“... Hər kəsə xain olan insan nədir?
İblis!”
Hüseyn Cavidin ölməz əsərinin
tarixi simaları
Azərbaycan bədii-ictimai fikir tarixində əbədi yeri olan sənətkarlarımızdan
biri də böyük filosof-şair
Hüseyn Caviddir.
Cavid bütün yaradıcılığı boyu
bəşəri və
milli səadət, sülh və əmin-amanlıq tərəfdarı
olub. İnsanları bəşəriyyətin tərəqqisinə,
yüksək ideallara səsləyib. ”İblis”
əsəri də ədibin həmin düşüncələrini əks
etdirən romantik faciədir.
“İblis”
dramaturqun dövrün
dramatik tarixini əks etdirmək ehtiyacından yaranmış
bir əsərdir.
I Dünya müharibəsinin
xalqların həyatında
doğurduğu faciələr,
xüsusilə Osmanlı
Türkiyəsinin üzləşdiyi
ölüm-qalım şəraiti
1918-ci ildə ədibi
“İblis” əsərini
yazmağa sövq edib.
Əsərin baş obrazları
Osmanlı sarayının
və türk ordusunun rəhbərləridir.
Tarixdən məlumdur ki,
hələ I Dünya
Müharibəsindən çox-çox
əvvəl Osmanlı
təfəkkürünü yabançı düşüncələr
sarmışdı. Yurdunu sevən
türklər sarayda ərəblər, ermənilər
tərəfindən öldürülür,
günah da başqa bir yurdsevər türkün üstünə atılır.
Belə bir şəraitdə Osmanlı baxışlarındakı
türk düşmənçiliyi
yox olmadan türklüyün qurtuluşu
mümkün deyildi.
Bütün bunlar “İblis”
əsərində əksini
tapır.
Əsərdə Rənanın atası
Osmanlı sarayında
vəzifə sahibi olub. O, hansı səbəbdənsə öldürülür.
Qız atasının qatilini axtarır və onu tapıb intiqam alacağına inanır. Sarayda ən çox
etibar edilən ərəb general İbn Yəmin Rənanı sevir. Qatilin tapılmasında qıza yardım edəcəyinə söz
verir. Əslində isə sarayda
bütün fitnələri
elə bu ərəb törədir.
Ancaq İbn Yəmin hər an etibarını itirən bir obrazdır. Çünki
hadisələr içində
onun kimliyi yavaş-yavaş üzə
çıxır...
Əsərdə uşaqlıqda bir-birindən
ayrı düşən
iki qardaş obrazı da var. Vasif və Arif.
Onlar bir-birlərini tanımırlar.
Vasif bir türk zabitidir.
Hər iki qardaş Rənaya aşiqdir. Vasif Rənanın atasının
qatilini tanıyır.
Arif isə daha sonra İbn
Yəminin söhbətlərinə
təsadüfən qulaq
asarkən qatilin kim olduğunu
öyrənir. Bu zaman sarayın bir çox tanınmış şəxsləri
özünü itirir
və sarsıntı keçirirlər. Osmanlı sarayının
türklərə necə
düşmən olduğunu
açıqca görürlər.
Çünki sarayda Osmanlı
dövlətinin yolunda
canını fəda edən türklərin heç bir etibarı yox ikən, dövlət xəzinəsini dağıdan
ərəblərin etibarı
daha yüksək idi. Bu üzdən
də hamı şübhəli və ümidsizdir. Sarayın ən
hörmətli şəxsi
İbn Yəmin isə türk ordusuna etdiyi xəyanətlərindən çox
məmnundur. Fitnələri
ifşa edildikcə istehza ilə deyir:
Bir böyük ordu, bir yığın insan,
Mənim uğrumda oldu
həp qurban.
Mən kiməm? Bir ərəb...nə zənn etdin?
Bir çocuqdanmı qorxar İbn Yəmin?
İbn Yəmin çox
hiyləgər siyasətçidir.
O, Rənanı ustalıqla
özünə bağlayıb.
Elə edib ki, qızcığaz
atasının qatilini
tapmaqda ancaq onun yardım edə biləcəyinə
inanıb. Türk zabiti
Vasif isə Osmanlıdakı bütün
cinayətlərin kimlər
tərəfindən edildiyini
başa düşür.
Bilir ki, sarayda qorxulu
bir plan hazırlanır.
Anlayır ki, ərəb
və ermənilər
tərəfindən əl-qolu
bağlanan Osmanlı hökumətinin gözündə
türklər sadəcə
savaş alətidir.
Bu gerçəkləri bilən
Vasif çox gərginləşir və
öz əndişələrini
belə dilə gətirir:
Əfsus ki, heçdir sonu, türk ordusu varsın,
İstərsə,
bütün Hindi də,
Əfqanı da sarsın,
İstərsə,
bütün qarşı
çıxan manii yıxsın,
Turanı basıb bağrına, Altaylara çıxsın,
Mümkün deyil, əsla olamaz naili-amal
Etdikcə xəyanət əli
bu milləti pamal.
