Muzey işinin fədakarlıq mücəssəməsi

 

   Aybəniz Vəkilova - 75

  

   Sentyabrın 9-u böyük Azərbaycan şairi Səməd Vurğunun yadigarı Aybəniz Vəkilovanın doğum günüdür. O, Vurğun irsinin yorulmaz təbliğatçısı olmaqla yanaşı, muzey işinin fədakarlıq mücəssəməsi idi.

  

   Aybəniz Səməd qızı Vəkilova 1937-ci ildə Bakıda anadan olub. 1960-cı ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirərək Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb. Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Sonra bu elm ocağında çalışıb.

   1975-ci ildə Səməd Vurğunun ev-muzeyi fəaliyyətə başladıqdan sonra ömrünün axırınadək özünü bu mədəniyyət ocağına həsr edib. Muzeydə uzun illər mühafiz, baş mühafiz işləyib, 2006-2009-cu illərdə muzeyin direktoru olub.

   “Səməd Vurğunla bağlı hər şey onun üçün əziz, müqəddəs idi. O, öz işinə həmişə tələbkar yanaşırdı. Optimist insan idi. Onda böyük enerji, həyat eşqi vardı, yumor hissi güclü idi, heç vaxt bədbinliyə qapılmazdı. Muzeydə bir-birindən maraqlı və orijinal toplantılar keçirərdi”, - deyə qızı Aygün xanım ötənləri xatırlayır.

   Azərbaycan ədəbiyyatını, Səməd Vurğunun ədəbi irsini yorulmadan təbliğ edən, muzey işi sahəsində fədakarlıqla çalışan Aybəniz xanımın xidmətləri yüksək qiymətləndirilib. O, SSRİ-nin və Azərbaycanın mədəniyyət nazirliklərinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf nişanı» ordeninə layiq görülüb. 2002-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2003-cü ildə isə Prezident təqaüdünə layiq görülüb.

   Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada keçirilən konfransların iştirakçısı olub. Səməd Vurğunun həyat və yaradıcılığı ilə bağlı onlarla kitabın tərtibçisi, elmi məsləhətçisi, «Səməd Vurğun» sənədli filminin məsləhətçisi, «Sözləri Səməd Vurğunundur» adlı mahnı diski və bir sıra elmi işlərin müəllifidir. Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülüb. O həm də 1994-cü ildə təsis etdiyi Səməd Vurğun Fondunun prezidenti idi.

   Səməd Vurğunun 1966 və 1976-cı illərdə nəşr edilmiş ikicildliyinin, 1986-cı ildə şairin şeir və poemalarının rus dilində nəşrinin tərtibçisi, 1976-cı ildə B.Vahabzadənin ssenarisi əsasında çəkilmiş "Səməd Vurğun" sənədli filminin redaktoru olub. Yazıçı-publisist Şəmistan Nəzirlinin tərtib etdiyi "Səməd Vurğun məktublarda" kitabının elmi məsləhətçisi və redaktoru, professor Adilxan Bayramovun "Vurğun ocağı" kitabının rəyçisidir. Son nəşr etdirdiyi kitab isə 2004-cü ildə çap edilən “Səməd Vurğunun seçilmiş əsərləri” olub.

   Aybəniz xanım uzun illər Bakı, Tbilisi, Moskva arxivlərində Səməd Vurğunla bağlı kinoxronikaları toplamış, öz təşəbbüsü ilə onları iki saatlıq videofilmə köçürtdürmüşdür. Şairin ədəbi irsinin axtarışı, yığılması, qorunması, xalqa çatdırılması ilə yanaşı, eyni zamanda, mənsub olduğu Vəkilovlar soyunun qədim və maraqlı tarixinə dair xeyli dəyərli sənədlər toplamışdır.

 

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 14.