“Yaşananı bir də
yaşamaq mümkün deyil”
Ömrünün 56 ilini səhnəyə həsr edən,
sənətinin canlı əfsanəsinə çevrilən,
teatr və kinoda yaratdığı obrazlarla milyonların qəlbinə
yol tapan Xalq artisti Səyavuş Aslanın bu gün -
sentyabrın 5-də 77 yaşı tamam olur.
Onunla 70 illik yubileyi ərəfəsində
çox sevdiyi məkanda - Dənizkənarı Milli Parkda
görüşüb söhbət etmişdik. Beş ildən
sonra, 75 illik yubileyi ərəfəsində yenə eyni məkanda
görüşdük. Daha iki il keçdi. Bu dəfə səhnəmizin
əvəzolunmaz sənətkarı ilə evində
görüşürük.
Məkan da dəyişib, zaman da,
müsahibim də... Gəlişimizə sevinir, nurani
çöhrəsi işıqlanır. Hə, illər öz
işini görsə də, Səyavuş müəllim
yaxşı görünür. Bunu özünə də deyirəm.
Oğlu Çingizi göstərib “Məni yaxşı saxlayan
odur”, - deyir.
Səyavuş
müəllimlə söhbətə başlayıram. Suallara
diqqətlə qulaq assa da, cavablar ləngiyir. Həyat onu əvvəl
sevdiyi insandan, sonra səhnədən, indi də
yaddaşından uzaqlaşdırıb. Ömrünün
sahilində oturub yaşadıqlarını xatırlamağa
çalışır. Soruşuram ki, ən çox kim
üçün darıxırsınız? Cavabı gözlənilməz
olur: “Camaat üçün”. Kövrəlir. Xatirələrini
qanatmaq istəmirəm. İllər öncə
aldığım müsahibələri diktofonun
yaddaşından kağıza köçürürəm.
- Səyavuş
müəllim, son illərdə nələr oldu, nələr
baş verdi?
- Yağış
yağdı, külək qopdu, bir çox hadisələr
oldu, xəstələndim, teatrdan uzaqlaşdım.
- Səhnə
üçün darıxmısınız?
- Yox,
darıxmamışam, çünki səhnəni o qədər
çox istəyirəm ki, elə kənardan baxmağın
özü də bəs eləyir.
- 50 ildən
artıq sənətdə olan Səyavuş Aslan
arzularını gerçəkləşdirə bildimi?
- Haradasa hə,
haradasa yox. Sənət aləmində əsl sənətkar
olmaq üçün kəşməkəşli yollardan
keçməlisən. O yollarda çətinliklər də,
dözülməz vəziyyətlər də olur, xoş,
sevincli günlər də. Əlbəttə, uzun bir yoldur. Kim
bütün çətinliklərə dözürsə, sənətkar
olur. Mən də buna nail olmuşam.
- Nələrin
hesabına?
-
İstedadımın, Allah tərəfindən verilən
verginin hesabına. Yolum həmişə açıq olub,
çox asanlıqla istədiyimə nail olmuşam.
“Gərək səhnənin, sənətin
dəlisi olasan”
- Yarım,
əsrlik səhnə həyatından sonra deyə bilərsinizmi,
səhnə sizin üçün nədir?
- Necə
ki, məscidə səcdə etməyə gedərsən,
teatr da elə bir yerdir. Orada başqalarının taleyini
oynamaq, başqalarının taleyini yaratmaq əsl sənətkarlara
nəsib olub. Mənim üçün səhnə həmişə
ən əziz yer olub, olacaq da. Həmişə! Çünki
mən bu sənətə uşaqlıqdan bağlı
olmuşam, gənc vaxtımdan rəhmətlik Ağadadaş
Qurbanovun - biz ona Mirzəqədeş deyərdik - tələbəsi
olmuşam, ondan sənətin ilk sirlərini öyrənmişəm.
Səhnə həmişə mənim üçün
böyük məbədgah olub. Gərək bu səhnənin,
sənətin dəlisi olasan.
- İlk
addımlarınızı Musiqili Komediya Teatrında
atmısınız. Amma sonra ayrıldınız bu teatrdan...
