Kamal Həbib oğlu Əzizov

 

   Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Teatr sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Kamal Həbib oğlu Əzizov 2012-ci il avqust ayının 25-də 74 yaşında vəfat etmişdir.

   Kamal Həbib oğlu Əzizov 1938-ci ildə İranın Verqediz şəhərində anadan olmuşdur. 1971-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Mədəni-maarif» fakültəsini bitirmişdir.

   K.Əzizov 1956-cı ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif vəzifələrdə çalışmış, rekvizitçidən direktor vəzifəsinə qədər yüksəlmişdir.

   Bu illər ərzində teatrın yaradıcılıq imkanlarının artırılması, repertuarın zənginləşdirilməsi, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində dolğun fəaliyyət göstərmişdir. Müxtəlif illərdə teatrda hazırlanan ən maraqlı tamaşalarla Rusiyada, Ukraynada, Türkiyədə keçirilən Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir. 1987-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının katibi vəzifəsinə seçilmişdir.

   Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə K.Əzizov 1978-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

   İstedadlı təşkilatçı, gözəl insan Kamal Əzizovun işıqlı xatirəsi onun dostlarının, yaradıcı ziyalıların qəlbində qalacaqdır.

   Allah rəhmət eləsin.

  

 

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

   Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqı

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

 

  Mədəniyyət.- 2012.- 5 sentyabr.- S. 2.