Mətbəx turizmi: imkanlar, perspektivlər

 

    Dolma, əriştə, düşbərə, cız-bız, piti, xingəl, müxtəlif cür plovlar, kabablar... Bunlar milli mətbəx nümunələrimizdən sadəcə bir neçəsidir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də o çoxçeşidliyi ilə fərqlənir. Lakin ölkəmizin zəngin mətbəx mədəniyyətini onun dadlı xörəklərindən, ətirli içkilərindən və gözəl meyvələrindən daha üstün olan bir amil səciyyələndirir - azərbaycanlıların mətbəx fəlsəfəsinin əsasında yüksək qonaqpərvərlik durur. Bütün bunlar isə Azərbaycanda mətbəx turizminin potensialından xəbər verir.

  

   Milli mətbəx turizm sektoru üçün geniş imkanlar təklif edir

  

   Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Bişirilməsi, tünd ədviyyat və tamlı əlavələr qatılmasına görə digər Şərq ölkələrinin mətbəxinə yaxındır. Hazırda Azərbaycanda xörəklərin hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri də geniş surətdə nəzərə alınır. Ölkəmizin gözəl təbiəti, təbii sərvətləri, çayları, gölləri, Xəzər dənizi geniş və əvəzolunmaz milli mətbəxi formalaşdırmağa imkan verib. Buraya yüksək kalorili ət və balıq yeməklərini, vegetarian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan təamlarıda əlavə edə bilərik. Mətbəximiz müxtəlif yerli şərabları, mineral suları, turşuları və şirniyyatları ilə də diqqətəlayiqdir.

   Azərbaycanın mətbəx turizmi potensialının nümayişi məqsədilə hazırlanmış kulinariya marşrutu üzrə ölkəmizə gələn turist qrupları üçün müxtəlif turlar təşkil olunur. İl boyu təqdim olunan bu turlara hava limanında qarşılama, yerləşdirmə, Bakı-Qəbələ-Şəki (360 km) və Bakı-Masallı (245 km) marşrutları üzrə bölgələrdə mili mətbəx nümunələrini təklif edən restoranlarda səhər, naharşam yeməkləri, habelə müxtəlif tarixi abidələrin, görməli yerlərin ziyarəti, ekskursiyalar daxildir. Menyularda milli mətbəx nümunələri, bölgələrin özünəməxsus yeməkləri, eləcə də Cənubi Qafqaza xas olan yeməklər təklif olunur. Qonaqlara həmçinin Xəzərin nemətlərindən hazırlanmış balıq yeməkləri dadmaq imkanı yaradılır.

  

   Qida menyuları kulinariyamızın zənginliyini əks etdirmir

  

   Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov deyir ki, Azərbaycanda hər bir bölgə üzrə yüzilliklər ərzində formalaşmış yeməklər, mətbəx nümunələri mətbəx turizminin geniş imkanlarından xəbər verir: “Biz milli kulinariya nümunələrini brend məhsul kimi təqdim etməyi bacarmalıyıq. Ölkəmizdə, demək olar ki, hər regionun spesifik mətbəxi var. Hər bir bölgə çalışıb öz yeməklərini yüksək səviyyədə təqdim etməyi bacarmalıdır. Yerlərdəki turizm informasiya mərkəzləri də müəyyən mənada bu təbliğat işinə töhfə verə bilər”.

   Ç.İsmayılovun bildirdiyinə görə, milli mətbəximizə aid reklam materialları müxtəlif dillərdə çap edilməli, milli təamlar təklif edən kafe və restoranların ünvanı həmin reklam materiallarında əksini tapmalıdır. Onun sözlərinə görə, hazırda bir çox restoranlarda, istirahət mərkəzlərində qonaqlara az çeşiddə yeməklər təklif olunur: “Halbuki bizim çox zəngin mətbəximiz var. Amma turizm obyektlərində təklif olunan yeməklərin əksəriyyəti müxtəlif növ kabablar olur. Turizm obyektləri Azərbaycanın zəngin mətbəx imkanlarından istifadə edərək təklif olunan yeməklərin çeşidini genişləndirməlidirlər. Biz gərək ölkəmizin müxtəlif növ yeməklərini həm əcnəbi, həm də yerli turistlərə lazımınca təbliğ edək. Menyunun məhdud olması Azərbaycanın mətbəx nümunələrinin məhdud olması demək deyil. Bəzi restoran sahibləri az zəhmətlə böyük gəlir əldə etmək istəyirlər. Məsələn, kabab bişirmək üçün elə də böyük zəhmət tələb olunur. Halbuki müxtəlif istirahət obyektləri, yüksək xidmət səviyyəsi ilə yanaşı, ləzzətli və fərqli yeməkləri ilə tanına, turistləri cəlb edə bilər.