Sarayda türk xalqına, türk ordusuna qarşı fitnələr
gündən-günə artdıqca,
bu zəfərlərin
nə mənası ola bilər?
Türk-rus ordularının qarşıdurmasında yaralı
bir əsgər əsir düşür.
Bu rus ordusunda
xidmət edən bir Kazan-tatar türkü olur. Ondan kimliyini sorurlar. O, belə deyir:
Əfv edərsin, hayır, nə bir rusum,
Nə lehim mən, nə kirli casusum,
Bir müsəlman, kazanlı bir türküm,
Məncə bir ya həyat
və yaxud ölüm,
Yaralı əsirin türk olduğunu bilən türk ordusunun mənsubları:
Başqa millətdən olmuş olsaydın,
Yenə mümkündü əfvin...
Ah, azğın!
Türk olub, türkə atəş etmək için
Yalnızca bir cəzaya
layiqsin.
O da edam...
Bu zaman
Osmanlıda hərbi xidmət edən bir ərəb zabit gülə-gülə
gəlir və türklərin məğlub
edildiklərini sevinərək
xəbər verir.
Ərəb zabitin bu qədər sevincini görən yaralı tatar əsiri dərindən ah çəkərək
üzülür. Çünki yaralı tatar Anadoluda türk ulusunun yenildiyini qəbul edə bilmir. O, gerçək
bir türkdür, ancaq taleyi onu
rus ordusunda əsgər etmişdir. Yaralı tatarın bir başqa intizarı Anadolunun qurtuluşu yolunda savaşa bilməməsi və öz soydaşları tərəfindən öldürüləcəyidir.
Ərəb zabit gülə-gülə
və sevinc içində İstanbulun
ingilislər tərəfindən
işğal edildiyini bildirir. Tatar əsir bundan çox pərişan olur və deyir:
Ah ərəb,
ruhu, qəlbi ərəb,
Həm də məmnun...
nədir bu halə səbəb?
Bu ərəbi
əsir tatar0 tanıyır.
O, türk ordusuna xəyanət edib ruslara casusluq edən bir ərəbdir.
Əsir tatar, türk ordusunda casusluq edib ruslarla işbirliyi
quran Osmanlı-ərəb
zabitinə atəş
açır və onu öldürür.
Anadolunu rus təbəəsi olan tatar Osmanlıda zabit olan ərəbdən
daha çox sevir…
Böyük Atatürkün daha
sonra dilə gətirəcəyi “Türkün
türkdən başqa
dostu yoxdur” fikrini Hüseyn Cavid əsərdə bu şəkildə qabardıb. Cavid dünyada məhz, belə bir türklüyün
var olmasını istəyib...
Əsərdə Elxan surəti
gec görsənsə
də, parlaq şəkildə verilir.
O da bir türkdür. Osmanlı sarayında önəmli
bir vəzifədə
çalışır. Törədilən qətlləri, cinayətləri
ifşa edib günahkarları yaxalamaq istəyir. Məhz buna görə
onun da səsini
kəsmək istəyirlər.
O, bunu başa düşür. Bu səbəbdən saraydan uzaqlaşır. Gedib meşədə
yaşayır. Tərəfdarları ilə Osmanlını və onun bütün
dəyərlərini devirib
türk ulusunun tarixi qurtuluşunu saxlamaq istəyir. Hüseyn Cavid Elxan obrazının
xarakterində, əxlaqında
vətənpərvərlik, insansevərlik və ədalət duyğuları
canlandırıb. Elxan ormanda
yaşayır və Anadolunun qurtuluşu üçün planlar hazırlayır. Hadisələrin cərəyan etməsindən
məlum olur ki, gələcəkdə
ölkənin qurtuluş
yolları bu ormanlıqdan keçəcək.
Hər kəs burada öz xəyanətini etiraf edəcək, türk ulusunun dəmir iradəsinin göstəricisi olan Elxana hesabat verəcək və cəzasını alacaq.
Əsərdə o, türk
ulusunun qurtuluş öndəri kimi təqdim olunur…
Məlumdur ki, əsərdə
İblis bütün qəhrəmanları aldadır.
Ancaq Elxana üstün gələ bilmir. Çünki o, hədəfi bəlli
olan və istəyindən heç bir şəkildə geri çəkilməyən
xilaskardır. Elxanı 1918-ci ildə Hüseyn Cavid Anadolunun qurtuluşu üçün
kəşf edir.
Tam bir il
sonra Elxan xarakteri Mustafa Kamal timsalında ortaya çıxır...
Hüseyn Cavidin “İblis”
dramında məqsədi
sadəcə gerçəkliyin
zahiri təzadlarını,
ziddiyyətlərin üzdə
təzahürlərini ifadə
etmək olmayıb.
Pyesin qayəsi daha dərindir. Əsərdə
göstərilir ki, dünyada insan əlilə törədilən
sarsıntıların səbəbi
əslində insanın
ikili təbiətindən
irəli gəlir...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 5 sentyabr.- S. 14.