Türk-İslam memarlıq məktəbinin
yaradıcısı
Memarlıq tarixinə adı qızıl hərflərlə
yazılan görkəmli sənətkarlardan biri də memar
Sinandır. Türk-İslam memarlığına misilsiz
töhfələr bəxş edən sənətkarın
müəllifi olduğu tikililər nəinki orta əsrlər
intibah dövrünün, eləcə də müasir dünya
arxitekturasının tacı hesab edilib.
Memar Sinan (Sinanəddin Yusif Əbdulmənnan
oğlu) 1489-cu ildə Anadoluda, Kayseri şəhəri
yaxınlığındakı Ağrınəs kəndində
anadan olub. Mənbələrdə onun mənşəcə
yunan olduğu, gənc yaşında könüllü şəkildə
İslam dinini qəbul etdiyi bildirilir. 1512-ci ildə hərbi
xidmətə çağırılır. Yeniçərilər
korpusunda, sultan sarayında xidmət edir. Sonra memar-mühəndis
təhsili alır. Təhsilini başa vurduqdan sonra I Sultan Səlimlə
birgə Rodos adasına hərbi yürüşdə olur. Daha
sonra Avstriya yürüşünə qatılır.
Yürüş ərəfəsində Sinanəddinə
kapitan rütbəsi verilir. Sultanı mühafizə edən
piyada kadet korpusuna komandan təyin edilir. İştirak etdiyi
yürüşlər içərisində Bağdad səfəri
(1535) həyatında mühüm rol oynayır. Sultanın
mühafizə xidmətinin rəisi kimi Bağdadda, sonra isə
Van gölü ətrafında aparılan inşaat işlərində
yaxından iştirak edir.
Hərbi yürüşlər
Sinanəddinin həyatında özünəməxsus iz
buraxır. O, müxtəlif xalqlara xas olan memarlıq məktəbi
üslubları ilə yaxından tanış olur. İmkan
düşdükcə onları mükəmməl öyrənir.
Hərbi yürüşlərin birində gözlənilməz
bir hadisə baş verir. Moldova yürüşü zamanı
ona Prut çayı üzərindən körpü
salınması tapşırılır. Sultan bu işin
mümkün qədər tez başa çatmasını istəyir.
Sinanəddin dərhal işə başlayır və
körpü sultanın müəyyən etdiyi vaxtdan 7 gün
tez, 13 günə hazır olur. Körpü o qədər
davamlı və keyfiyyətli inşa edilir ki, Sultan Süleyman
buna görə Sinanəddinə şəxsən təşəkkür
edir.
Bundan sonra o, orduda Memar Sinan adı
ilə tanınır. 1538-ci ildə Qahirə şəhəri Osmanlı
tərəfindən ələ
keçirilir. Sultan Süleyman onu şəhərin baş memarı təyin edir. Ona şəhərin görünüşünə xələl gətirən
binaları uçurmaq
və yerində yenisini inşa etmək səlahiyyəti verir. Sultanın diqqəti memarlar
arasında Sinanın şöhrətini daha da artırır. O daha sonra Osmanlı
sarayının baş
memarı təyin edilir. Bu vəzifədə
Osmanlıda memarlığın
yeni yüksəliş
dövrünə qədəm
qoymasına xidmət edən əvəzsiz işlər görür.
40 il ərzində
ölkənin hər yerində möhtəşəm
memarlıq inciləri
inşa etdirir. Yeni memarlıq məktəbinin
əsası qoyulur.
O, sarayın baş memarı təyin edilməsinə qədər üç möhtəşəm sənət
abidəsi inşa edir. Onlardan biri Hələb
şəhərindəki Xosroviyyə,
Qəbzədəki Çoban
Mustafa Paşa və İstanbuldakı Hürrəm
Sultan kompleksləridir.
Hələbdəki Xosroviyyə kompleksində
Sinanın özünəməxsus
memarlıq üslubu nəzərə çarpır.
O, burada təkqübbəli
camiyə daha bir qübbə əlavə edərək onu Osmanlı memarlığının İznik
və Bursadakı ənənəvi memarlıq
xüsusiyyətlərinə uyğunlaşdırır. Eyni zamanda
kompleksdə mədrəsə,
hamam, qonaq evi tikdirir. Xosroviyyə bununla da bənzərsiz
və yeni tipli bir memarlıq
nümunəsi olub.
Qəbzədəki Çoban Mustafa Paşa
kompleksində isə rəngli daş qabartmalarından və xüsusi bəzəmələrdən
istifadə edib. Kompleksdə məscid, türbə və digər binalar bir-birinə uyğun şəkildə
inşa edilir. İstanbuldakı Hürrəm Sultan kompleksi də dövrün memarlıq nümunələrini tam şəkildə
özündə əks
etdirməkdədir.
