Dünya şöhrətli müğənninin
xatirəsi yad edildi
Oktyabrın 27-də Fəxri xiyabanda Azərbaycanın böyük sənətkar oğlu, zəmanəmizin görkəmli müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) xatirəsi yad edildi. Mərasimdə sənətkarın həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər. Mərasimə toplaşanlar dünya şöhrətli musiqiçinin məzarı üzərinə tər gül dəstələri qoyaraq ürək sözlərini söylədilər, xatirələrini danışdılar.
Tanınmış kinorejissor, Xalq artisti Eldar Quliyev Müslüm Maqomayevin əfsanəvi şöhrətindən söhbət açdı, onun işıqlı ömrünün bitmədiyini bildirdi.
Görkəmli müğənninin ömür-gün yoldaşı Tamara Sinyavskaya qeyd etdi ki, dahi müğənninin xatirəsinin belə böyük sevgi ilə anılması ona mənəvi güc verir: “Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaq. Baxmayaraq ki, zaman keçir, ətrafda hər şey dəyişir, lakin mənim bu böyük insanla bağlı hislərim dəyişməzdir. Onu sevənlər, qəlblərində yaşadanlar Müslüm Maqomayevin xatirəsini əbədi yaşadacaqlar”.
Reyhan
Mədəniyyət.-
2012.- 31 oktyabr.- S. 3.