Musiqi
qanadlarında
Dahi sənətkarın
yubileyinə həsr olunmuş daha bir müsabiqə başa çatıb
Xəbər verdiyimiz
kimi, oktyabrın 22-dən 25-dək ölkəmizdə
Bülbül adına orta
ixtisas musiqi məktəbinin
təşkilatçılığı ilə Azərbaycan professional vokal məktəbinin
banisi, məşhur müğənni, musiqi folkloru tədqiqatçısı,
SSRİ Xalq artisti Bülbülün 115 illik
yubileyi münasibətilə milli musiqi alətləri
ifaçılarının və xanəndələrin
müsabiqəsi keçirilib. Gənc
istedadların aşkara
çıxarılması, ifaçılıq sənətinin
inkişafı məqsədilə keçirilmiş
müsabiqənin yekun konserti
oktyabrın 27-də Beynəlxalq Muğam
Mərkəzində gerçəkləşib.
Üç yaş qrupu üzrə (10-13 yaş, 13-16 yaş, 16-20 yaş) keçirilmiş müsabiqə iki mərhələdən ibarət olub. Münsiflər heyətinin sədri, Xalq artisti Teymur Göyçayev müsabiqənin təşkilində əməyi olanlara təşəkkürünü bildirib. Görkəmli vokalçının oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müsabiqənin əhəmiyyətindən danışaraq gələcəkdə bu ənənənin davam edəcəyinə əminliyini söyləyib.
Sonra müsabiqənin qalibləri
elan olunub. Müxtəlif
musiqi məktəblərindən
72 nəfərin (31 xanəndə,
41 nəfər çalğı
alətində) qatıldığı
müsabiqədə Qran-pri
mükafatını III yaş
qrupu üzrə iştirakçı, Azərbaycan
Milli Konservatoriyasının
ikinci kurs tələbəsi Yusif Bayramov (tar) qazanıb. 5 nəfər müsabiqənin
diplomantı, 30 musiqiçi
laureat, 4 iştirakçı
“Ən yaxşı konsertmeyster”, 1 nəfər
“Ən yaxşı müəllim” adlarına layiq görülüb.
Müsabiqənin
laureatlarının yekun
konserti Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin müşayiəti ilə
keçirilib. Orkestrin bədii
rəhbəri və dirijoru Xalq artisti
Teymur Göyçayevdir.
Konsertdə “Heyratı”,
“Simayi-şəms”, “Şur”
muğamları, “Qarabağ
şikəstəsi”, Q.Qarayev,
F.Əmirov, T.Quliyev və V.Adıgözəlovun
əsərləri ifa
olunub.
Mədəniyyət.-
2012.- 31 oktyabr.- S. 4.