“Azərbaycanın
zəngin mədəni irsini Belarus cəmiyyətinə
çatdırmağa çalışırıq”
Xaricdə
fəaliyyət göstərən diaspor təşkilatlarımız
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında, ölkəmizin beynəlxalq əlaqələrinin
möhkəmləndirilməsində mühüm
rol oynayır. Belə qurumlardan
biri də əsası hələ 1989-cu
ildə qoyulan Belarus
Azərbaycan İcmaları Konqresidir. 15 ildir bu quruma
rəhbərlik edən Natiq Bağırov
xaricdəki ən fəal diaspor rəhbərlərimizdəndir.
O həm də tanınmış idmançıdır. Dəfələrlə
cüdo və sambo
üzrə Avropa və dünya
çempionu, cüdo
üzrə Belarusda baş
məşqçi olub, bu
ölkənin Əməkdar idman
ustasıdır. Onunla söhbətimizdə
Belarus Azərbaycan İcmaları Konqresinin tarixi, bugünkü fəaliyyəti, həyata keçirdiyi layihələr barədə
söhbət etdik.
- Belarusda Azərbaycan diaspor təşkilatının yaradılmasından 23 il keçir. Ötən illərə nəzər saldıqda, necə düşünürsünüz, hədəflərinizə nail ola bilmisinizmi?
- Belarusda Azərbaycan diasporu bu illərdə mühüm təşkilatlanma yolu keçərək ölkənin ictimai-mədəni həyatında layiqli yer qazanıb. Ötən müddət ərzində Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin təqdimi və təbliğində, eyni zamanda bu ölkədə yaşayan soydaşlarımızın bir araya gəlməsində bir çox işlər görüb. Bu baxımdan hesab edirəm ki, bizim cəmiyyətimiz Azərbaycan diaspor təşkilatları arasında birincilər sırasındadır. Bu illər ərzində həm Azərbaycan, həm də Belarus hökuməti tərəfindən dəstək görmüşük. Öz fəaliyyətimizlə müasir Azərbaycanın imicini, nüfuzunu yüksək səviyyədə saxlamağa çalışırıq. Belarus Mədəniyyət Nazirliyi, Milli Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Belarusda ənənəvi olaraq milli azlıqların festivalı keçirilir. Qeyd edim ki, ölkədə yaşayan soydaşlarımız bu tədbirdə çox fəal iştirak edərək dəfələrlə laureat adına layiq görülüblər. Soydaşlarımız bu ölkədə keçirilən müxtəlif yaradıcılıq tədbirlərində, sərgilərdə də aktivlik nümayiş etdirirlər. Təbii ki, bu işlərdə Belarus Azərbaycan İcmaları Konqresi yaxından iştirak edir. Ölkənin hər bir regionunda bizim qurumun nümayəndəlikləri aktiv fəaliyyət göstərir. Ümumiyyətlə, son vaxtlar Azərbaycanla Belarus arasında münasibətlər daha da intensivləşib və biz də diaspor təşkilatı olaraq bu əməkdaşlığa töhfə verməyə çalışırıq.
- Belarus Azərbaycan İcmaları Konqresinin fəaliyyətində əsas prioritetlər nədən ibarətdir?
- Bu ölkədə on minlərlə soydaşımız yaşayır. Onların arasında bizneslə məşğul olanlar, müəllim, musiqiçi kimi fəaliyyət göstərənlər və hətta dövlət işlərində çalışanlar da var. Bizim var-dövlətimiz soydaşlarımızdır. Qeyd etdiyim kimi, Belarusda Azərbaycan diasporu 1989-cu ildən fəaliyyət göstərir. Doğrudur, ilk illərdə bir qədər dağınıqlıq, passiv fəaliyyət nəzərə çarpsa da, sonradan aktivlik müşahidə olunmağa başlayıb. Sevindirici haldır ki, diasporumuzun fəaliyyəti ildən-ilə güclənir. Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə çatdırmaq fəaliyyətimizin başlıca prioritetidir. Bu gün Azərbaycan dinamik şəkildə inkişaf edir. Biz də çalışırıq ki, ölkəmizin nailiyyətlərini Belarusda yaşayan xalqlara çatdıraq. Belarus Respublikasında yaşayan soydaşlarımızı birləşdirən Azərbaycan İcmaları Konqresi milli diasporumuzun tam formalaşması, təşkilatlanması, Azərbaycanın dövlət maraqlarının qorunması, təbliğ olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Belarusda Azərbaycanın və azərbaycanlıların milli maraqlarına tam cavab verə bilən güclü və mütəşəkkil diasporumuz formalaşıb. Təbii ki, həlli vacib məsələlər də yox deyil. İşlərimiz çox yaxşı getsə də, hesab edirik ki, hələ də boşluqlar var. Çünki biz gördüyümüz işlərlə kifayətlənsək, elə bir yerdə də dayanacağıq. Odur ki, nə qədər çox iş görsək, hesab edirik ki, hələ də qənaətbəxş deyil. Yəni özümüzə daha çox tənqidi yanaşırıq.
- Natiq müəllim, bir çox ölkələrdə fəaliyyət göstərən diaspor qurumlarımızın qarşısında dayanan mühüm problemlərdən biri həmin ölkələrdəki erməni təbliğatı, erməni dairələrinin Azərbaycan əleyhinə kampaniyasıdır. Belarusda bu problem nə dərəcədə aktualdır?
