Firəngiz
Əlizadə Venesiyada musiqi
festivalının qonağı olub
Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti,
professor Firəngiz Əlizadə İtaliyanın Venesiya şəhərində
keçirilən “Asiago-2012” 46-cı musiqi festivalında
yüksək qonaq - “composer-in-residence” (festivalda əsərlərinə
üstünlük verilən bəstəkar) statusunda
iştirak edib.
Asiago şəhərinin
meriyasında keçirilən mətbuat konfransında sənətkar
jurnalistlərin çoxsaylı suallarına cavab verib.
Festivalın prezidenti Roberto Brattsale vurğulayıb ki, F.Əlizadə
İtaliyada ilk dəfə 1976-cı ildə
çıxış edib. Bəstəkarın musiqisi
İtaliyada, məşhur Roma ansamblı “Alter Ego”nun
ifasında dəfələrlə səslənib. Sonralar o,
violonçel ifaçısı Elizabet Vilsonun rəhbərlik
etdiyi “Xenia” instrumental kvarteti ilə birlikdə Turin, Milan və
Florensiyada qastrol səfərlərində olub.
Asiago meriyasının nümayəndəsi
Mateas Mayer Firəngiz Əlizadəyə Asiagonun “Fəxri vətəndaşı”
xatirə hədiyyəsini təqdim edib.
Venesiya Bələdiyyə
Teatrının salonunda Azərbaycanın Xalq artisti, UNESCO-nun
“Dünyanın artisti” adına layiq görülmüş F.Əlizadənin
müəllif konserti olub. İtaliya və Almaniya musiqiçiləri
F.Əlizadənin “Eşq havası”, “Habilsayağı”,
“Üç akvarel”, “Crossing II” və başqa əsərlərini
ifa ediblər. Bundan əlavə, festival çərçivəsində
bəstəkarın 8 violonçel üçün
“Metamorfozalar” əsəri ifa olunub. Finalda sənətkarın
orqan üçün yazdığı “Fantaziya” əsəri
ifa edilib.
Firəngiz Əlizadə müasir
musiqinin inkişafında xidmətlərinə görə
festivalın xüsusi mükafatına layiq görülüb.
Mədəniyyət.-
2012.- 5 sentyabr.- S. 2.