığa olan münasibətini hər dəfə yenidən formalaşdırır və
ifadə edir.
Aynur İsrafilova
Mədəniyyət.-
2012.-31 oktyabr.- S. 11.