- Belarus elə bir ölkədir ki, burada milli azlıqlar arasında problemlər yoxdur. Dövlət də çalışır ki, bu zəmində münaqişələr ortaya çıxmasın. Təbii ki, biz buradakı soydaşlarımızı daha mütəşəkkil etməyə çalışırıq, bu xüsusda internet imkanlarından, sosial şəbəkələrdən də istifadə edirik. Bu yolla da gördüyümüz işlər, planlarımızla bağlı informasiyanı bir-birimizə daha tez ötürə bilirik. Eyni zamanda, başqa ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları ilə əlaqələrimiz var. Bir-birimizin təcrübəsindən istifadə edir, qarşılıqlı mübadilə, ünsiyyət əsasında yararlanır, faydalanırıq.
- Xaricdə fəaliyyət göstərən bəzi diaspor qurumlarımız dövlətin onlara daha çox dəstək verməsini istəyirlər. Bu işdə böyük təcrübəyə malik insan kimi necə hesab edirsiniz, dövlət-diaspor münasibətləri necə tənzimlənməlidir?
- Diaspor dövlətdən yardım gözləməməlidir. Biz fəxr edirik ki, bu günə qədər dövlətdən yalnız mənəvi dəstək almışıq, bir çox işləri öz gücümüz hesabına həyata keçirmişik. Amma mənəvi dəstək də böyük qüvvədir. Bu baxımdan, Prezident İlham Əliyev və dövlət strukturlarımız tərəfindən hər zaman böyük dəstək görmüşük. Müstəqil ölkəmizin yüksəlişi və möhkəmlənməsi, şübhəsiz ki, hər bir azərbaycanlının ürəyini fərəh hissi ilə doldurur. Qürbətdə yaşayan soydaşlarımız üçün isə bunun böyük əhəmiyyəti var. Əlbəttə, bu bizim üçün böyük gücdür. Azərbaycan İcmaları Konqresi ölkəmizin müvafiq dövlət strukturları ilə sıx əlaqə saxlayır. Belarus hökuməti və Belarus xalqı da Azərbaycan diasporunun qayğı və problemlərinə, onun qaldırdığı bütün məsələlərə daim həssaslıqla yanaşır. Digər tərəfdən, əllərimizi yanımıza salıb, yalnız dövlətdən kömək ummaq absurd olardı. Hər kəs ilk növbədə özündən başlamalıdır. Özünə sual verməlidir ki, mən xalqım, Vətənim üçün nə iş görmüşəm?
- Həyata keçirdiyiniz layihələrə, tədbirlərə Belarusda yaşayan soydaşlarımızın marağı necədir?
- Qeyd etdiyim kimi,
Belarusda on minlərlə
azərbaycanlı yaşayır. Sözsüz
ki, hər kəs diaspor
işində fəal ola bilməz. Bizim aparıcı gücümüz
Azərbaycan İcmaları Konqresinin idarə
heyətidir. Onun üzvləri çox fəaldır. Bu sahədə müəyyən
təcrübəyə malik şəxs kimi deyə bilərəm ki,
hər hansı ölkədə azərbaycanlı
icmasının fəallığı aparıcı təşkilatların
fəaliyyətindən asılıdır. Əks halda diasporun say tərkibi elə də həlledici rol oynamır. Biz də
müəyyən tədbirlər
keçirməklə Belarusda
yaşayan soydaşlarımızı
fəallaşdırır, diaspor
işinə cəlb edirik. Hər il Minskdə və ölkənin böyük şəhərlərində
Novruz bayramı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri,
eləcə də digər əlamətdar bayramlarımız geniş
şəkildə qeyd
olunur. Belarusda fəaliyyət göstərən
diplomatik nümayəndəliklərin,
nüfuzlu elm və sənət adamlarının
da bir qayda
olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz
ki, Azərbaycan həqiqətlərini dünyaya
tanıtmaq baxımından
çox vacibdir.
Milli-mənəvi dəyərlərimizə daimi diqqət fəaliyyətimizin əsas
istiqamətindən biridir.
Diasporumuzun imkanları
ilə yaradılan Azərbaycan milli rəqs və musiqi kursları, ənənəvi olaraq keçirilən “Şərq
rəqs festivalları”
və s. mədəniyyət
layihələri çoxsahəli
fəaliyyətimizdən xəbər
verir. Belarus Pedaqoji
Universitetinin nəzdində
Bazar günü məktəbi açmışıq.
Həmin
universitetdə Azərbaycan
dili və Mədəniyyət Mərkəzi
də fəaliyyət
göstərir. Çalışırıq ki, tədbirlərimizi
orada keçirək.
Bir mühüm məqamı da qeyd edim
ki, bütün tədbirlərimizi, Azərbaycanın
Belarusdakı səfiri
İsfəndiyar Vahabzadə
başda olmaqla, səfirliyin digər əməkdaşları ilə
birlikdə gerçəkləşdirməyə
çalışırıq. Bu günlərdə Belarusda keçirilən Azərbaycan Mədəniyyəti
Günlərində də
səfirliklə birlikdə
iştirakımız bunu
bir daha təsdiqlədi. Azərbaycanımızın zəngin mədəni
irsi bizim də qürur mənbəyimizdir və
biz də bu zənginliyi Belarus cəmiyyətinə
çatdırmağa çalışırıq.
Mehparə Sultanova
Mədəniyyət.-
2012.- 31 oktyabr.- S. 10.