Memarın İstanbulda inşa
etdiyi möhtəşəm
tikililərdən biri
də Süleymaniyə
camisidir. Qanuni Sultan Süleymanın
əmri ilə inşa olunan və adı İslam memarlıq inciləri sıralarına
daxil edilən məscid bu gün də möhtəşəmliyi ilə
hər kəsi heyran edir. Memar İstanbulun su problemini həll edərkən Qırxçeşmə
adı ilə tanınan su anbarının inşasında
bəndlər, tunellər,
su kəməri, su kanalları ilə su yığımı
və paylaşdırılması
arasında tarazlaşdırıcı
bir vəhdət yarada bilib. Avropalı mütəxəssislər sonralar
Sinanın bu təcrübəsindən təkrar-təkrar
istifadə ediblər.
Məlumatlara görə, memar ömrünün sonuna kimi irili-xırdalı 136 məscid, 57 mədrəsə,
7 məktəb və qiraətxana, 22 türbə,
17 imarət, 3 xəstəxana,
7 su kəməri, 8 körpü, 20 karvansara,
35 köşk və saray, 48 hamam inşa etdirib. Ümumilikdə, 350-dən artıq müxtəlif təyinatlı
binanın inşasına
rəhbərlik edib.
Ədirnə şəhəri o dövrdə Osmanlının
Avropaya açılan
qapısı idi.
Bu səbəbdən şəhərdə İslam
dünyasının əzəmətini
əks etdirəcək
bir məscidin inşasına ehtiyac duyulur. Məscidin bünövrəsi hündür təpələrdən
birində qoyulur.
Ömrünün müdrik dövrünü
yaşayan memar gələcək nəsillərə
şah bir əsər yadigar qoymaq istəyir və bu arzusuna
çatır. Məscidin
inşası başa çatandan sonra o, bu barədə belə deyib: “İlk çırağımı
İstanbuldakı Şahzadə
məscidini inşa etməklə yandırdım.
Ancaq məharətimi Süleymaniyə
məscidinin inşasında
göstərdim. Sultan Səlim məscidinin inşasına çox əmək sərf etdim. Ustalığımı, bir memar kimi nəyə qadir olduğumu burada sübut etdim”.
Səlimiyə
məscidinin hündürlüyü
43,25 metrdir. Diametri isə 31,25 metr olan
tək bir qübbə ilə örtülüb. Qübbə 8 sütuna dayanan bir sağanaq üzərində qurulub.
Məscidin 4 tərəfində hər biri üç
şərəfəli (azan oxunan yer) minarələr
ucaldılıb. Minarələrin qübbəyə yaxın
olması, məscidə
bir möhtəşəmlik
verib. O, Ədirnənin
hər yerindən görünür. Məscidin daxili
İznik çinilərlə
bəzədilib. Böyük qübbənin
tam altındakı mərmərlə
süslənən padşah
zalı 12 sütunludur.
Onu da qeyd edək
ki, məsciddəki insanı heyran qoyan çinilərin bir qismi Osmanlı-Rusiya
müharibəsi (1877-1878) zamanı
rus generalı Mixail Skobelev tərəfindan sökülərək
Moskvaya aparılıb.
Sinan daim yaradıcılıq axtarışlarında olub.
Memarlıqda yeni-yeni forma və
üslublar kəşf
edib. Bunu o dövrdə inşa
etdirdiyi əksər türbələrdə tətbiq
edib. Bir-birindən gözəl sənət
inciləri meydana çıxarıb. Bu, onun rəhbərliyi altında İstanbulda inşa edilən Şahzadə Mehmet türbəsində öz
təcəssümünü tapıb. Türbədə o dövr üçün
qeyri-adi görünən
dilimli günbəzdən
istifadə edilir.
Günbəzin səthi isə
qeyri-adi şəkildə
işlənir və bu da onun
səthinə özünəməxsus
bir gözəllik verib.
Sinanın mühəndislik qabiliyyəti inşa etdirdiyi körpülərdə
də parlaq şəkildə üzə
çıxıb. İnşasına rəhbərlik etdiyi Böyükçəkməcə körpüsü öz möhtəşəmliyi ilə
yüz illər boyu insanları heyrətə salıb.
635,5 metr uzunluğu olan körpü Memar Sinanın bu sahədə şah əsəri hesab edilir.
İslam və xristian,
Şərq və Qərb memarlıq üslublarını bacarıqla
uzlaşdıran sənətkar
yeni Türk-İslam memarlıq məktəbini
yaradıb. Memar daim
yaratdığı sənət
əsərlərinin uzunömürlü
olması qayğısını
çəkib. İstifadə edilən bərkidici-yapışdırıcı
inşaat materiallarının
keyfiyyətinə xüsusi
diqqət yetirib.
Beləliklə də, istifadə
ediləcək hər
daşın, hər kərpicin bir-birini zərgər dəqiqliyi ilə bağlamasına
nail olub. Bu da Memar Sinanın inşa etdirdiyi abidələrin bu günə gəlib çatmasına və beş əsrə
yaxın öz möhtəşəmliyini qoruyub
saxlamasında önəmli
rol oynayıb. Buna görə də
müasirləri onu orta əsr memarlığının
şahı adlandırıb.
Memar Sinan 1588-ci ildə,
ömrünün ixtiyar
çağında İstanbulda
vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 7 sentyabr.- S. 15.