- Bayaq dedim
ki, sənətə bağlı, vergili, Allahı sevən
adamam. Həmişə də istəmişəm ki, sənətlə
bağlı xalqıma, tamaşaçılarıma yeni bir
söz deyim. Amma Musiqili Komediya Teatrında bu
alınmırdı. Alınmırdı ona görə ki, bu
teatrın tavanı vardı. Bu tavandan yuxarı qalxmaq olmurdu. Həmişə
sənətdə özümü göstərmək istəmişəm.
Rəhmətlik Lütfəli Abdullayev, Nəsibə xanım
Zeynalova söhbət edəndə eşitmişdim ki, Akademik
Dram Teatrı böyük sənət ocağıdır. Bu
teatrda hər bir aktyor püxtələşib, hərtərəfli,
böyük sənətkar ola bilər. Çünki orada
klassiklərimizin əsərlərini oynamaq olur. Azərbaycan
Milli Dram Teatrının tavanı o qədər
hündürdür ki, qalxıb göylərə ucala bilərsən.
Onu nəzərə alaraq mən komediya teatrından getdim və
istədiyimə də nail oldum.
- Azərbaycan
teatrının “qızıl dövr”ünün şahidi kimi
sənətin qızıl qaydalarının pozulmasından narahatsınız?
- Mən
teatrın “qızıl dövr”ünü görmüşəm.
Onda bütün teatrlar böyük sənətkarların
ocağı idi. Çoxları dünyasını dəyişib.
İndiki dövrdə də yaxşı aktyorlar var, amma o
dövrə çatmaz. Çünki o dövrdə birinci sənət
idi. Gənclərdən xahişim budur ki, sənətlərində
möhkəm olsunlar.
- Onun
üçün nə etməlidirlər, bəlkə məktəbləri
zəifdir?
- O zaman
bizim məktəbimiz yalnız sənətkarların oyununa
baxmaq və onlardan nə isə götürmək idi. İndi
dövlətimizin gözəl məktəbləri var.
- Amma nə
Adil İsgəndərov var, nə də Ağadadaş
Qurbanov.
- Baxma, o məktəbi
götürən müəllimlər dərs deyir. Amma əgər
tələbə bu sənətə fəxri ad
üçün gəlirsə, ondan sənətkar olmayacaq.
“O əsəri çox sevirəm”
- Niyə
siz də bir çox sənətkarlarımız kimi Mədəniyyət
və İncəsənət Universitetində dərs demədiniz?
- Nə
gizlədim, universitetin rektoru neçə il əvvəl mənə
belə bir təklif etmişdi. Razı olmadım. Dərs deməyə
nə vaxtım, nə də həvəsim olmadı.
- Hansı
rolunuzu dəfələrlə oynasanız yorulmazsınız?
- Vallah, mən
çox rollar oynamışam, bütün rolları sevirəm,
hamısı ləzzət verir, amma bu ləzzətin
içində tam bir ləzzətlisi var. Elçinin “Mənim
ağıllı dəlim” əsərində
oynadığım idarə rəhbəri rolu. O əsəri
çox sevirəm və o rolu nə qədər oynasam da,
doymaram.
- Aktyor sənətində
kumiriniz kim olub?
- Lütfəli
Abdullayev səhnəyə çıxanda bütün salon
ayağa qalxırdı. O, böyük sənətkar,
çox böyük ürək sahibi idi. Bizim sənət aləmində
elə bir adam yox idi ki, çörəyin qıt, pulun olmayan
vaxtında Lütfəli ona köməklik eləməsin.
İlk addımlarımı Musiqili Komediya Teatrında
atmışam, mənə kömək eləyən Lütfəli
olub. Özünü vururdu xəstəliyə ki, mənim
yerimə Səyavuş oynasın. Sənətə yenicə gəlmiş
gənc bir aktyor o boyda sənətkara dublyorluq edirdi. Elə
bil, o dövrdə aktyorlar quş südü içmişdilər,
ürəkləri böyük idi.
“Özümə deyirəm ki, bir
az dözümlü ol”
- “Hicran”
tamaşası, səhv etmirəmsə, üç
böyük sənətkarın - Nəsibə Zeynalova,
Hacıbaba Bağırov və Səyavuş Aslanın son birgə
işi oldu.
- O
yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən
bizə yaxşı xatirə qalıb, “Hicran” tamaşası
da bizim nəsildən qalan yadigardır.