  

   Milli yemək reseptləri standartlaşdırılmalıdır

  

   Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov isə hesab edir ki, Azərbaycanın mətbəx turizminin imkanlarından yaralanmaq üçün milli mətbəx reseptləri standartlaşdırılmalıdır: ”Əgər biz bu turizm növünün yüksək inkişafına nail olmaq istəyiriksə, yeməyin hazırlanmasından tutmuş onun təqdim edilməsinə qədər hər bir məqama diqqət olunmalıdır. Restoranlarda işləyən aşpazların təcrübəsi, təhsili, gigiyena qaydalarına xüsusi əməl olunma, ofisiantların qulluq mədəniyyətinin olması vacib amillərdir”.

   Direktor son illərdə restoranlarımızın təqdim etdiyi menyularda Azərbaycan xörəklərinin sayının artdığını deyir: ”Əvvəlki dövrlərə nisbətən indi hotel və restoranların qida menyularında çeşid zənginliyi artıb. Amma nəzərə alsaq ki, ölkəmizin 3000-dən çox milli mətbəx nümunəsindən ümumən 40-50-si təklif olunur, kifayət qədər dadlı təamların diqqətdən kənarda qaldığını söyləyə bilərik”.

   T. Əmiraslanovun sözlərinə görə, mətbəx turizminin inkişafı, hotelrestoranlarda xidmətin keyfiyyətinin yüksəldilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən davamlı olaraq müxtəlif layihələr həyata keçirilir ki, bu da təqdirəlayiqdir. Müsahib digər dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərməsini zəruri hesab edir: “Əlaqədar təşkilatlar restoran biznesi ilə məşğul olan sahibkarlarla birgə aparmalıdır. Bu gün Dünya Turizm Təşkilatının tədqiqatlarında qeyd olunur ki, ölkəyə gələn turistlər onu daha çox yeməyi ilə tanıyırlar. Belə olan halda biz bu məqama xüsusi diqqət yetirməliyik. Müəyyən yeməklər var ki, biz onları dünyada brendə çevirə bilərik. Bu maliyyə tələb edir. Amma biz əvvəlcə öz mətbəximizin imkanlarını tanımalı və qorumalıyıq”.

  

   Beynəlxalq konfransda mətbəx turizmi ilə bağlı müzakirələr aparılacaq

  

   Bu gün Azərbaycanda ayrı-ayrı turizm təşkilatları əcnəbi qonaqlar üçün kulinariya turlarını təşkil etməyə xüsusi önəm verirlər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Victory Tour» turizm şirkətinin təşkilatçılığı ilə bu günlərdə təşkil olunan «Kulinariya turu» xüsusilə yaddaqalan oldu. Turun yaradılmasında əsas məqsəd xarici turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da Azərbaycanın qədim tarixini və mədəniyyətini nümayiş etdirməkdir.

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən bildiriblər ki, Azərbaycanda turizm sektorunda bir sıra yeniliklər gözlənilir ki, bunlardan biri də mətbəx turizminin inkişafı ilə bağlıdır. Turizmin bu növünün təşviqi üçün müxtəlif imkanlar nəzərdən keçirilir.

   Onu da qeyd edək ki, sentyabrın 6-7-də Bakıda keçiriləcək "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda mətbəx turizmi imkanları da müzakirə olunacaq. İştirakçılar İpək Yolu ölkələrinin, o cümlədən Azərbaycanın kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar. Həmçinin tədbir çərçivəsində milli mətbəximizin təqdimatı və Azərbaycan şərablarının dequstasiyası keçiriləcək.

 

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 5 sentyabr.- S. 8.