-
Ömrünüzün hansı anını təkrar
yaşamaq istərdiniz?
- Təkrarçılıqdan
xoşum gəlmir. Yaşananı bir də yaşamaq
mümkün deyil.
- Nə
vaxt özünüzü xoşbəxt saymısınız?
- Sənətə
gələn gündən özümü xoşbəxt
saymışam. Heç vaxt heç nədən narazı
olmamışam. Ona görə də həmişə taleyimdən
razı qalmışam. Bircə ailədə...
Görünür, qismət belə imiş.
- Niyə
ailə səadətiniz sona kimi davam etmədi?
- Çox
çalışdım ki, xoşbəxtliyimizi qoruyub saxlayaq.
Qismət...
- Sevib ailə
qurmuşdunuz?
- Əlbəttə,
o vaxt teatrda bir yerdə işləyirdik. Orada bir-birimizi
sevmişik, anası qızı verməyib, götürüb
qaçmışam. Sevmişik, istəmişik, evlənmişik.
Amma axıracan bu xoşbəxtliyi qoruyub saxlaya bilmədik. Həyatımda
bir qadını sevmişəm, o da həyat yoldaşım
Ofeliya olub. Həyatımın tək və yeganə
qadını o olub (kövrəlir, gözləri dolur).
- Sizi əsasən
komik aktyor kimi qəbul edirlər?
- Məni
komik rollarda görəndə komik, dramatik rollarda görəndə
xarakterik aktyor kimi qəbul edirlər.
-
Hansına daha yaxınsınız?
- Hər
ikisinə.
- Həyatınızı
hansı janra aid edərdiniz?
-
Bütün janrlara.
- Elə
bir rol var ki, bu günə kimi arzulayıb, ancaq
oynamayasınız?
- Ürəyimdə
elə rollar olub ki, istəmişəm, mənə qismət
olmayıb, amma yoldaşıma qismət olub, mən də
baxıb ləzzət almışam.
- Təklikdə
özünüzə ən çox nə deyirsiniz, nəyi
tövsiyə edirsiniz?
-
Özümə deyirəm ki, bir az dözümlü ol. Səbirli
olmaq yaxşı şeydir. Elə vaxt olub səbirsizlik eləmişəm,
ağrısını da çəkmişəm.
- Boş
vaxtınızı necə keçirirsiniz?
- İndi
yaşın o vaxtıdır ki, vaxtımı tənhalıqda
keçirirəm. Oturub ötən günlərimi
xatırlayıram. Harada düz hərəkət eləmişəm,
harada düz hərəkət eləməmişəm.
- Ad
gününüzü qeyd edirsiniz?
- Heç
vaxt ad günümü keçirməmişəm, sənətkar
olduğuma görə yubileylərim dövlət tərəfindən
keçirilib.
- Həyat
şirindir...
- Əlbəttə.
- Yaş
üstə yaş gəldikcə nə fikirləşirsiniz?
- İnsan
yaşa dolduqca uzaq bir səfərə hazırlaşır.
İllər keçdikcə o səfərin yolu
yaxınlaşır.
- İki
ömrünüz olsaydı təkrar bu sənəti seçərdiniz?
- Başqa əlimdən
nə gəlir, nə bacarıram ki? Mən bu sənəti
sevib, vurğunu olub, gəlmişəm. Neçə
ömrüm olsaydı, yenə bu sənətə gələrdim.
Deyirlər ki, insan ölüb gedəndən sonra yenə
dünyaya qayıdır. Əgər nə vaxtsa mənim kimi,
mənim səpgidə bir aktyor görsələr, demək, o
elə mənəm, gəlmişəm...
***
Teatrımızın sonuncu nəhəng mogikanlarından
olan Səyavuş Aslan bizimlə şəkil çəkdirir,
qapıya kimi yola salır, görüşüb
ayrılırıq. Allahdan arzu edirik ki, bir də
teatrımızın əfsanəsi ilə 80 illik yubileyində
görüşək. Çünki böyük sənətkarlar
özləri boyda bir tarixdir. Tarixi yada salmaq isə hər
birimizin borcudur...
Təranə Vahid
Mədəniyyət.- 2012.- 5
sentyabr.- S. 5.